Keçid linkləri

Təcili xəbərlər

Hakimiyyətdə qalmağın Suriya modeli


Suriyada qan su yerinə axır. Ağır diktaturanın hökm sürdüyü bu ölkədə baş verən siyasi dəyişiklik (yaxud ona cəhd) bir neçə cəhətinə görə maraq doğurur. Bu diktaturanın özəlliklərinə fikir verməyə dəyər.

ANALOQSUZ SURİYA


Bu ölkənin hakim elitası yerli əhalinin çoxluğundan mənşə baxımından fərqlənir və dini azlığı - ələvi şiəliyini edir. Ölkənin isə 74 faizi sünni ərəblərdir, bu isə dinin böyük rol oynadığı patriarxal Suriya üçün böyük faktordur. Hakim sülalənin təmsil etdiyi ələvilər yerli əhalinin 10 faizindən bir qədər artığını təşkil edir.

2000-ci ildə prezidentlik Hafiz Əsəddən Bəşər Əsədə keçəndə Suriya bir ilkə imza atdı. Hakimiyyətin atadan oğula ötürülməsi hətta ərəb “respublikaları” üçün də fərqli bir şey idi, çünki monarxiyaları istisna etmək şərti ilə heç bir ərəb diktatoru hakimiyyəti öz oğluna ötürə bilməmişdi.

Suriya rejimi öz qəddarlığına görə hətta Liviya rejimindən də qorxunc sayılırdı və bu ölkədəki rejimlə müqayisədə, məsələn, Səddam Hüseynin İraqı daha yumşaq görünürdü. 1962-cü ildən, hətta Hafiz Əsəd hakimiyyətindən əvvəl belə bu ölkədə fövqəladə vəziyyət elan olunub. Camaat üsyan edəndən sonra– 49 il sonra prezident Bəşər Əsəd 2011-ci ilin aprelində fövqəladə vəziyyəti ləğv etdiyini elan etdi.

İŞGƏNCƏ İDEYALARININ BEŞİYİ


Suriya yeni işgəncə ideyalarının beşiyidir. Burada tarixdə görünməmiş işgəncə cihazları icad edilib və narazı kütlənin üstündə tətbiq edilir. Ümumi anlayış vermək üçün çoxsaylı belə işgəncə cihazlarının birini təsvir edək – Əbd əl Əsvəd. Tərcümədə qara qul deməkdir. Oturacağı avtomatik şəkildə iki yerə aralanan dəmir stuldur. Oturacağın altında isə dəmir paz quraşdırlıb, közərənə qədər qızır. Düyməni basanda oturacaq aralanır və közərmiş paz oturacağa əyləşdirilmiş işgəncə qurbanına daxil olub onu həm zorlayır həm də içalatını birdəfəlik yandırır.

Rejimin daha yumşaq işgəncə maşınları da var, məsələn, Əl Qassala. Paltaryuyan maşın deməkdir. Sürətlə fırlanan metal barabandır. İçinə adamın əlini, ya qolunu salıb düyməni basırlar və həmin adamın bədən üzvü qanlı bir ət parçasına çevrilir.

XALQIN GÖZÜNÜN QIRILDIĞI GÜN


Bu cəhənnəm bir günə yaranmayıb. 1946-cı ilin aprelində müstəqilliyini əldə edən Suriyada parlament respublikası elan olunubmuş. Bir- biri ilə yarışan siyasi qüvvələr var imiş. Alınmayıb. Diktaturalar bir-birini əvəz edib və yekunda Hafiz Əsəd 1970-1971-ci illərdə öz diktaturasını bərqərar edib. Diktatorun hakimiyyətinə ən böyük təhlükə dinçi radikallar – İslam Qardaşlarından gəlirmiş. Bu təşkilatın da Suriyanın dördüncü böyük şəhəri olan 600 minlik Hamada güclü dayaqları var imiş.

1982-ci ildə Hafiz Əsəd bu şəhəri Suriya xalqına döyüş vermək üçün meydan seçir. İslamçılarla toqquşmada öldürülən bir neçə əsgəri səbəb gətirən hökumət şəhərə ordu göndərir. Cəza dəstəsinə prezident Əsədin qardaşı Rifət Əsəd başçılıq edirmiş.

