Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:07

Gülər Əhmədova: «Mən icra strukturu deyiləm, mən millət vəkiliyəm»


Gülər Əhmədova
Gülər Əhmədova
«İşdən sonra» verilişinin «Parlament saatı» rubrikasının qonağı Yeni Azərbaycan Partiyasının üzvü, deputat Gülər Əhmədovadır.

- Özünüzü köhnə, yeni parlamentdə necə hiss edirsiniz?

- İşimi davam etdirirəm. Mənim işimdə prioritetlər var. Birinci şübhəsiz ki, uşaq problemləridir. İkinci də aydın məsələdir ki, hər bir kəsin problemi olan Qarabağ problemidir, diaspora məsələləridir. Bu işləri davam etdirirəm. Çalışıram ki, bu işlərdə müəyyən qədər başarılı olum. Hər halda, müəyyən nəticələr əldə edə bilirik.

- Sizcə, fayda verə bilirsinizmi tam tərkiblə?

- Ümumiyyətlə, hər bir strukturun özünün funksiyaları var. Tutaq ki, biz icra strukturlarının əvəzinə müxtəlif suallara cavab verməli oluruq. Əslində bu, doğru deyil. Uzun illərdir şəxsən mən hər zaman deyirəm ki, parlamentdə oturan millət vəkillərinin işi icra strukturlarının gördükləri və ya görmədikləri işə cavab verməklə bağlı olmamalıdır. Bizim əsas işimiz qanunvericiliklə bağlıdır... Güman edirəm ki, parlamentdə kifayət qədər aktiv deputatlar var. Kifayət qədər iş görə bilirlər. Deməzdim ki, işimiz görünmür. Hər halda, həm beynəlxalq təşkilatlarda görünür, həm seçicilərlə müəyyən işlər görürük. Kiminsə xoşuna gələ bilər, kimisə xoşuna gəlməyə bilər. Onsuz da heç vaxt bir adam hamının xoşuna gələ bilmir. Bunu da normal qarşılamaq lazımdır. Bundan əsəbiləşmək lazım deyil. Yəni, görülən işi tərifləyən də var, tənqid edən də. Tənqidin özü məncə, çox yaxşıdır. Misal üçün, mən hər zaman bir iş görəndə, kimdənsə soruşuramsa, deyirəm de görüm, nəyi çatmırdı o işin. Çünki o, nə çatmırdı deyəndə, gələn dəfə artıq özün görə bilirsən və edə bilirsən. Ona görə hər halda çalışırıq ki, müəyyən işlər görək. Nəticələrimiz var. Müəyyən işlər görmüşük.

- Siz hakim partiyadan olan digər deputatlardan tənqidi çıxışlarınızla fərqlənirsiniz. Siz problemləri tez-tez önə çəkirsiniz.

- Mən deyəndə ki, filan problem var, siz təəccüblənirsiniz? Niyə təəccüblənirsiniz ki? PROBLEM VARSA, ONU DEMƏK LAZIMDIR. Açığı mən bilmirəm niyə təəccüblənirlər. Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev bütün dünyanın eşidəcəyi bir tərzdə daha kəskin, daha reallıqları əks etdirən formada bu şeyləri deyirsə, mənim ondan sonra bunu deməyim məncə təəccüblü olmamalıdır.

- Bəs partiyadaşlarınız təəccüblənmirlər Siz belə çıxışlar edəndə?

- Yox. Vallah mən eşitməmişəm. Bizim «yaxşı xasiyyətlərimizdən» biri də budur ki, üzdə hamı bir-birini sevir və əzizləyir. Üzünü çevirən kimi bəzən görürsən ki, çox yaxın dostlar belə xoşagəlməyən fikirlər deyirlər. Bəlkə də deyirlər. Mən eşitməmişəm. Amma üzdə deməyiblər. Əksinə, bir çox hallarda deyirlər ki, çox sağ ol, düz dedin, yaxşı dedin. Halal olsun. Bunları eşitmişəm.

