Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:36

Erdoğan Sultan Abdülhamid-i yaddan çıxarıb


R.T.Erdoğan
R.T.Erdoğan

-

İran mötədilləri və Holokost; Rusiya nəyi seçəcək – silahı, yoxsa yağ-çörəyi? – 10 may Qərb mediasının icmalı.

Türkiyədə Baş nazir Ahmet Davutoğlu-nun prezident Recep Tayyip Erdoğan-ın xahişi ilə istefası hakimiyyətin bir əldə cəmləşməsinə xidmət edir. Erdoğan Türkiyə 1950-cı ildə çoxpartiyalı demokratiyaya çevriləndən ölkənin ən güclü siyasətçisi sayılır.

«Foreign Affairs» dərgisi Soner Çağaptay-ın «Türkiyənin kralı: Davutoğlu-dan sonra Erdoğan» başlıqlı məqaləsini dərc edib. Müəllif yazır ki, Davutoğlu Erdoğan-ın üzüyola tərəfdaşı olsa da, heç də onu tam razı salmayıb. Davutoğlu həm Türkiyədə, həm də xaricdə tanındığından, Erdoğan bunu həzm edə bilməyib. Erdoğan martda Vaşinqtonda ABŞ prezidenti Barack Obama-yla görüşəndən bir neçə həftə sonra Davutoğlu-nun eyni məqsədlə ABŞ-a səfər etmək istəməsi Erdoğan-ı lap dilxor edib. Müəllifin fikrincə, gözdən düşmüş Davutoğlu indi Türkiyə siyasətində sakit müşahidəçiyə çevriləcək. Əvvəlki prezident Abdullah Gül də eyni taleni yaşayır. Erdoğan isə AKP sədrliyinə yeni, daha üzüyola bir siyasətçi gətirəcək. «Bu şəxs ölkənin baş naziri olacaq və bir neçə aydan sonra yeni liderin adını çox az adam yada salacaq. İordaniya və Mərakeşdə də belədir, güclü krallar baş nazirləri kölgədə qoyur».

Müəllif ötən əsrin əvvəllərində Türkiyədə Sultan II Abdülhamid-in konstitusiyanın qəbuluna məcbur edilməsini yada salır və qeyd edir ki, Erdoğan, görünür, həmin tarixi vecinə almır, referendum keçirib konstitusiyanı dəyişmək, prezidentliyini gücləndirmək istəyir. Ancaq Türkiyədə heç də hamı bundan məmnun deyil. Dünyəvilər, solçular, sosial demokratlar, liberallar, ələvilər və millətçi kürdlər heç vaxt ona səs verməyəcəklər. Bu qruplar elektoratın 40 faizini təşkil edir. Erdoğan-ın hakimiyyətdən düşməsini gözləyənlər çoxdur. Özünə və ailə üzvlərinə qarşı korrupsiya ittihamlarından sonra səhnədən rahatca çıxa bilməyəcək. Erdoğan bilir ki, özünü və ailəsini təqibdən qorumaq naminə seçkiləri udmalı, hakimiyyətini möhkəmləndirməlidir.

«O, jurnalistləri həbsə atdıracaq, müxalifətin yürüşlərini qadağan edəcək, dissidentləri susduracaq. Bilir ki, referendumda ona səs verməyəcək dairələrə təzyiqlər hakimiyyətini yalnızca möhkəmləndirəcək», - yazan müəllif Türkiyənin Erdoğan hakimiyyəti altında çox təhlükəli bir yola girdiyini yazır.

«Erdoğan, nəhayət ki, bir gün vəzifədən gedəndə, problemlərin öhdəsindən gələsi çox az institut qalmış olacaq. Türkiyədə demokratiya uzun illərin sınağından çıxıb. Ancaq Erdoğan-ın mütləq hakimiyyət uğrunda mübarizəsi göstərdi ki, populist liderlər bu cür sistemləri də korlaya bilər».

M.Javad Zarif və J.Kerry
M.Javad Zarif və J.Kerry

İRANIN MÖTƏDİLLƏRİ VƏ HOLOKOST

«The Washington Post» redaksiya məqaləsində yazır ki, Obama administrasiyasının İranla diplomatik bağlantılar qurmasının kökündə belə bir ideya dayanır: rejim sərt xətt tərəfdarları və daha mötədil qüvvələr arasında bölünüb. Birincilər terrorçuluğu və regional təcavüzü alovlandırır, ikincilər isə Qərblə əməkdaşlığa açıqdır. Yazıda İranın xarici işlər naziri, ingilisdilli, bir sıra Qərb jurnalistlərinin, eləcə də Dövlət katibi John Kerry-nin sevimlisinə çevrilmiş Javad Zarif-in mötədillərin təmsilçisi olduğu vurğulanır. Ancaq qeyd olunur ki, Zarif-lə sərt-xətt tərəfdarları arasında uçurum olsaydı, o, «The Washington Post»un 18 ay İranda həbsdə yatmış əməkdaşı Jason Rezaian-a qarşı casusluq ittihamlarını açıq şəkildə dəstəkləməzdi.

