Xədicə İsmayılova ilə İşdən sonra proqramı. Millət vəkili Pənah Hüseynli Azadlıq Radiosunun qonağıdır
Xədicə İsmayılova:
- Efirdə İşdən sonra proqramıdır. Qonağım millət vəkili Pənah Hüseyndir. Hər vaxtınız xeyir, Pənah bəy.
Pənah Hüseynli:
- Salam.
Xədicə İsmayılova:
- Pənah bəy, Sizi iki münasibətlə dəvət etmişik, bir parlament saatı - bizim ənənədir. Parlament üzvlərini dəvət edib, olanlardan-keçənlərdən və parlamentin cəmiyyətdəki rolundan danışırıq. İkincisi isə, xüsusilə diqqət doğuran, bu gün müzakirəsi getmiş qanunla bağlı danışacağıq. Dinləyicilər də (bu məsələ ilə) maraqlanırlar, çox praktik suallar verirlər.
Video və foto çəkilişi ilə bağlı - kimdən icazə almaq lazımdır, haradan icazə almaq lazımdır, yazılı icazə alaqmı, şifahi icazə alaqmı, şəkildə, fonda olan insanlardan da icazə alaqmı, yoxsa yalnız fokusda olan insanlardan icazə alaq? Artıq insanlar praktik suallar verməyə başlayıblar. Yəni bu qanun layihəsinin görünən tərəfi budur ki, bu qanun layihəsi çoxlu suallar doğurur. Həm xeyli mürəkkəbləşdirir insanların həyatını, həm də çoxlu suallar doğurur. Siz, xahiş edirəm, bizə deyin, görək bu qanun layihəsinin əsas məqsədi nədir, doğurdanmı bu sadəcə özəl həyata müdaxilənin qarşısını almaq üçündür, yoxsa məqsəd insanların həyatını mürəkkəbləşdirməkdir?
Pənah Hüseynli:
- Bu gün günün ikinci yarısında haqqında danışılan qanun layihəsinə, yəni beş qanun layihəsinə əlavələr edildi: KİV haqqında qanuna, İnformasiya azadlığı haqqında qanuna, Kəşfiyyat haqqında qanuna və Əməliyyat axtarış fəaliyyəti haqqında qanunlara. Eyni mətnlə, demək olar ki bir, iki söz fərqi ilə bu düzəlişlər edilib. Biz düzəlişlərin nədən ibarət olduğunu əvvəlcə səsləndirək. Cəmi yeddi nəfər əleyhinə səs verdi, bu gün digərlərinin səsi ilə bu məsələ qəbul edildi. Məsələ bununla qurtarmır. Bu qanun prezident tərəfindən imzalanmalıdır. Biz iclasda bəyan etdik ki həmin qanun rəsmi mətbuatda dərc ediləndən sonra insanların hüquq və azadlıqlarını kobud şəkildə pozduğuna görə, həm konstitusiyada təsdiq olunmuş hüquq və azadlıqları həm Avropa insan haqları konvensiyasının 10- cu maddəsi - ifadə azadlığını pozduğuna görə məhkəməyə verəcəyik. Hesab edirəm KİV nümayəndələri də onların hüquq və azadlıqlarını pozan, peşə fəaliyyətlərinə maneçilik törədən dırnaqarası qanuni maddə ilə məhkəməyə müraciət edəcəklər. Hesab edirəm həmin məhkəmə proseslərində bunu daha geniş şəkildə açıb, müzakirə etmək olacaq. Mən indi düzəlişin üzərinə gəlirəm. Mən təkrar edirəm, daha çox maraq doğurduğuna görə KİV haqında qanunun 60 – cı maddəsinə edilən düzəlişdən sonra bu maddə nə şəkildədir, dinləyicilərin nəzərinə çatdırım. Bu qanunun adı belədir – Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui- istifadəyə görə məsuliyyət. Çünki bu günki çıxışlarda da bəzən səsləndirilirdi ki bu guya şəxsiyyətin hüquqları ilə bağlıdır, şəxsiyyətin toxunulmazlığı ilə bağlıdır, guya digər kontekstlərdə kəşfiyyat və əks kəşfiyyat maddəsindən misallar gətirilirdi, guya ilk nəzərdə əslində göründüyü kimi deyil. Bu 60 – cı maddəyə bu günki düzəlişdən sonra belə bir düzəliş əlavə edilib. Əməliyyat axtarış halları keçirən hallar istisna olmaqla, təkrar edirəm yalnız bir halda əməliyyat axtarış tədbirləri keçirən hallar istisna olmaqla həmin əməliyyat axtarış tədbirlərini də yalnız əməliyyat axtarış orqanları və kəşfiyyat, əks kəşfiyyat orqanları həyata keçirə bilər. Bütün digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video, fotoçəkilişinə və səsyazısına və ya digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericiliklə müəyyən olunmuş məsuliyyətə səbəb olur. Yəni birmənalı şəkildə hansısa bir şərhə, tövsifə ehtiyac olmadan, əgər əməliyyat-axtarış tədbirləri keçirən hallar istisna olmaqla bu qanun qəbul edildikdə 60 – cı maddə tam, yəni bütün kontekstiylə bunu qadağan edir, məsuliyyət müəyyən edir.
Xədicə İsmayılova:
- Məsuliyyət nədir?