- Siz necə təccüblənmirsiz ki, həmkarlarınız heç vaxt problemlər haqda danışmırlar?

- Ümumiyyətlə, mən artıq müəyyən yaşa çatmış adamam. El dilində desək, əllini xırdalayan adamam. Mən indi çox şeyə təəccüblənmirəm. Çünki indi hər kəs bu dünyanı, bu həyatı bildiyi kimi yaşayır. Yəni müəyyən yaşdan sonra insanları dəyişmək praktik olaraq qeyri-mümkündür. Tərbiyənin müəyyən yaş dövrü var. Hər kəsin bir həyata baxışı var... Mənim ona görə heç vaxt heç kimi, heç nədə suçlamaq fikrim yoxdur. Mən yalnız o adamları suçlaya bilirəm ki, onların əməllərindən kimə isə ziyan gəlir. Yəni o adamın əməlindən, o adamın gördüyü işdən, o adamın atdığı addımdan ətrafdakılara ziyan gəlirsə, onu suçlayıram. Lazım gələndə təkbətək, lazım gələndə mətbuatda. Baxır yerinə. Adam var özünə deyirsən kifayət edir. Adam da var, özünə deyirsən kifayət etmir, məcbur olursan ya mətbuatda çıxıb deyəsən, ya da hansısa bir addım atasan.

- Özünüzü necə, məsul hiss edirsinizmi problemlərə görə?

- Müəyyən dərəcədə əlbəttə, özümü məsul hiss edirəm. Məsul hiss etdiyim üçün problemlər barədə danışıram. Məsul hiss etməsəm deyərəm mənim nəyimə lazımdır?

- Əslində bu problemlərin məsuliyyət payı Sizin də üzərinizdədir.

- Hamımızın boynunda var. Ən sadə YAP-çıdan tutmuş hamımız problemlər olanda, özümüz deməliyik. Çox gözəl deyim var: SİZ PROBLEMİN OLDUĞU HAQDA DANIŞIRSIZSA, ARTIQ O PROBLEMİ ƏLLİ FAİZ HƏLL ETMİSİNİZ. Düzdür, mən başa düşürəm, bir gecənin içində həll olunmayacaq problemlər var, ona günlər, aylar, illər lazımdır. Belə şeylər olur həyatda. Hesab etməsəydim ki, mənim məsuliyyətim var, mən bu partiyanın üzvüyəm, mən Heydər Əliyev siyasətinin arxasınca gedən insanam, mən bu haqda danışmazdım. Deyərdim mənim nəyimə lazım. Mənim gücüm çatan iş budur. Mən icra strukturu deyiləm, mən millət vəkiliyəm.

- Siz problemin həllində məsuliyyət deyirsiniz, problemin yaranmasında necə, məsuliyyət hiss edirsinizmi?

- İstənilən problemin yaranmasında obyektiv və subyektiv səbəblər olur. Aydın məsələdir ki, obyektiv səbəbləri bir çox hallarda qısa müddət ərzində aradan qaldırmaq mümkün olmur. Və yaxud obyektiv səbəb sizin iradənizdən asılı olmaya bilər. Amma bu səbəb subyektivdirsə, əlbəttə ki, yanlış atılmış bir addımı aradan qaldırmaq olar. Deyirlər qul xətasız olmur. Kimsə durub deyirsə ki, mənim heç bir səhvim yoxdur, mən onu normal qarşılamıram. Çünki insana məxsusdur səhv etmək. İş olan yerdə səhv olur. Amma səhv varsa, sənə deyirlər bunu aradan qaldır.
Yox qaldırmırsansa, daha da o işin bir az çətininə gedirsənsə, məncə, artıq o, səhv yox, günaha çevrilir.

- Sizcə prezident də bunu hiss edirmi?