Bundan başqa, bu yaxınlarda Zarif-dən soruşublar ki, İran niyə Holokosta həsr olunmuş karikatura festivalını keçirir. Belə bir festival ilk dəfə 2006-cı ildə, sərt xətt tərəfdarı olan prezident Mahmoud Ahmadinejad-ın hakimiyyəti dövründə baş tutmuşdu. Zarif isə deyib ki, Rouhani administrasiyasının bu sərgiyə dəxili yoxdur, hansısa qeyri-hökumət təşkilatının işidir. O, ABŞ-da «Ku Kluks Klan» təşkilatının fəaliyyətini misal çəkib: «ABŞ-da belə irqçi qurumlara görə Birləşmiş Ştatlarmı məsuliyyət daşıyır?».

Ancaq İranın Mədəniyyət Nazirliyi sərgiyə dəstək verdiyini təsdiqləyib.

«Tehranda rəsmi icazə olmadan belə bir sərgi keçirilərsə, deməli, tezliklə liberal demokratiyaya dair ilk festival da təşkil oluna bilər», - qəzet yazır.

V.Putin
V.Putin

SİLAH, YOXSA YAĞ-ÇÖRƏK?

«The Times» yazır ki, Rusiya prezidenti Vladimir Putin 9 may- Qələbə günü paradında yenə hərbi gücünü göstərməyə çalışdı. Ancaq milli qürur təkcə raket qurğuları və tankların nümayişi ilə bitmir. Yaxşı idarəçilik, iqtisadi uğurlar, narazıların fikirlərinə sayqı da milli iftixar hisslərini gücləndirə bilər.

«Bu keyfiyyətlər sentyabrda parlament seçkilərində sınağa çəkiləcək. Putin önləyici tədbir kimi keçmiş maliyyə naziri Alexei Kudrin-i Kremlin iqtisadi şurasında aparıcı vəzifəyə təyin edib. İslahatçı kimi ad çıxarmış Kudrin-in ölkənin iqtisadi siyasətinə qarşı çıxa biləcəyi şübhə doğurur, amma azından dərin iqtisadi geriləmənin, ağrılı sanksiyaların və neftdən asılılığın yaratdığı problemləri müəyyənləşdirə biləcək. Rusiya büdcəsində neftin barreli 50 dollardan götürülüb, halbuki real qiymət 30 dollara yaxındır. Moskva indiyədək silahı yağ-çörəkdən üstün tutub, inanıb ki, xaricdə hərbi macəralar ölkədaxili ağrılara məlhəm olacaq. Elə Putin-in təbliğatçıları da bilərəkdən müharibə dövrünün çətinliklərinə dözməyi bir dəyər kimi vəsf edirlər».

Yazıda vurğulanır ki, Rusiyada silahlı qüvvələrin modernləşdirilməsinə 20 trilyon rublluq proqram nəzərdə tutub. 2011-ci ildə bu, 700 milyard dollar idi, indi 300 milyard dollara bərabərləşib. Düzdür, Putin-in müharibələri silah bazarını canlandırıb, ötən il silah satışından 15 milyard dollar qazanıb. Suriyaya hava zərbələrindən sonra Yaxın Şərqdə hətta ABŞ-ın müştəriləri Rusiya silahlarını nəzərdən keçirməyə başlayıb.

Ancaq Kudrin də hesab edir ki, orduya nəzərdə tutulmuş məbləğ çox yüksəkdir. İqtisadiyyata yardım lazımdır və silahlı qüvvələr ambisiyalarını azaltmalıdır. «Elə Putin də. Hərbi ekspedisiyalar liderin populyarlığını qısa müddətə qaldırır. Putin əhalinin səbir kasasını daşmağa qoymadığından 16 ildir hakimiyyətdə qala bilib. Ancaq indi kursu dəyişməlidir. Kreml rəhbəri bir təhlükəsizlik dövləti qurub. Rusiya öz yoluyla getmək istəyirsə, bu dövlət dəyişməlidir. Ordu xarici döyüş meydanlarında sınanmamalıdır. Onsuz da, alınmaz qala yoxdur».

XS
SM
MD
LG