Pənah Hüseynli:
- Mən bir – iki məsələyə aydınlıq gətirim sonra bütün suallara cavab verəcəm. Əlbəttə ki, bu qanunun arxasınca biz inzibati xətalar məcəlləsinə və cinayət məcəlləsinə ediləcək düzəlişləri gözləyirik.Yəni qanun qəbul edildikdən sonra yalnız bu qanundan irəli gələrək, onun tətbiqi üçün müvafiq tədbirlər sanksiyalar şəklində ya inzibati xətalar məcəlləsində ya mülki məcəllədə ya da da cinayət məcəlləsində, hər üçündə öz əksini tapacaq. Bilirsiniz ki bu düzəliş də havadan ortaya düşmədi. Keçən il referendum keçirilərkən bu düzəlişlərin biri orada 32 -ci maddə var, şəxs onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video, fotoçəkilişinə və səsyazısına və ya digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Yeru gəlmişkən, bu referendumdan keçmiş müddəadır. Bütün belə demək mümkünsə hüquqi hiylə də bu müddəanın üzərində durur. Artıq konstitusiyada belə bir müddəa var, bu sadəcə olaraq, bu müddəanın yuxarıda qeyd etdiyimiz qanunlara köçürülməsidir. Bunu bir neçə nəfər təkrar, müdafiə etdi bu gün. Ola bilər onların içində bəziləri həqiqətən ya avamlıqdan, ya savadsızlıqdan ya diqqət yetirməməklikdən belə düşünmüş olsunlar. Amma mən güman etmirəm ki, hüquqşunaslar qanunu yaradıb, ortaya qoyanlar belə bir məqam qoysunsan ortaya. Çünki burada bir incə məqam var. Qanunla müəyyən olunmuş hallar istisna olamaqla. Nə qədər ki bu düzəliş yox idi, istisna halları çox idi. Bu gün düzəlişlərin bura daxil edilməsi ilə total istisna yaranır. Bir daha təkrar edirəm məqam bundan ibarətdir. Ona görə də guya bu texniki düzəlişdir, bu konstitusiyada artıq təsbit olunub, referendumdan keçib deyənlər birmənalı şəkildə doğru danışmırlar, yalan danışırlar, ya da vəziyyəti bilə-bilə təhrif edirlər. Mən baxdım ki bu gün bəzilərini inandırıblar ki bu sırf texniki düzəlişdir. Mən təkrar edirəm, qadağandır, yəni məhdudiyyət bu gün qoyulur.
Xədicə İsmayılova:
- Və daha bir fərq var orada. Ələsgər Məmmədli – hüquqşunas o gün bizim qonağımız idi, efirdə söylədi ki konstitusiyada, adamların səs verdiyi qanunda şəxsi həyat sözü var, təklif olunan düzəlişlərdə isə şəxsi həyat sözü yoxdur.
Pənah Hüseynli:
- Mən o məsələyə də aydınlıq gətirərəm. Burada müxtəlif tövsiflər verirlər ki bu maddə - 32 - ci maddə şəxsi toxunulmazlıq hüququdur. Amma mən sizi əmin edirəm ki, burada – KİV haqqındakı qanunda şəxsi toxunulmazlıqdan söhbət getmir. Burada yazılır ki, kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui – istifadəyə görə məsuliyyət, adı belədir. Tamamilə o məsələyə aid deyil. Burada bu həqiqətən şəxsi toxunulmazlıq hüququna aiddir, adı da belədir, ailə həyatı və şəxsi həyatın sirrini saxlamaq, şəxsi və ailəni müdaxilədən qorumaq kimi məsələlər aydınlıq gətirir ki söhbət nədən gedir. Yəni 32 – ci maddədə söhbət bundan gedir. Bir daha aydınlıq gətirirəm ki, biz bu gün hətta bəzi çıxışlarda təkid etdik ki burada yazılsın ki ailə həyatı və şəxsi həyatın sirrini saxlamaq, şəxsi və ailəni müdaxilədən qorumaq kimi hallarda icazə verilmir bu çəkilişə. Çox ciddi bir şəkildə təkidlə bu maneənin üzərində dayandıq. Bunun mahiyyəti belədir. Yəni bəziləri orada yəni hətta iqtidarı təmsil edən şəxslərdə də təəccüb yarandı ki, burada məsələ nədir? Konstitusiyada olduğu kimi yazılsın.
Xədicə İsmayılova:
- Amma səslərin nisbətinə baxanda yenə də səs veriblər.
Pənah Hüseynli:
- Bu başqa məsələdir, yəni gəlib orada hətta qanun layihəsində söyüş elan edilsə Milli Məclisdə hamı səs verir.
Xədicə İsmayılova:
- Bu qanun layihəsinin müəllifi kimdir?
Pənah Hüseynli:
- Bu qanun prezidentin imzası ilə gəlib. Birbaşa da prezident adminstrasiyasında hazırlanıb. Sonra da komitələrdə baxılıb, doğrudur keyfiyyətsiz baxılıb. Bu gün ona da diqqət yetirdim. Bir daha təkrar edirəm qəti əminəm ki bu qanunu ləğv etmək mümkün olacaq.
Xədicə İsmayılova:
- Niyə belə əminsiniz?
Pənah Hüseynli:
- Ən azı bu Avropa konvensiyasının 10- cu maddəsinə ifadə azadlığına aid olan qanundur. Hətta bizim məhkəmələr iddianı ləğv etsələr də çox priotet qaydada, çox sürətlə buna Avropa Məhkəməsində baxmaq olar. Çünki presedentlər var. Avropa məhkəməsinin qərarları var. Yüzdəyüz ləğv olunası məsələdir. Və burada ikinci bir məsələ də var. Mənə çox maraqlıdır ki, Milli Məclisdə mikrafon hüququ var, sədarət istənilən vaxt mikrafonu söndürür, istənilən adam söz verir, istənilən adamın söz haqqını alır. Amma mənimçün çox maraqlıdır ki, kim gəlib məhkəmədə bu qanunu müdafiə edəcək və necə müdafiə edəcək. Mümkün deyil qanunu müdafiə etmək.
Xədicə İsmayılova:
- Keçək dinləyicilərin suallarına. Praktik suallardır. Bu qanun layihəsi bəlkə onlara cavab vermək iqtidarındadır.
