Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:57

Çaldıran dərsləri və Şah İsmayılın İran qarşısında xidmətləri


Abbas Cavadi
Abbas Cavadi

-

Polemikada daha bir baxış bucağı:

"İran ordusunun təqribən bütün əsgərləri heç bir hərbi təlim görməyən, hətta belə bir təlimə o qədər də inanmayan köçəri qəbilə insanlarıydı.

Onlar sadəcə, xanları və qəbilə ağsaqqalları kimi Şah İsmayıl və Hz.Əli yolunda oxlarını və qılınclarını götürüb “Ömərçi” osmanlılara qarşı Şah İsmayılın sıralarında döyüşməyə gəlmişdilər..."

Əslən İran Azərbaycanından olan Dr.Abbas Cavadi bu məqaləsi ilə Azadlıq Radiosunun “Oxu zalı”nda Çaldıran döyüşünün 500 illiyi ilə bağlı keçirilən polemikaya qoşulur.

Dr. Abbas Cavadi

ÇALDIRAN DƏRSLƏRİ

Hicri 920-ci (1514) ilin yayında Qərbi Azərbaycan vilayətinin şimalında yerləşən Çaldıran düzənliyində Birinci Şah İsmayılın rəhbərliyində İran ordusu ilə Birinci Sultan Səlimin rəhbərlik etdiyi 100 min nəfərlik Osmanlı ordusu qarşılaşdıqda, ehtimal, bilmirdilər ki, onların bu döyüş və müharibəsi öz tarixi möhürünü İran, Türkiyə, Qafqaz və hətta İraqın bütün gələcəyinə vuracaq və bu bölgə əsrlər boyu bu qarşıdurmanın təsiri altında qalacaqdır.

İranın faciəvi məğlubiyyətinin əsas səbəbləri haqda tarix dərsliklərində kifayət qədər oxumuşuq: Osmanlı ordusundakı əsgərlərin sayı İranınkından iki qatından da çox idi (İran ordusunun bir hissəsi də şərqdə özbəklərin hücumlarına qarşı döyüşürdü).

Digər tərəfdən Osmanlı ordusu təzəcə Avropadan satın aldığı bir neçə top və onlarla tüfəngə malik idi.

Halbuki İran əsgərləri ənənəvi şəkildə ox və qılıncla döyüşürdü.

İranın ağır məğlubiyyəti nəticəsində ölkənin şimal-qərbi, Qərbi Azərbaycan, Kürdüstan və Həmədan İrandan qopardılıb alındı və Osmanlının əlinə keçdi.

Bu bölgənin çoxu illər boyu Osmanlının hakimiyyətində qaldı və ancaq 70 il sonra Birinci Şah Abbas Səfəvi bu məntəqələrin çoxu və Kürdüstanın bir hissəsini Osmanlıdan geri aldı.

Çaldıran müharibəsindən sonra Osmanlı hətta Səfəvi dövlətinin paytaxtı Təbrizi belə aldı, amma ordunun ərzaq təminatındakı çətinliklər və şəhər xalqının müqaviməti nəticəsində Osmanlılar Təbrizi tərk etdi.

Buna baxmayaraq bu müharibənin tarixi əhəmiyyəti, sadəcə, İranın qonşularıyla apardığı yüzlərcə müharibədən daha birində böyük məğlubiyyətə uğraması deyildi. (ardı aşağıda)

Çaldıran məzarlığı, Ərdəbil
Çaldıran məzarlığı, Ərdəbil

Məğlubiyyətin iki əsas səbəbi

​Daha əhəmiyyətli olan amillərə tarix dərsliklərində bir o qədər də diqqət yetirilmir: Şah İsmayıl və onun əsgərləri, komandirləri modern silahlara, müharibə planlaşdırmasına, strategiya və taktikaya bir o qədər də inanmırdı. Onun Qızılbaş adlı döyüşçü qüvvəsi əsasən türkmən qəbilələrindən ibarət idi.

Bu qəbilələrin ən mühümləri bunlar idi: Rumlu, Əfşar, Qacar, Zülqədir, Ustaclu, Şamlu, Təkəlu və Varsaqlar.