- Mən cənab prezidentin yerinə cavab verə bilməyəcəyəm. Amma hər halda cənab prezident addımlar atır, çalışır ki, ölkədə özünün dediyi kimi, hər bir vətəndaşın prezidenti olsun. İndi kim onu necə qiymətləndirir, onu deyə bilmərəm. Mən bilirəm ki, cənab prezident reallıqlar səviyyəsində bütün addımları atır və atacaq da.

- Əvvəllər korrupsiya barədə danışanda, deyirdilər ki, Azərbaycanda korrupsiya yoxdur. Sonra birdən-birə hamı etiraf etməyə başladı ki, korrupsiya var. Böyük layihələrdə olan korrupsiyanın arxasında prezidentin durduğunu iddia edənlər var. Bu iddialara necə cavab verərdiniz?

- Mən belə şeylər eşidəndə, çox narahat oluram ki, insanlar belə şey deyirlərsə və buna inanırlarsa, bunun özü artıq yaxşı şey deyil. Çünki kimə isə şər atmaq doğru bir şey deyil. Bunun özü müxalif mövqe baxımından da doğru bir şey deyil. MƏN BİLMİRƏM KİM DEYİB Kİ, AZƏRBAYCANDA KORRUPSİYA YOXDUR. Bu dönəmdən əvvəl korrupsiya ilə mübarizə komissiyası yaradılmışdı. İndi o komissiya genişləndirildi. Kimsə deyibsə ki, korrupsiya yoxdur, onda o adama sual vermək lazım idi ki, yoxdursa niyə görə bu komissiya var idi?

- Dinləyici yazır: Bizim iqtidar və təmsil etdiyiniz hakim partiya nə üçün tənqidə belə dözümsüzdür? Niyə hakimiyyətindən fikrindən fərqli yanaşma düşmən fikri kimi qəbul olunur?


- Kim düşmən kimi cavab verir, bilmirəm. Çox təəssüf ki, ad yazmırlar.

- Niyə? Telekanallar deyir ki, müxalifət düşmən dəyirmanına su tökür.


- O, telekanalın mövqeyidir.

- Siz bölüşürsünüzmü bu fikirləri?

- Mən bölüşmürəm. Bilirsiniz niyə? Çünki bu iki tərəfin ikisində də var. İstənilən bir fikrə o dəqiqə radikal baxış məncə, doğru deyil. Mən nəyi bölüşürəm? Cənab prezident deyib ki, mən hər bir vətəndaşın prezidenti olacağam. Mənim bölüşdüyüm mövqe budur. Biz çox azıq, 40 yerə parçalanmayaq, zatən bunu qonşu dövlətlərdən də istəyən, gecə-gündüz bu arzu ilə yaşayanlar var. Heç olmasa, burda bir-birimizə düşmənçilik etməyək, bir-birimizi təhqir etməyək. Bu, doğru deyil. Problem varsa, onun tənqidində həddən artıq ifrata varmaq lazım deyil. Sözü elə demək forması var ki, onu nə deyən inciyər, nə də eşidən. İkinci tərəfdən, sənə deyirlərsə ki, burda problem var, onu da rahat qəbul etmək lazımdır. Dözümlü münasibət lazımdır. Amma görürsən ki, sənin üzünə ağ yalan deyirlər, bu, başqa məsələ.

- Dinləyici yazır: Niyə bizim televiziya kanallarımız bu vəziyyətdədir? Niyə bir nəfər müxalifət nümayəndəsi canlı efirə çıxmır? Budurmu demokratiya?