Pənah Hüseynli:
- Yox, burada ümumi bir abstrakt şəkildə göstərilir. Şəxsin özünün razılığı olmadan, və ya o etiraz etdikdə. Əlbətdə ki orada şəxs bir neçə nəfər ola bilər. Bu gün bütün müzakirələr boyu, məsələn o iclasa sədrlik edən Ziyafət müəllim, o konstitusiya hüququ üzrə mütəxəssis sayılır, digərləri, Əlihüseynov bu dövlət quruculuğu komitəsinin sədri, digərləri tam iddia edirdilər ki bu yalnız şəxsi həyata aiddir. Lakin nə Ziyafət müəllimin nə digərlərinin qanuna tövsif vermək hüququ yoxdur. Söhbət birmənalı şəkildə ondan gedir ki, şəxsdən və ya iştirak edən bir neşə şəxsdən icazə alınsın, çünki əks halda hətta onlardan biri narazı qaldıqda müraciət edə bilər ki, onun şəxsi həyatına müdaxilə olunub, daha doğrusu şəxsi həyatdan söhbət getmir, bu qanunun mətnindən, məzmunundan, hərfindən çıxış etsək istənilən halda müraciət edə bilər şəxs. Bu nə üçün meydana gəlsin birdənbirə. Bilmirəm, məncə dünyanın heç bir qanunvericiliyində, konstitusiyasında belə bir hal yoxdur. Orada əlbətdə sosial paktlar var, onlarda da şəxsi həyatın, ailə həyatın hətta dövlət təhlükəsizliyinin müdafiəsində məhdudiyyətlər qoyulur. Amma birmənalı şəkildə yazılsın ki, əməliyyat axtarış tədbirləri istisna olmaqla bütün hallarda bu doğrusu, bizdə çox sevirlər bu ifadəni analoqu olmayan haldır.
Xədicə İsmayılova:
- Bu qanuna riayət etməsələr nə olacaq?
Pənah Hüseynli:
- Səslənən fikirlər o oldu ki, onsuz da buna xüsusi olaraq əməl edilməyəcək. Bu bir üstüörtülü və ya elə açıq şəkildə qanundur. Deməli bu bir təzyiq vasitəsidir. Həqiqətən də bunun tətbiqi ilə bağlı dərhal külli miqdarda məhkəmə işləri müşahidə etməyək. Amma istənilən vaxt, məsələn seçkilərdə, orada jurnalist iştirak edir, kamerası var, fotoapparatı var, əlində diktafonu var, müşahidə aparır seçki məntəqəsində. Orada istənilən şəxsin belə çıxır ki istər səs verən şəxs olsun, vətəndaş olsun, istərsə də məntəqə komissiyasının üzvü olsun və yaxud məntəqə komissiyasına aidiyyatı olmayan adi bir şəxs olsun məsələn məktəb direktoru və ya polis. O desin ki mənim xəbərim olmadan səsimi yazdın, mənim şəklimi çəkdin, və yaxud kamerayla bura daxil oldun deyərək müşahidəçini oradan qovmaq, uzaqlaşdırmaq hətta polisə aparamaq imkanı əldə edə bilir. Və yaxud nə vaxt siyasi bir sifariş olursa, iri oliqarx məmurun xahişi, təsiri olursa istənilən vaxt bu qanun işə düşür. Bu bir qılıncdır ki istənilən vaxt vətəndaşın və ya jurnalistin üzərinə enməyə hazırdır. Bu yalnız jurnalistə aid deyil. İnformasiya almaq hüququ bütün vətəndaşlara aiddir. Bu bütün vətəndaşların əleyhinə yönəlib. Cəza məsələsi hal – hazırda inzibati xətalar məcəlləsində sonra mülki məcəllədə belə oxşar müddəalar var amma bu qanun qüvvəyə minəndən sonra müxtəlif sanksiyalar gəlir. Çünki nə qədər ki bu qanun yoxdur həmin sanksiyalarım müəyyənləşməsi də mümkün deyil.
Xədicə İsmayılova:
- Rais Muslim adlı bir nəfər yazır ki, “ Salam Pənah müəllim, sizcə bizdə Milli Məclisdə oturanların çoxu boş – bekar olmasınlar deyə müxtəlif qərarlar verirlər. Bir dəfə də görmədim Qarabağ haqqında qərar qəbul etsinlər”
Pənah Hüseynli:
- Tamamilə doğrudur, son iclaslarda bilirsiniz ki qabaqdan Xocalı faciəsinin ilönümü gəlir. Neçə ildir ki biz Müsavat deputat qrupu Xocalı soyqırımı haqqında qanun qəbul edilməsini istəyir. Bu gün də müzakirələr zamanı düzdür bizə vaxt qalmadı, söz verilmədi ilkin müzakirələr zamanı. Milli Məclisin iclasa sədrlik edən şəxs məsələyə toxundu ki guya mətbuatda belə hallar gedir, Xocalı soyqırımı haqqında qanunun qəbul eidlməməsi ortalığa gətirilir, halbuki soyqırım əvvəlcədən tanınır. Xocalı soyqırımı sadəcə yaxınlaşdığına görə bunu qeyd etdim. Eyni zamanda neçə ildir ki nəinki müxalifət deputatları, hətta “ iqtidarətrafı müxalifət” deputatları, iqtidar deputatları tələb edir ki bu beş ildə heç olmasa bir dəfə bu Qarabağ məsələdi müzakirə edilsin.
Xədicə İsmayılova:
- Bizdə Ziyafət Əsgərovun səsi var, gəlin əvvəlcə onu dinləyək.