Şiə və ələvi olan həmin türkmən döyüşçülərin çoxu İran və Anadoludan Şah İsmayıla qoşulub sünni Sultan Səlimə qarşı savaşmağa hazır idilər. Onlar o tarixdən azı 100 il qabaqdan başlayaraq Şah İsmayılın atası və babası Heydər və Cüneyd tərəfindən dini və siyasi, hətta hərbi təlimdən keçirilmişdi.

Başlarındakı qırmızı “taclı” sarıq (əmmamə) səbəbinə görə onlara “Qızılbaş” adı verilmişdi. Bu Qızılbaşlar üçün Səfəvi padşahı ancaq sərkərdə yox, həm də “kamil mürşid”, “İmam Zamanın naibi” (nümayəndəsi), hətta bundan da çox, fövqəl-insan bir şəxsiyyət və “kafir sünnilərə” qarşı mübarizədə ölməz və məğlubolunmaz bir rəhbər idi. Onlar da belə bir rəhbər yolunda can verməyə hazır idilər. Ya qələbə çalacaq idilər, ki buna iman edirdilər, ya da ölüb Haqq, Əli və Şah (İsmayıl) yolunda cənnətə gedəcəkdilər.

İsmayılın özü də belə təsəvvürlərə inanmışdı və öz hərəkətləri, sözləri və şeirləri ilə belə təsəvvürləri daha da alovlandırırdı. İran əsgərlərinin “Zillullah” Şah İsmayıla imanları o qədər tam və kamil idi ki, Şahın Şamlu qəbiləsindən Durmuş Xan adlı bir sərkərdəsi, rəvayətə görə, Şaha məsləhət verib ki, qoy Sultan Səlim rahatlıqla müharibəyə hazırlaşsın – o, sonunda başa düşəcək ki, əsgər sayının və hərbi təlimin daha az olmasına baxmayaraq, Şah İsmayıl Səlimə qələbə çalacaq, çünki Şah İsmayıl “Qaib (gizli) İmam” və Hz. Əlidən aldığı vəzifə və qüdrətə əsaslanaraq, şübhəsiz, Osmanlıya qarşı qələbə əldə edəcəkdir. Şah İsmayıl da bunu qəbul edib.

Çaldıran döyüşü. Miniatür
Çaldıran döyüşü. Miniatür

İkinci mühüm faktor bu idi ki, İran ordusunun təqribən bütün əsgərləri heç bir hərbi təlim görməyən, hətta belə bir təlimə o qədər də inanmayan köçəri qəbilə insanlarıydı. Onlar sadəcə, xanlar və qəbilə ağsaqqalları kimi Şah İsmayıl və Hz.Əli yolunda oxlarını və qılınclarını götürüb “Ömərçi” osmanlılara qarşı Şah İsmayılın sıralarında döyüşməyə gəlmişdilər.

Onların qarşısında Osmanlı sultanı da imkanları daxilində Anadoludakı türkmən qəbilələrinin gənclərindən istifadə edirdi. Amma orduya rəhbərlik edən və sultana cavabdeh olan bu əsgərlər yox, “Yeniçəri” adlı xüsusi hərbi qüvvə idi. Onlar Osmanlının əksər halda Qafqaz, Balkan və elə Anadolunun özündən orduya cəlb etdiyi “yeni müsəlmanlar” (dönmələr) idi ki, İslamı qəbul etdikdən və xüsusi hərbi təlim keçdikdən sonra birbaşa sultana tabe edilmişdilər – nə qəbilə və el tanırdılar, nə də xan və ağsaqqal. Əlbəttə, onların da dini tam və kamil nəzərə gəlirdi. Onlar da Allah və Peyğəmbər yolunda döyüşdüklərini deyirdilər. Ancaq onlar qeybdən gələcək yardım əli və ya sultanın fövqəl-təbii gücünü bir o qədər də düşünmürdülər.

Deyilənə görə, Şah İsmayıl özü də Çaldıranda yüksək rəşadət göstərib bir qəhrəman kimi döyüşürdü. Ancaq olmadı. Rəvayətə görə, 85 nəfərdən başqa İran ordusunun tamamı həlak edildi – hətta şahın həyat yoldaşı və anası Osmanlıya əsir düşdü. Osmanlı tərəfdə isə ölənlərin sayı 40 min nəfər idi.

