Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:17

Üstümü daşla örtməyin...


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Cabir Hüseynov


Qorxum

Qəbrimi hazırlayanda
daşla hörməyin,
qoyun eləcə torpaq olsun.
Ayağıma, başıma
o qədər daş dəyib...
daşdan qorxuram.

Üstümü də, daşla örtməyin,
torpağı sinəmə tökün,
qoy torpaq içində qalım.
Məni ağlamayın da,
O qədər ağlamışam...
yaşdan qorxuram.

Torpağı üstümdə qalaqlamayın,
yerlə bərabər olsun.
Mənə başdaşı da qoymayın,
başa düşən daşları
o qədər görmüşəm...
Daşın baş olması daha pis!
O daşa baş deyib,
başın üstündə dikəltmə,
atam balası!
Başlardan çəkdiyim bəsdir,
qoy burdasa başsız qalım
başdan qorxuram!


Mədhiyyə

Boş qazanda qaşıqdı,
Nəyəsə bulaşıqdı.
Söyüdə sarmaşıqdı
- mədhiyyə.

Sağanaqsız papaqdı,
Qulpu düşmüş qapaqdı,
Yüz əl yetən tabaqdı,
- mədhiyyə.

Bal tamsınan damaqdı,
Çuldu, yamaq-yamaqdı,
Güvə yemiş yumaqdı,
- mədhiyyə.

Eləyənin çörəyi,
Olunanın gərəyi,
Rəncbərin yaz mərəyi,
- mədhiyyə.

Zərsiz zərgərin sözü,
Qoca məşşatə üzü.
İz azdıranın izi,
- mədhiyyə.

Marıqda ov həvəsi,
Kirtiyin bəhsəbəhsi,
Bəlli şair nəfəsi.
- mədhiyyə.
XS
SM
MD
LG