Pənah Hüseynli:
- Bizə imkan yaradılmadı bu replikaya, çıxışa cavab verək. əvvəla burada informasiya baxımından çatışmamazlıq var. Ümumiyyətlə Xocalı hadisəsinə Azərbaycan əhalisinə qarşı soyqırım kimi qiymət1992 – ci ilin martında Ali Sovetin qərarı ilə verilib. Onda heç bizim hakimiyyət də yox idi. Sonrakı 1993 – cü ildə bu təkrar edilmişdi. Yəni Ali Sovetin xüsusi bir qərarı olmuşdu yenə, Xocalı hadisəsi soyqırım kimi qeyd olunub. Ona görə guya bu 1994 – cü ildə tanınıb, guya qərar qəbul edilib bu doğru deyil. İkincisi bir məqamı da qeyd edim 1992 – ci ildə nəinki Azərbaycan Ali Soveti heç də Azərbaycana xoş münasibətdə olmayan müharibədə bir qayda olaraq Ermənistanın tərəfini saxlayan Moskvada Memorial təşkilatının da xüsusi hesabatı var, o hesabatda da Xocalıda soyqırımın baş verdiyi qeydə alınıb. Bir daha təkrar edirəm, hətta Azərbaycandan kənarda da. Bu işin bir tərəfi, ikincisi isə bizim dəfələrlə buna aydınlıq gətirmək istədiyimizməsələ budur ki, bilirsiniz ki, qanunvericilik iyerarxiyasında ən yuxarıda qanun durur. Sonra qərarlar, qətnamələr, uyğun normativ – hüquqi aktlar və s. durur. Biz də Xocalı soyqırımının Azərbaycan xalqının tarixində, Qarabağ müharibəsi tarixində çox böyük bir hadisə olduğunu nəzərə alaraq ona ən böyük statuslu qanunvericilik aktı, qanun qəbul edilməsini irəli sürmüşük. Bu hələ səhv etmirəmsə 2006 – cı ildə bizim tərəfimizdən irəli sürüldü. Ilkin olaraq çıxışlarımız Milli Məclisin stenoqramında da öz əksini tapıb. İqtidar tərəfi öncə belə bir fikir səsləndirdi ki guya bu barədə qanun qəbul edilməsi mümkün deyil. Guya qanun praktikasında belə hadisə yoxdur. Qanunvericilik texnikası belə bir qanun yaradılmasına imkan vermir. O haıda bizim Müsavat deputat qrupu məsələni müzakirə etdik və mən Xocalı soyqırımı haqqında qanun hazırladım Mili Məclisə təqdim etdim, Milli Məclis icra katibliyi, aparatında onu qeydə aldırdım. Nə komissiya nə komitələrdə o qanun layihəsi müzakirə olunmayıb. Mənim təqdimatımdan sonra bu qanun lahiyəsini Zahid Oruc da bir neçə dəfə səsləndirib. Bir qanun layihəsi təqdim edib. Niyə qanun layihəsini qəbul etmək istəmirlər bunun bir məntiqi cavabı yoxdur. Məsələn deyək ki, Ukraynada aclıq haqqında qanun qəbul olunub. Bütün dünyada bir sıra kütləvi qırğınla bağlı qanunlar qəbul edilir, və yalnız bundan sonra beynəlxalq ictimaiyyət tərəfindən, ayrı-ayrı təşkilatlar tərəfindən, dövlətlər tərəfindən hadisənin ciddiliyinə daha aktual, daha kütləvi şəkildə marağı cəlb etmək olur. Bir daha təkrar edirəm, rüsvayçı bir haldı, biabırçı bir haldır ki, Azərbaycan parlamentində Xocalı soyqırımı haqqında qanun qəbul olunmur. Arxada belə bir izahat gedir ki bu guya müəyyən maliyyə xərcləri ilə bağlıdır. Çünki Xocalı soyqırımında qırğına məruz qalmış şəxslərin ailələri, yaxınları indi bilirsiniz bəziləri əlil olub, onlara müəyyən imtiyazlar verilməlidir, bu soyqırımın cinayətkarları, konkret olaraq onların bəziləri Ermənistanda vəzifə daşıyırlar, yüksək postlardadır. Onlar haqqında məsuliyyət tədbirləri müəyyən edilməlidir. Bu kimi məsələlər orada öz əksini tapıb. Qanunu qəbul etmək istəmirlər. Çünki qanun qəbul edildikdən sonra həm də bu hadisə ilə bağlı digər qanunlara da əlavə və düzəlişlərin edilməsi, məsələn cinayət məcəlləsinə salınması gündəmə gələcək. Əvvəllər biz güman etdik ola bilər bu məsələ müxalifət tərəfindən qaldırıldığına görə iqtidar bunu həyata keçirmərk istəmir. Amma sonra Zahid Orucun da qanun layihəsi gedər gəlməzə getdikdən sonra, bizim soyqırım qurbanları kimi, mən belə başa düşdüm ki, bunun məntiqə sığası, Azərbaycan dövləti adından hansısa bir dəllillər gətirəsi hadisəsi yoxdur. Mən bunu birmənalı şəkildə rəzalət hesab edirəm.
Xədicə İsmayılova:
- Hər halda qayıdaq o müzakirəyə. Bəxtiyar Sadıxlının və Elmira Axundovanın dediklərini dinləyək, Milli Məclisdə. Bu bəxtiyar Sadıxov idi, Azərbaycan qəzetinin baş redaktoru. Baş redaktorların yeri gəlmişkən, bu məsələdə mövqeyi olduqca maraqlıdır. Çünki bu onların işçilərinə bilavasitə aiddir. Keçən gün “ Səs” qəzetinin baş redaktoru da bizim müzakirədə var idi. O da deyirdi ki, bu çox yaxşıdır. Bundan sonra millət vəkillərinin şəkilləri restoranlarda çəkilib, ailələrində problemlər yaratmayacaq.
