Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:50

1957-ci ildə Kremli qəzəbləndirən azərbaycanlı nazir


Sadıq Rəhimov
Sadıq Rəhimov

-

1957-ci ildə Azərbaycan qazının Ermənistan və Gürcüstana nəqli məsələsi müzakirəyə çıxarılanda, MK bürosunda Sadıq Rəhimov buna etirazıını bildirir.

O, rayonlarda qaz çatışmadığı halda, qazı qonşulara verməkdən imtina edir.

Bütün bunlar onun məsul postu itirməsiylə nəticələnir.

50-ci illərdə Moskvanı qəzəbləndirən Sadıq Rəhimovun 100 illik yubileyi qeyd ediləcək.

Sentyabrın 25-də Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubiley mərasimi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Sadıq Rəhimovun yubileyi Azərbaycan Respublikası Prezidentinin 8 iyul tarixli sərəncamına əsasən qeyd olunur.

Mərasim Azərbaycan Dövlət Akademik Dram Teatrında təşkil ediləcək.

Xəbərdə vurğulanır ki, yubiley mərasimində Sadıq Rəhimovun həyat və fəaliyyətindən bəhs edən "Şərəfli ömür" kitabının və eyniadlı sənədli filmin də təqdimatı olacaq.

KİMDİR SADIQ RƏHİMOV?

Sadıq Rəhimov 1914-cü il sentyabrın 27-də Bakının Balaxanı kəndində fəhlə ailəsində doğulub.

Bakı Neft Texnikumunda oxuyub.

Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsini bitirib.

Moskvada Ali Partiya Məktəbində təhsil alıb.

II Dünya Müharibəsində iştirak edib.

Ağır yaralandıqdan sonra Bakıya qayıdıb.

Azərbaycan SSR toxuculuq sənayesi naziri vəzifəsində çalışıb. Daha sonra yüngül sənayenaziri təyin edilib.

QIZIL ÜÇLÜK

1954-cü ildən başlanan “ilıqlaşma” dövründə Azərbaycana gələn yeni rəhbərlikdə – “qızıl üçlük”də Sadıq Rəhimov da (digərləri İmam Mustafayev və Mirzə İbrahimov) təmsil olunub.

S. Rəhimov 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinə sədrlik edib.

Bu üçlüyün ən böyük özəlliyi Azərbaycanın taleyinə güclü təəssübkeşlik idi.

1956-cı il avqustun 20-də Azərbaycan SSR Ali Sovetinin Sessiyası Konstitusiyaya “Dövlət dili haqqında” maddə artırmaq barədə qanun qəbul edb.

Beləcə, Azərbaycan dili dövlət dili statusu qazanıb.

Bütün bunlar – «Dövlət dili haqqında» qanun və onun tətbiqinə dair məsələlər, Azərbaycan KP-nin tarixinin yazılmasında baş vermiş «əyintilər», ölkədə millətçiliyin güclənməsi ilə bağlı başqa millət təmsilçilərin Moskvaya göndərdiyi müraciətlər, 1959-cu ildə rus məktəblərində Azərbaycan dilinin icbari tədrisi haqqında Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun… Moskvanın ciddi narazılığını doğurur.

1958-ci il yanvarın 8-də M. İbrahimov «səhhəti ilə bağlı» Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunur.

Yarım il sonra Nazirlər Sovetinin sədri Sadıq Rəhimov işdən çıxarılır…

1959-cu il iyunun 12-də İmam Mustafayev Azərbaycan KP MK-nın birinci katibliyinə “əlvida “ deyir…

“RAYONLARDA QAZ YOXKƏN, ONU NİYƏ BAŞQALARINA VERMƏLİYİK?”

Mirzə İbrahimovu millətçilikdə, Sadıq Rəhimovu yerliçilikdə suçlayırlar.

1957-ci ildə Azərbaycan qazının Ermənistan və Gürcüstana nəqli məsələsi müzakirəyə çıxarılanda, MK bürosunda Sadıq Rəhimov buna etirazıını bildirir.

O, rayonlarda qaz çatışmadığı halda, qazı qonşulara verməkdən imtina edir.

Sadıq Rəhimov hətta Mingəçevirdən qonşulara elektrik xətti çəkilməsinə, Daşkəsən filizinin Rustaviyə daşınmasına da etirazını bildirir.

Bütün bunlar onun məsul postu itirməsiylə nəticələnir.

Ancaq hər şey çox da pis bitmir. Sadiq Rəhimov Nazirlər Soveti sədrliyindən sonra da müxtəlif vəzifələrdə (Bakı Baş Tikinti İdarəsinin rəisi, yüngül sənaye naziri və s.) çalışıb.

O, 1975-ci il iyunun 11-də 61 yaşında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

XS
SM
MD
LG