Şah İsmayılın məğlubedilməzliyi haqqında əfsanə puça çıxdı. Sağ qalan əsgərləri və müridləri xəyal qırıqlığına uğradılar. Bir tərəfdən Şahın mütləq və şəkgötürməz qüdrəti çatladı, digər tərəfdən isə qəbilə rəislərinin və Qızılbaş sərkərdələrinin gücü artdı, nəzarətdən çıxdı və onlar arasındakı rəqabət və ziddiyyətlər artdı. Şah İsmayılın özü də depressiyaya düçar oldu, inzivaya çəkildi, şəraba sığındı və ondan sonra da heç bir müharibəyə şəxsən rəhbərlik etmədi.

Tarixin zarafatı

İranın ağır məğlubiyyətinə baxmayaraq bu həm də tarixin tam bir zarafatı idi: sərhədin hər iki tərəfində də eyni dili danışan, eyni etnik kökdən olan qəbilə döyüşçüləri müxtəlif bayraqlar altında, bir tərəfdə şiə İran Səfəvi bayrağı və digər tərəfdə sünni Osmanlı bayrağı altında elə iki ölkənin müdafiəsinə qalxmışdılar ki, sonralar “İran” və “Osmanlı” adları ilə əsrlər boyu enişli-yoxuşlu qonşuluq həyatı sürəcəkdilər.

Çaldıran döyüşünün baş verdiyi ərazidə abidə.
Çaldıran döyüşünün baş verdiyi ərazidə abidə.

Əslində onların çoxu o tarixdən az bir müddət öncə Orta Asiyadan bu ərazilərə köçmüşdülər. Bəziləri bu və ya digər məntəqədə yerləşmişdi. Digərləri hələ də köçlərini bitirməmişdi və şərait dəyişdikcə, başqa yerlərə köçürdülər. Elə tayfa və qəbilələrin, qəbilə rəislərinin hansı tərəfə meyl etməsinə uyğun olaraq, həm də şiə-sünnü yolayrıcında hansı tərəfi seçdiklərinə görə köç istiqaməti və hökumətlərə sədaqətləri də dəyişə bilirdi. Bir qəbilənin yarısı bu tərəfdə, o biri yarısı o biri tərəfdə ola bilirdi.

Hələ də milli, məzhəb və etnik sərhədlər dəyişkən idi, hətta ondan əvvəl və ondan illərlə sonra da. Bilad-i Rumun, yəni Anadolunun çoxlu şiə-ələvi türkmən el və qəbiləsi İrana, İrandan da çoxlu sünnü kürd qəbilə və tayfası Anadoluya köçüb yerləşdi. Beləliklə, “yeni İranı” əslində türk dilli türkmən qəbilələri və türk dilli, əslində isə kökünün iranlı, kürd olduğu söylənən ərdəbilli Səfəvi sülaləsi qurdu.

Çaldıran müharibəsylə başlayan tarixin ilk zarafatı bu oldu ki, İran Sasani İmperiyasının süqutundan və ərəb hakimiyyətindən 900 il sonra, türkmən qəbilələrinin Orta Asiyadan İrana və Anadoluya yayılmasından və monqolların bu coğrafiyanı talan edib xarabaya çevirməsindən sonra İran türkdilliləri və ələlxüsus azərbaycanlıları sərhədin o tayında, çoxu eyni dili danışan və eyni qəbilədən olan, indi isə “Osmanlı” adı altında birləşən bir dövlətə qarşı döyüşdülər, öldülər və məğlubiyyətlərinə baxmayaraq İranı qurub 500 il sonraya kimi qorudular.

Səfəvilərin hakimiyyəti təxminən 220 il çəkdi. Ancaq İranı bütün tarixi enişi və yüksəlişləriylə, savabıyla, günahıyla 20-ci əsrə gətirən də, qoruyan da yenə Şah İsmayıl və onun nəvəsi Şah Abbas, Nadir Şah Əfşar və ya Qacar sülaləsindən olan Abbas Mirzə kimi türkdillilər və qismən də azərbaycanlılar olmuşdur. Bu da azərbaycanlıların milli kimlik anlayışına həkk edilmiş və 20-ci əsrin əvvəllərində Səttar xan rəhbərliyindəki İran Məşrutə İnqilabında özünü bir daha göstərmişdi.

XS
SM
MD
LG