Pənah Hüseynli:
- Əvvəla bu nədən xəbər verir, niyə gündəmə gəlir.Düzdür bu referendumda şəxsiyyət, ailə məsələləriylə əlaqədar qoyulmuşdu. Son dövrlərdə bilirsiniz internet vasitəsilə ictimai nəzarət olduqca artıb. Müəyyən şəkillər çəkilir, indi hal – hazırda telefonlar var, diktafon var, foto kamera var. İndi hal – hazırda 3 G də operativ şəkildə bir çox məsələləri dərhal facebookda və s. internet saytlarda yerləşdirmək mümkün olacaq. Açığı mən qeyd edim ki İqtidar nümayəndələri, ayrı -ayrı məmurla çox narahatdır, ki, bir azdan faktiki olaraq bu dayandırılmasa interenete girib bir çox məsələləri, faktları öyrənmək mümükün olacaq. O baxımdan da bu belə tələm tələsik ilk növbədə də bu iqtidara da bu əlavə bir başağrısı gətirən bir məsələdir, bunu niyə indi gətiribdir. Xüsusilə onların deməsi ki bu konstitusiyada da öz əksini tapıb. Mən sizə deyim, bu 3G, son dövrlərdə internetin inkişafı ilə yanaşı bir – iki məhkəmə aktı da oldu bilirsiniz. İki dənə faktı sizə xatırladım onlardan biri Xaçmaz tərəfdə sürücü ilə bağlı məşhur hadisədir. Kənardan kimsə dayanıb çəkir ki, nəqliyyat nazirliyinin işçiləri sürücünü qovur, sonra da onu döyür ayaq altına salırlar. Çəkiliş üzə çıxandan sonra məsələnin üstünə getmək müəyyən dərəcədə mümkün oldu. İkincisi mən xatırlayıram blədiyyə seçkiləri vaxtı Muranlı kəndi idi səhv etmirəmsə bu Sabirabadda, məntəqənin komissiyasının işi telefonla qeydə alınmışdı. O da təqdim olunmuşdu MSK – na. Yeri gəlmişkən, diski mənə də vermişdilər. Muranlı bir də səhv etmirəmsə Şəhriyar. Bu da ona səbəb oldu ki o kəndlərdən birininkini ləğv etdilər. Bu halları görərək bu il də seçki ilidir. Seçkiyə ölkədə hazırlıq gedir. Dünyada da bilirsiniz informasiya inkişafı gedir. Bu qanunların belə tələm tələsik hazırlanması bununla bağlıdır. Bir də bizim hakimiyyətin bir məntiqi var. Bu da tək bu sahə deyil ki, məsələn Mülkiyyət sahəsində də var, tapdanır, bir çoxbaşqa sahələrdə də biz bunu müşahidə edirik özünün məntiqi sonluğuna gedir. Mütləq, dayandırılmasa bu proses bu özünün avtoritar şəklini almalıdır, kamil məzmununu kəsb etməlidir. Orada artıq jurnalistin şəkil çəkməsini və yaxud, özünü ifadə etməsinə, və ya başqa şəxs olsun tək jurnalist olmasın fəaliyyətinə yer görünmür, meydan görünmür.Bunlar ümumiyyətlə mən bilmirəm ki yəni bu əxlaq məsələsi də, məişət məsələləri də bunlar da müəyyən bir məsuliyyət tələb edir. Niyə maraqlıdır, müxalifət qüvvələri belə bir narahatlıqla çıxış etmir.
Xədicə İsmayılova:
- Ümumiyyətlə maraqlıdır, gizlətmək istədikləri nədir?
Pənah Hüseynli:
- Burada bir məsələ var, şəxsi həyat qorunmalıdır. Mən deputatam, mənim üçün mənim həyatım gizlidir, buna müdaxilə etməyin demə hüququm da yoxdur. Çünki mən ictimai fəaliyyətlə məşğulam, mənim haqqımda məlumat ictimai əhəmiyyət kəsb edir. Deyək ki, mən prinsipcə hər birimizin ailəsi ilə bağlı sirrləri ola bilər, intim sirrlər ola bilər, həmişə mənfi mənada olmur ki, buna müəyyən mənada haqq qazandırmaq bəlkə də mümkün olsun. Hərçənd ki ictimailəşmiş, böyük vəzifə tutan şəxslər onu da həyatlarının tərkib hissəsi etməlidirlər ki onlar haqqında hər bir məlumat ictimai maraq kəsb edir. Bu baxımdan ona görə bu onlar üçün mümkün deyil. Ona görə səslərindən də hiss olunur ki dediklərinə heç özləri də inanmır.
Xədicə İsmayılova:
- Xəttə dinləyici var, Qurban bəy eşidirik.
Dinləyici:
- Pənah bəy siz bilirsiniz ki mülki məcəllədə qiymət əhəmiyyətli torpaqlar alınırsa onun bazar qiyməti ilə hesablanıb verilməli idi. Belə bir qanun var idi. Düzdür bundan sui - istifadə edənlər də olurdu. Bizim Neftçilər prospekti 95 -97 belə bir yerdə bir binadan bizi çıxardılar yerinə bizə 2500 dollardan pul verdilər. halbuki Yasamalda və başqa yerlərdə də o pulu verirlər. amma bizim yerlə oralar bir deyil. İkinci də məhz ona görə də qanunlara əlavələr etdilər - ədalətli qiymət və 2500 – ü də onlar özləri üçün ədalətli hesab etdilər. Yəni bu hökumət, bu partiya bir partiyalı parlament özlərinə nə sərf edirsə onu da çıxarırlar. Bizim o bina tarixi bina idi sökülməməli idi. Konstitusiya və Milli Məclisə verilən pullar havayıdır. Bir şey ki bu xalqın mənafeyini müdafiə etmirsə xalqın pulunu o qədər xərcləməyin nə mənası. O bina tarixi bina idi. Onun yanından dövlət əhəmiyyətli yol çəkilsəydi, kommunikasiya xətləri çəkilsəydi hərbi zavod tikilsəydi bu başqa məsələ. Harada yaxşı yer varsa hökumət onu sökürsə, üstündə də 2500 - ədalətli qiymət verirsə bu insafdan deyil. Bu da məhz Avropa məhkəməsinə çıxarılıb ləğv olunası qərardır. əgər torpaq mənimdirsə, mülk mənimdirsə onun qiymətini parlament, hökumət müəyyən edə bilməz. Onun qiymətini bazar müəyyən etməlidir. Pənah bəydən xahişim odur ki, xahiş edirəm bu qanunu Avropa məhkəməsinə çıxırsa məhz elə bu mülki məcəlləyə edilən qeyri – qanuni dəyişikliklər də aradan qaldırılsın.
Xədicə İsmayılova:
- Bir dənə konkret sualım var. Ümumiyyətlə Avropa Şurasına müxalif deputat qrupunun səsi çatırmı?
