Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:05

Əslində heç nə istəmirdik tez böyüməkdən başqa...


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Elçin Aslangil

MƏN ONDA ERMƏNİ OLMUŞDUM

Qarabağ əlili ayaqlarını axtarır,

Bəlkə, rusiyalı həmsədrin çantasındadır?

Əslində heç nə istəmirdik tez böyüməkdən başqa.

Dərsə getmək də,

Siqaret çəkmək də,

Yavaş-yavaş böyümək olurdu.


Yadımdadır,

O çantadan ağ göyərçinlər uçmuşdu 1994–də,

Anam üç kilo qənd alıb paylamışdı məsciddə.

Atam haqlı idi,

Tezliklə "ağ göyərçinlər S.300-ün radarına düşdü,

Məhv edildi.."


Bütün çətinliklərə baxmayaraq,

Köynəyim ütülü olardı çörək talonları kimi.

Mən heç sevməzdim vurma cədvəlini,

Onu bizə öyrədən müəllimi.

“Dərsini bilməyən ermənidir” –

Deyəndə, dəli olmuşdum,

Mən onda erməni olmuşdum.

Tənəffüst vaxtı uşaqlar şəklimi də çəkmişdilər lövhəyə,

Bığlı, saqqallı,

Mənə oxşamayan mən..

Ağlayıb qaçmışdım məktəbdən.

Anamın danışdığı nağılların ayağına böyük idi,

Atamın döyüş çəkmələri.

O çəkmələr

Sehirli kitabdan da çox bilirdi.

Məsələn,

Bilirdi ki, atam evə nə vaxt gələcək.

Nənəm də elə-hey deyərdi -

“Qarbaçov ölsün, bu il də, məhsul bayramı olmadı”

Biz indi də eşidirik,

"Sutka ərzində atəşkəs rejimi 50 dəfə pozulub"

İtki çoxdur,

Mən müharibə meydanına dönən yuxularımda qızımı,

Atamsa əsəbdən ağlını itirir.

Əslində heç nə istəmirdik tez böyüməkdən başqa.

Böyüdükcə anladıq ki,

Tez böyümək,

Tez ölməkdi...

XS
SM
MD
LG