Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:44

İçkili arzular


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Dilqəm


İÇKİLİ ARZULAR


Sən ey əlimdən tutub, mənə şeir yazdıran gözəllik tanrısı!
Sənsiz qurduğum cümlələrin hamısı,
Nöqtəsindən vergülünə laxta-laxta qan qusur
Yarımçıq və bulanıq gördüyüm yeddi yuxudan altısı,
Bəyaz donlar içində yoxluğunun ürək bulandıran kabusudur.
..Diksinirəm özümdən
Gecələr gözümə heç nə dəyməyən otağımda
Əşyalar azadlığını elan edir,
Tər qoxusunu,
Necə gəldi soyunub atdığım corablarımın tərsliyinə qarışdıran
Üstü açıq yalnızlığımın arasında.
Yastığıma hopmuş içkili arzularımı gizlətmək üçün,
O üzünü bu üzünə, bu üzünü o üzünə çevirməkdən
Əlim utanır artıq öz üzümdən,
Düzü, öyrəşmişəm həm də.
..Siqaret kötüklərini yığıram həyətdən, çıxmışkən
Elə bil bu soyuqda, qısaqol köynəkdə, ayaqyalın
Allahı axtarıram ayaq altda,
Nə qəribə..
Ölümü ilk dəfə harda görmüşəm görəsən?
Yadıma gəlmir.
Ya da ilk ölüm harda baş verib?
Allah bilir,
Allah mütləq bilir,
Ya bəlkə onun da yadından çıxıb indi
Qəribədir..
..Dırnağı ilk dəfə dərin kəsilən balaca uşağın
Ağlamağı kimidir mənim ağrılarım,
Köhnə paltarlarımın cibində sakitləşdirici axtarıram gecə vaxtı.
Qorxuram yuxarıda tapmadığım Allah
Bu paltarların tərs üzündə çıxsın qabağıma
Kim bilir, bəlkə elə Allah özü də
Həyatı tərs üzünə soyunub atıb..
İnan, Allah haqqı it kimi qorxuram
Belə danışdığıma baxma
Hər azan vaxtı dırnağımı yeməkdən dərimi qopartmışam.
İnan, vallah yorulmuşam tək qalmaqdan
O qazan qalmayıb dibini yandırmayım,
Çaynikin də qulpu amanatdı,
Bir gün qırılıb düşəcək ayağıma..
Hələ mətbəxdə özümdən çox görünən siçanları demirəm,
Bir də görürsən, günün günorta vaxtı sevgi dilənirlər məndən,
Nə qəribə..
İlahi, yaman çox danışıram səndən,
Əcəlim gəlib deyəsən
Baxan deyər üfüqdən üzü sənə tərəf,
Şaquli istiqamətdə ölümü düşünürəm..
Nə qəribə..
..Heç yerim sözə baxmır bədənimdə,
Hərə öz hayındadı
Bircə başım çox ağrımır daha, ruhum da bir az ağıllanıb,
Başqa bədən arzulamır..
..Mənə bir az özündən danış,
Ey ruhumu parçalayan qadın!
Gözlərin qəhvəyi rəngdə, saçların lap qısadırmı?
Danış boyun uzanıbmı, əlin-ayağın necədir?
Soruşdunmu özündən, niyə atıb getdi məni?
Ey vücudumu dəlik-deşik edən qadın!
Sən gedəndən bütün hüceyrələrim şikəst qalıb
Çıx get yenə,
Çıx get, ölümcül yaralansın bədənim
Son dəfə cərrahiyyə otağında, yuxumda görüm səni..
Qəribədir..
Gör haralara gəldim, ey gözəllik tanrısı!
Götür apar məni,
Götür apar at bir qayadan, özümə gəlim
Sözün düzü, ölmək istəyirəm.

NAĞIL

Qorxma,
Mən səninləyəm
Ruhumun hər zərrəsilə,
Hər hissəmdə o ürküdücü səsinlə
Sənə doğru gəlirəm,
Yoxluğunla əl-ələ.
Hər gün pillə-pillə
Əvvəl əllərimi,
Sonra ayaqlarımı aparıram
Yuxarı..
Yuxarı..
Daha da yuxarı,
Saçlarının zirvəsinə.
Məndən ora
Yer kürəsindən aya qədər olsa da,
Lap axırıncı ulduzdan da o yana
Söz vermişəm,
Barmağınacan cümlə quracam
Bütün gəldiyim yola.
Uzaqlığın arzularıma bərabər,
Təkliyim əynimə binəmdi burda
Gah qeyri-sabit hava şəraiti hökm sürür,
Gah da darıxıram, sıxılıram burda.
Gəlirəm ilk yağan yağışla,
Üstüm-başım sırılsıklam
Çıx tanrının balkonuna,
Məni orda qarşıla..
Heç e..,
Heç qorxma.
Gəlirəm ki, sən ordan
Əllərini uzadasan mənə,
Uzadasan öpməyə..
Sonra ikimiz də qəfldən
Yıxılıb, düşərik yer kürəsinə.
Heç e..,
Heç çəkinmə
Elə bil ki, öz arzundu
Yum gözünü sakitcə,
Davamını sən uydur.

XS
SM
MD
LG