Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:05

Lex Kaçinski kimdir


Lex Kaçinski və xanımı Mariya, 25 sentyabr 2007
Lex Kaçinski və xanımı Mariya, 25 sentyabr 2007
Lex Kaçinski 1949-cu il iyunun 18-də anadan olub. Onun əkiz qardaşı Yaroslav Kaçinski Polşanın «Hüquq və Ədalət» Partiyasının sədridir.

Kaçinskinin atası mühəndis, anası isə ədəbiyyatçı olublar. Hər ikisi 2-ci Dünya müharibəsinin iştirakçısı olub. Anası tibb bacısı, atası isə «Bastza» batalyonunun tərkibində almanlara qarşı məşhur Polşa üsyanında iştirak edib.

TƏHSİLİ

Lex Kaçinski Varşava Universitetinin İdarəetmə və hüquq fakültəsində təhsil alıb. 1971-ci ildə burada təhsilini başa vurandan sonra Qdansk Universitetində əmək hüquqları sahəsində tədqiqatlar aparıb. 1980-ci ildə Əmək hüquqları üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1990-cı ildə isə Pensiya Fondu mövzusunda daha bir doktorluq monoqrafiyası yazıb.

1996-97-ci illərdə Qdansk Universitetinin professoru, 1999-cu ildən isə Varşavanın Kardinal Ştefan Vışinski Universitetinin professoru olub.

SİYASİ MÜXALİFƏTDƏ İŞTİRAKI
Lex Kaçinski və xanımı Bakıda rəsmi səfər zamanı, 2 iyul 2009

Artıq 1976-cı ildən başlayaraq Kaçinski fəhlələrin hüquqlarının müdafiəsində fəal iştirak edib. Fəhlələri Müdafiə Komitəsinin (FMK) çağırışı ilə fəhlə hərəkatına kömək üçün pul toplamağa başlayıb.

1977-ci ildə artıq FMK üzvü kimi, Fəhlələrin Azad Həmkarlar İttifaqının yaradılması üzrə iş aparıb. Gizli şəkildə çap olunan və fəhlələr arasında yayılan mətbuatda məqalələrlə çıxış edib.

1980-ci ilin avqustunda Qdansk şəhərində başlayan məşhur fəhlə tətillərinin təşkilində yaxından iştirak edib, «Həmrəylik» («Solidarnost») Müstəqil Həmkarlar İttifaqını yaradanlardan biri olub.

1981-ci ilin dekabrında «Solidarnost»un bir sıra rəhbərləri ilə birlikdə həbs olunub.

1991-ci ilə qədər «Solidarnost» təşkilatının işində yaxından iştirak edib, təşkilatın müxtəlif rəhbər vəzifələrini tutub.

SİYASİ FƏALİYYƏTİ


1989-cu ilin iyununda Qdansk əyalətindən Polşa parlamentinə nümayəndə seçilib. Həmin il qardaşı Yaroslav Kaçinskinin təşkil etdiyi «Solidarnost» koalisiyasına daxil olub.

1991-ci ildə Polşa prezidenti yanında təhlükəsizlik üzrə dövlət müşaviri vəzifəsində işləyib. Ovaxtkı Polşa prezidenti Lex Valensa ilə arasında olan mübahisələrdən sonra vəzifəsindən istefa verib.
Kaçinski həyatına təhlükə olsa da Saakaşviliyə dəstək məqsədilə Gürcüstandan separatçı Cənubi Osetiyaya getməyə çalışır, 23 noyabr 2008

1991-ci ilin parlament seçkilərində yenidən millət vəkili seçilib.

1992-1995-ci illərdə Polşanın Ali Nəzarət Komitəsinin sədri vəzifəsini tutub. 3 il ərzində əsasən sosial təminat funksiyasını həyata keçirən bu orqanın əhali arasında nüfuzu sürətlə artıb.

2000-ci ilə qədər Lex Kaçinski əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatlara başçılıq edib.

2000-ci ildə Baş nazir Yeji Buzek tərəfindən Ədliyyə naziri təyin olunub. Tezliklə o, prezident Aleksandr Kvasnevskidən sonra Polşanın ikinci ən populyar siyasi xadimi kimi tanınıb.

2001-ci ildə əkiz qardaşı ilə birlikdə «Hüquq və Ədalət» Partiyasına başçılıq edib. Elə həmin il 4-cü dəfə Polşa parlamentinə seçilib.

2002-ci il noyabrın 18-də Varşavanın meri seçilib. 2005-ci ildə prezident seçkisində iştirak etmək üçün vəzifəsindən istefa verib.

2005-ci ilin oktyabrında keçirilən prezident seçkisinin ikinci turunda 54.4 faiz səs toplayaraq rəqibi Donald Tuska qalib gəlib. Həmin il dekabrın 23-də Polşa prezidenti vəzifəsinin icrasına başlayıb.

AİLƏSİ

Lex Kaçinskinin həyat yoldaşı Mariya iqtisadçı idi. Qızları Marta ailəlidir, Kaçinskilərin 2 qız nəvələri var - 7 yaşlı Yeva və 2 yaşlı Martina
XS
SM
MD
LG