Pənah Hüseynli:
- Bizim orada müxalifət adına bizim müraciətlərimizdən sonra ehtiyat namizəd olaraq İntizam Əkbərlini müəyyən etmişdilər. ehtiyat namizəd də odur ki bu artıq sayılmır. Yəni Allah eləməsin kiminsə başına iş gəlsə onun yerinə İntizam Əkbərli gedə bilər. İntizam bəy də o vaxt partiya ilə məsləhətləşmədiyinə görə, onu sədr təyin etmişdi. İmtina etdi Avropa Şurasının əvəzedici heyətindən. Yəni hətta etməsəydi də İntizam müəllimin səsi orada eşidilməyəcəkdi yəni çatmayacaqdı. Bu bizim ciddi problemlərdən biridir. Bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri təkcə Avropa Şurası deyil, müxalifətsiz formalaşdırılır. O mənada müxalifətsiz ki orada müxalifət iddia edən xeyli adam var, 10- 15 adam var. Hər halda formal da götürsək ən iri deputat qrupu kimi rəsmən qeydə alınması da, ən çox sayına görə YAP – dan sonra sayılan da partiya qrupu kimi Müsavat deputat qrupudur. Ona görə də bir nəfər müxalifətçi kimi orada təmsil olunmalıdırsa o da Müsavat deputat qrupundan olmalı idi. Bu işin bir tərəfi. İkincisi Qurban bəyin məsələsi, bu işlə hamımız tanışıq, bu evi uçurmaq olar, torpağı ki sökmək mümkün deyil. Torpaq oradadır, mənim eşitdiyimə görə hətta orada o torpaq da özəlləşdirilmişdi, hansısa mülkiyyətçinin adına. İndi onu da alıblar. Təkrar edirəm, ev sökülüb deyək, axı orada torpaq da var. Bu torpaq qəza vəziyyətindədir deyib özgəninkiləşdirə bilməzlər. əlbəttə ki dirəniş göstərib məhkəmədə hüquqlarını qorusalar biz də köməklik göstərərik, əlimizdən gələn qədər müəyyən bir kömək ola bilər. bizim bu hörmətli Qurban bəy də, ev sahibləri də, mülkiyyətçilər də bilməlidirlər ki, bizim bu müxalifət partiyalaırnın qapısını bağladılar, onlara qarşı hücum oldu, əvvəl – axır onların da qapıları döyülməli idi. Təkcə o binalar deyil, xeyli binalar uçurulub, xeyli binalar sahibkarların əlindən alınıb. İstər zavod olsun, istər hansısa xidmət sahəsinə aid olsun, istər yaşayış yeri olsun. Və açıq aydın zəbt olunur, quldurcasına ələ keçirilir. Buradan yeganə çıxış yolu odur ki, bu insanlar, yaxud ayrı – ayrı insanlar gözləmək istəmirlərsə ki, gəlib onların da evini buldozerə verib uçurub, Qız Qalasının yanında ona 2500 dollar versinlər, Qız Qalasının yanı Bakıda ən bahalı yerdir. Onlar bunları istəmirlərsə öz haqq və hüquqlarını qorumalıdırlar.
Xədicə İsmayılova:
- Yeri gəlmişkən bu mövzuda sual, “ Pənah bəy, vətəndaşların azadlıqlarını məhdudlaşdıran qanunlara etiraz etmək üçün milyonlarca insan nə üçün küçələrə axışmır. Hamımız bilirik ki belə qanun Avropada qəbul edilsə evdə oturan heç əlil də tapmazsan. Elnur”.
Pənah Hüseynli:
- Etiraz deyərkən kütləvi aksiyaları nəzərdə tuturlar, bu mitinqləri, piketləri. Bunlar dərhal olmur. Hesab edirəm ki bu məhkəmə formasında da həyata keçə bilər. bizlərə də müraciət edilə bilər, ayrı – ayrı qeyri hökumət təşkilatlarına da müraciət edilə bilər. hər halda mən burada ruhsuz və ümidsiz olmanın qəti əleyhinəyəm. çünki acizlik göstərmək lazım deyil.
Xədicə İsmayılova:
- Sizə ümid verən nədir?
Pənah Hüseynli:
- Məsələn, mən əminəm ki, qəbul edilən qanunu ləğv etdirə biləcəyik. Sadəcə prinsipial şəkildə sona qədər getmək lazımdır. Düzdür, mənə danışmaq asandır, kişilərin evlərini uçurublar, yerində də qazon əkiblər. mən oradan keçəndə baxmışam. Yəni o qabaq deyirdilər ki, torpağınızı şumlayıb, yerində nə səpərik. Elə bir hala gətiriblər. belə görünür ki, hətta torpağı da mənimsəyib alırlar. Hesab edirəm ki dirəniş olsa hər halda dama – dama deşər, ondan sonra onun qabağında heç indiki iqtidar da dayana bilməz.
Xədicə İsmayılova:
- Pənah bəy, Müsavat deputat qrupunun beş illik fəaliyyətini necə qiymətləndirirsiniz “ Sanço adlı bir dinləyici yazır bunu.
Pənah Hüseynli:
- Mən özüm də yoldaşlarımız da əlimizdən gələn, qabiliyyətimizin çatdığı, enerjimizin çatdığı etdiyi hər şeyi etməyə çalışmışıq. İndi nəyə nail olmuşuq nəyə nail olmamışıq, geniş bir vaxt olsa mən sadalayaram konkret nələrə nail olmuşuq. Əlbəttə ki o pozitiv şəkildə nələrə nail olmaq istəyirdik, məsələn bu qanunun qəbul olunmasına nail olmaq istəyirdik biz ona nail ola bilmədik. Bu məsələlərə diqqət cəlb etmişik.
Xədicə İsmayılova:
- Nə zaman nail oldunuz ki qanun keçirməyə?
Pənah Hüseynli:
- Olub ki, yadınıza sala bilərəm siz də orada fəal iştirak etmişdiniz, məsələn QHT– lər haqqında qanun qayıtmışdı dala. QHT – lər möhkəm birləşdi və o düzəlişlər geri çəkildi.
Xədicə İsmayılova:
- Mənim üçün sualdır ki, siz parlamentdə olmasaydınız o qanunlar geri çəkilərdi?
Pənah Hüseynli:
- Mən sadəcə fakta görə deyirəm. ən azı onu biz səsləndirmişik o istiqamətdə çalışmışıq. Onda da iradə göstərdi qeyri – hökumət təşkilatları. Gördünüz ki beynəlxalq təşkilatlar da qarışdı və s. Orada əslində özəl səbəblər də var. Hər halda mən belə hesab edirəm ki, biz bir çox məsələlərə diqqət cəlb edə bilmişik. Hesab edirəm ki əgər oturub hesabat yazmaq lazım gələcəksə mən tutarlı bir hesabat verə bilərəm.