Məqsəd təkcə üsyünı yatırmaq deyil, bütün ölkəyə göz dağı vermək idi. Ordu islamçıların kiçik silahlı dəstələrini tez bir zamanda zərərsizləşdirəndən sonra şəhər əhalisini qırmağa başlayır. Adamları evlərdən çıxarəb güllələyirmişlər, evləri tanklarla dağıdıb tırtılların altında hamarlayırmışlar. “Yandırılmış torpaq” taktikası ilə bütün şəhər demək olar ki, düppə-düz edilir. Qırğının statistikası Suriyada indiyədək dövlət sirri kimi qorunur, amma ən müxtəlif hesablamalar 40 minə qədər insanın bir neçə gün ərzində qətlə yetirildiyini göstərir. General Rifət Əsədin özü lovğalanıb açıq deyirmiş ki, “38 min adam öldürmüşük”.

Hökumətdəkilər qırğın statistikasını gizlətsələr də, qırğın xəbərinin özünü gizlətmirlərmiş. Əksinə xalqın tam ram olunması naminə xəbəri reklam edirmişlər ki, hamı görsün, eşitsin və qorxsun.

HAMA MƏNTİQİ


Amerikalı yazar Tomas Fridman “Beyrutdan Yerusəlimədək” kitabında bu qırğını geniş təhlil edib ki, ərəb avtoritarizminin mahiyyətini açıqlasın. Yazıçı Hama qırğınının təsvirini uzaqdan başlayır. Bir ərəbin digərini müsbət mənada sərt adam kimi təsvir etməsinə diqqət yetirən yazar qeyd edir ki, bu təsvirdə belə bir fikir yer alır: “Rəhmətlik elə adam idi ki, yumurtanı qabığı ilə birgə yeyirdi”. Mənası ona gəlirdi ki, bu adamdan heç nə gözləmə, sən heç yumurtanın qabığını da verməyəcək. Hamısını özü yeyəcək. Bax belə.

İkinci məqam isə bir qədim ərəb rəvayətinin ərəblər arasında populyar olması idi. Bu rəvayətə görə günlərin birində bir bədəvi ailəsinin toyuğu oğurlanır. Ailənin ağsaqqalı oğulları başına yığıb deyir ki, gedin toyuq oğrusunu tapın. Oğullar bu problemi xırda hesab edib dalınca düşmürlər. Bir müddət sonra ailənin atı oğurlanır. Oğullar ağsaqqaldan məsləhət istəyəndə ağsaqqal əvvəlki əmrini təkrarlayır – “toyuq oğrusunu tapın”. Qulaqardına vururlar. Ailənin dəvəsini oğurlayırlar və ağsaqqal yenə də dirənir ki, əvvəlcə gərək toyuq oğrusunu tapaq. İşin sonunda evdəkilərin birinin arvadını oğurlayırlar və silahlanmış oğullarına ağsaqqal tərs kimi yenə eyni şeyi deyir: “Gedin mənə toyuq oğrusunu gətirin”. Ağsaqqal demək istəyirmiş ki, cammat görsə ki, toyuğumuzu oğurlamaq olar, onda deməli bizə hər şey edə bilərlər. Uduzmaq istəmirsənsə gərək istənilən təhdidin ən təhlükəsiz görsənişini belə məhv edəsən.

Fridman yazır ki, Hama dirənişi Hafiz Əsəd üçün “toyuq oğurluğu” söhbəti idi. Diktator göstərmək istəyirdi ki, yumurtanı qabığı ilə yeyəcək, ona qarşı olan hərəkatları da beşiyində boğacaq.

ZƏNCİR QIRILANDA

Gərək ki, Səməd Vurğunun misrasıdır: “Bil ki, qullar dünyasının intiqamı yaman olur”. Ərəb inqilabları dalğası Suriya xalqına unikal bir şans verib. Zəncir qırılıb və xalq öz zülmkarı ilə vuruşmaq imkanı qazanıb. Hama qırğınından, az qala, 30 ildən sonra. Diktator hələ də çox təhlükəlidir. Küçələrdə də az adam qırılmır. Amma yumurtanı qabığı ilə yeyən diktatorun qabağından çəkilməyin daha təhlükəli olduğunu görür xalq. Ona görə də küçələrdən yığışmır. Qan su yerinə axsa da...


XS
SM
MD
LG