- Mən televiziyalarla bağlı çox danışmışam. Mən bütün televiziya kanallarından danışıram. Məsələn, kimi isə maraqlandıran siyasi məqamdır. Məni bundan da daha çox maraqlandıran mənəvi-əxlaqi, etik məsələlərdir. Deyiriksə «Avropa, Avropa», bu Avropanın yaxşı tərəflərini götürək də. Avropada ailə və uşaq məsələlərində daha çox ciddidirlər. Saat 9-a qədər alman televiziyasında nə klip, nə serial, film görə bilərsən. Televiziyalar deyirlər ki, biz kommersiya qurumuyuq, biz pul qazanmasaq, işçilərin maaşını verə bilmərik. Camaatın da baxdığı sizin bəyənmədiyiniz bu verilişlərdir. Mən də onun cavabında bir daha deyirəm, camaat o şeyə baxır ki, biz onu nəyə öyrədirik...

- Bəlkə elə bu siyasətdir?

- Xeyr. Bu siyasət olmuş olsaydı, Prezident Administrasiyasının rəhbəri bunu bu səviyyədə deməzdi və qaldırmazdı.

- Amma Prezident Administrasiyasının rəhbəri «Lider» televiziyasında gündüz vaxtı, xəbərlər buraxılışında yayımlanan o açıq-saçıq səhnələri görmürmü? Siz nə düşünürsünüz bu barədə?

- Mən bəyənmirəm. O İNSANLARIN İNTİM HƏYATLARI ÖZLƏRİNƏ MƏXSUSDUR, DOĞRU DEYİL BUNU GÖSTƏRMƏK. O insanların yazılarındakı tanınmış insanlar haqqında şərəf və namusa toxunan fikirləri də bəyənmirəm. Yəni, hər şeyi deyəndə, onun təkcə nəticəsindən danışmaq doğru deyil. Hər şeyi deyəndə, onun səbəbini də demək lazımdır.

- Dinləyici yazır: Təsisçisi olduğunuz «Mərkəz» qəzeti aksiyada saxlanılan uşağın anasının bar qadını olduğunu yazıb.

- Mənim də ciddi iradım oldu. Orada qadın bir söz deyirdi ki, mənim dərman almağa pulum yoxdur. Mən də izləyirdim bütün o videoları. Dedim ki, axtarın o qadını tapın, bunun problemləri ilə bağlı araşdırma aparın... Araşdırın görün, o, işləyir, işləmir, əri var, yoxdur, niyə uşağına dərman ala bilmir. Sivil formada bir qadına bənzəyir, şəhərdə yaşayan adama oxşayır... Bunlar araşdırma aparıblar. Mən açığı bilirəm ki, nələr yazırlar mənim haqqımda. Öz günahları öz baballarında qalsın. Bir şey deyə bilmərəm bu yazan adamlar barədə. O da onların tərbiyəsidir. O cür yazırlar ki, Gülər Əhmədova bunu sifariş verib. Hər kəs bilir ki, mən belə sifarişlər heç vaxt verməmişəm. Düzdür, bu, mənim rəhbərlik etdiyim qəzetdə çıxıb, amma mən iradımı da bildirdim. Başa saldım ki, sensasiya xatirinə bir çox şeyləri yazmaq olmaz. Mənə dedilər ki, niyə bəs «Yeni Müsavat»da belə şeylər var idi. Dedim «Yeni Müsavat» özünə cavab verir. «Azadlıq» özünə cavab verir, «Bizim Yol» özünə cavab verir. Bizdə olmamalı idi. Biz etməməli idik. Çox təəssüf ki, bu, bizim mətbuatın adət-ənənəsinə çevrilib. Ancaq mən bunun əleyhinəyəm. Hər zaman da əleyhinə olmuşam. Heç vaxt «Mərkəz»də belə bir şey olmayıb. Deyir ki, nümunə götürmüşəm. Nəyindən nümunə götürmüsən müxalifət mətbuatının? Müxalifət mətbuatında bu, heç zaman sevilən bir şey olmayıb. Bu, doğru bir şey deyil. Amma mən o qadınla görüşmək istəyirəm. Nəyə görə? Onun problemini bilmək istəyirəm. Sonda onu da deyim ki, mən tam əleyhinəyəm uşaqların mitinqə gətirilməsinin...

XS
SM
MD
LG