Xədicə İsmayılova:
- Yeri gəlmişkən, parlament seçkilərinə yenə namizədliyinizi verəcəksiniz?
Pənah Hüseynli:
- Verməmək qərarımız yoxdur. Hesab edirəm ki, bu məsələyə də aydınlıq gəlməlidir. Bəzi iri müxalifət partiyalarının liderləri bu seçkilərdə maraqlı görünmürlər bu seçkilərdə. Müxalifətin birliyinin alınmamasının səbəbini təəssüflər olsun mən bu subyektiv amillə bağlayıram. Əgər həqiqətən də ciddi döyüş gedəcəksə bu seçkilərdə, hesab edirəm ölümünə necə deyərlər döyüşmək lazımdır. İndidən bu istiqamətdə hərəkətə fəaliyyətə keçmək lazımdır. Bunun da ən birinci, ən effektiv yolu birlikdir.
Xədicə İsmayılova:
- Zamin Şəkidən yazır ki, Ziyafət bəy deyir ki, Milli Məclis Xocalı soyqırımı haqqında qanun qəbul edib, onda niyə bu ölkədə 26 fevral matəm günü kimi qeyd edilmir. Xalid yazır ki, reket jurnalistikası ilə qanunları təhqir halına salmaqla yox, korrupsiya ocaqlarını dağıtmaqla mübarizə aparmaq lazımdır. Bəxtiyar Sadıqovun arqumentləri gülüncdür”. Ümumiyyətlə necə düşünürsünüz, siz son zamanlar müxalifətin birləşməsi ilə bağlı məsələləri gündəmə gətirən adamlardan birisiniz. Belə maraqlı bir tendensiya üzə çıxır. Bu barədə sual verdim, Müsavat partiyasının başqanına – İsa Qəmbərə ki, bu müxalifətin birləşməyi necə şeydirsə onun barəsində danışmağa başlayan kimi parçalanma başlayır. Adamlar bir – birini ittiham etməyə başlayırlar. Bu niyə belədir? O dedi ki, bu həqiqətən belədir və bunu virus kimi hökumət salır.
Pənah Hüseynli:
- Mən bilmirəm, İsa bəyin “ Bizim yol” qəzetində müsahibəsi olub və o deyib ki addımlar atacaq. Mən yada saldım Əbülfəz Elçibəyin 1998 – ci ildə Nizami Süleymanovla və AMİP -lə sazişlərinin. Bilirsiniz ki Elçibəyin istər partiya olaraq AMİP – lə və şəxs olaraq Nizami Süleymanovla sazişlərdən sonra hansı ittihamlar edilmişdi, o hansı sözləri eşitmişdi. Amma buna baxmayaraq o vaxt böyük birlik naminə Əbülfəz Elçibəy bu addımı atdı. Mən həqiqətən də hesab edirəm ki, hal – hazırda guya birlikdən kim danışıbsa bu parçalanmaya gətirir arqumenti doğru deyil. İndi İsa bəy bunu səsləndiribsə, İsa bəylə mübahisəyə girmək istəmirəm sonra da desinlər görürsünüz yenə birlik sözü ortaya gələn kimi mübahisələr başladı. Mən bu gün konkret olaraq Müsavat partiyası, Azadlıq bloquna daxil olan partiyalar, AMİP, bir neçə partiyanın da adını çəkmək mümkündür, qarşılıqlı razılaşaraq onların seçki birliyinin yaranmasında heç bir maneə görmürəm. Hesab edirəm bunun üçün siyasi iradə lazımdır. Necə ki Müxalifət İqtidardan siyasi iradə tələb edir o cümlədən də müxalifət liderləri də bu cür məsələlərin həllində siyasi iradə ortalığa qoya bilərlər. Mən bu gün belə deyirəm. Bu məsələdə birinci məsuliyyət məhz İsa Qəmbərin üzərinə düşür və ilk addımı da o atmalıdır. Əksəriyyəti tərəfindən o cümlədən mən də daxil olmaqla bu gün Müxalifətin ən iri fiquru kimi və Müxalifətin lideri kimi İsa Qəmbəri qəbul edirik. Digərləri ola bilər başqa ad çəksinlər amma mən belə fikirləşirəm. Əksəriyyət İsa Qəmbərin atacağı addımları dəstəkləməyi lazım bilir. İsa Bəy də bu missiya onun üzərindədir bundan imtina etməsini heç kəs onu bağışlamaz.
Xədicə İsmayılova:
- Fərhad Məmmədov adlı dinləyici yazır ki, “ siz hansı Avropa Şurasından danışırsınız, o Avropa Şurası ki Azərbaycanda hakimiyyətin camaata etdiyi haqsızlıqlara görə dövləti pul ilə cərimə edir. Sonra da hakimiyyət həmin pulu dolayı yolla elə camaatın özündən alır. Bunun özü haqsızlıq deyilmi? “
Pənah Hüseynli:
- Dinləyici yəqin Avropa Məhkəməsini nəzərdə tutur. Hər halda sizi inandırıram ki məsələn, Avropa Şurası olmasa bütün Azərbaycan ən azı Naxçıvan kimi olar.
Xədicə İsmayılova:
- Niyə, Naxçıvan da Azərbaycan kimi Avropa Şurasının üzvü deyilmi?
Pənah Hüseynli:
- Mən son dövrlərdə Naxçıvanda olmamışam. Oradan gələn yoldaşlarımız var, onlar Bakıya gələndə bizi danlayırlar ki, siz nahaq burada olan hüquq və azadlıqları tənqid edirsiniz. Çünki biz bura gələndə elə bilirik qərbdəyik. O dərəcədə deyirlər, fərqi vəziyyət var. Beynəlxalq təşkilatların rolunu burda azaltmaq olmaz. Amma mən hesab edirəm ki, hər şeyi də beynəlxalq təşkilatların boynuna yıxmaq lazım deyil. Bizdən hərəkət olmalıdır. Özümüz hərəkət etməliyik. Onda Avropa Şurasının da digər təşkilatların da maraqları, diqqətləri dəyişər.
Xədicə İsmayılova:
- Niyə getmirsiniz Naxçıvana?
Pənah Hüseynli:
- Mən Naxçıvanda sonuncu dəfə 1997 – ci ildə olmuşam. O vaxt mən həbsdən çıxandan sonra Kələkiyə getmişdim. Rəhmətlik bəy onda Kələkidə idi. Ondan sonra orada olmamışam. Nəinki mən, illərlə ora gedə bilməyən bizim Naxçıvanlı müxalifətçilər var. Gedənlər də var. Məsələn, Arzu Səmədbəyli bu bələdiyyə seçkilərində getmişdi. Hətta xoş əhval – ruhiyyə ilə qayıtmışdı. Hər halda qəbul edirəm, jurnalistlər gedib döyülsələr də, təzyiqə məruz qalsalar da, qeyri hökumət təşkilatları da gedir, hüquq müdafiəçisi Novella Cəfəroğlu da getmişdi. Düşünmək lazımdır bunun üzərində.
Xədicə İsmayılova:
- Aslan adlı dinləyici yazır ki, “ Pənah bəy, nə yaxşı ki siz varsınız. Nə yaxşı ki”
Pənah Hüseynli:
- Pənahkimilər çoxdur. Bizim elə yoldaşlarımız, Müsavat deputat qrupunda, Müxalifətdə xeyli insanlarımız var. Hər halda özümüz silkinib komanda qurmağın vaxtıdır.
Xədicə İsmayılova:
- Yada saldınız 1997 – ci ili, o vaxt ki Əbülfəz Elçibəy sağ idi. Ümumiyyətlə Əbülfəz bəyin daim gündəmdə saxladığı bir sıra mövzular var idi. İnsan azadlıqlarından başqa güney məsələsi var idi, milli kimliklə bağlı məsələ var idi. Siz ümumiyyətlə düşünürsünüzmü artıq gündəmdən getmiş mövzular barədə. Özünüz hansı mövzular barədə çoxdan danışmırsınız?
Pənah Hüseynli:
- Mən hesab etmirəm ki Güney Azərbaycan gündəmdən gedib. Sadəcə olaraq Əbülfəz Bəyin əkdiyi toxumları çoxalıb. Güneyin özündə İranda, Avropada, Amerikada bizim milli azadlıq hərəkatının saysız – hesabsız təşkilatları yaranıb. O baxımdan bir mərhələ artıq keçilib. Eyni zamanda, konkret olaraq Milli Məclisin özündə təkcə mən yox, Müxalifətdən olmayan digər deputatlar da, məsələn Nəsib Nəsibli, Arzu Səmədbəyli, Sabir Rüstəmxanlı, Cəmil Həsənli bir neçə digər deputatlar daim bu məsələni gündəmdə saxlayırlar. Bir məsələni mən sizə deyim, ən əsas diqqət odur ki o vaxt biz hakimiyyətə gəlmək uğrunda çalışırdıq. O dövrün 2003, 2005- i də bu dövrə aid etmək olar. Biz yeni bir mərhələni yaşayırıq. Mən 2004 – ci ildə Bayıldan bir müsahibə göndərmişdim. Yeni Müsavat qəzeti dərc etmişdi. 2003 – cü il məğlubiyyəti ümumiyyətlə özünün nəticələrinə görə 1993 – cü il məğlubiyyəti bəlkə də bəzi istiqamətlərdə daha da ağırdır. Söhbət Müxalifətçiliyin özünü qoruması məsələsindən gedir. Nəsil dəyişkənliyi məsələsi var. Yeni vərdişlərin, yeni stillərin, yeni psixotiplərin demokratik hərəkatda ortaya gəlməsi var. Müasir, ən yeni texnologiyalar dövrüdür. Azərbaycan müxalifəti buna tam şəkildə yiyələnə bilməyib.
Xədicə İsmayılova:
- Siz necə özünüz yiyələnibsiniz?
Pənah Hüseynli:
- Söhbət şəxsən məndən gedirsə, hər halda mən də köhnə siyasətçilər nəslinin nümayəndəsiyəm.
Xədicə İsmayılova:
- Web səhifəniz varmı? Facebookda varsınızmı?
Pənah Hüseynli:
- Web səhifəm yoxdur. Mənim özümüm müsahiblərim hansısa materiallar yerləşdirirlər orada. Amma biz köhnə vərdişlə indiki yeni internetde real iştirak etmirik. Edənlər də var. Məsələn, İsa Qəmbər çox fəal şəkildə iştirak edir, Əli Kərimli yeni bloq açdı. Mənimçün çox maraqlıdır bu. Səmimi şəkildə sizə deyim ki, mən bir az virtual dünyada qapanıb qalmanın da tərəfdarı deyiləm.
Xədicə İsmayılova:
- Siz real həyatda daha çox işlər görürsünüz?
Pənah Hüseynli:
- İndi nə iş görürəm görmürəm bu başqa söhbətdir. Stilim daha çox real həyatda işləməkdir.
Xədicə İsmayılova:
- Bir az da köhnəlik...
Pənah Hüseynli:
- Orada işləyənlər haqqında da nəsə demək istəmirəm. Köhnəlik dedikdə, İsa bəyin də yaxşı bir sözü var, deyir biz əntiq xalçalar kimi çırpdıqca tozumuz çıxır.
Xədicə İsmayılova:
- Adil yazır, “ Pənah bəy kimilər çoxdur, amma köhnə hamam köhnə tas” Hamı sizi tərifləmir.
Pənah Hüseynli:
- Əlbəttə hamı tərifləsə mümkün olmaz. Bizim arzu etdiyimiz zənginliklərin, fərqliliklərin çox olduğu, harmoniyası olan bir dövrdür. Yoxsa elə olmasaydı biz də bu gün qəbul edilən qanun kimi qanun qəbul edib sizin efirinizə də qadağa qoyardıq.