Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:16

Xədicənin iki ayını kim qaytaracaq?


Xədicə İsmayılova
Xədicə İsmayılova

-

“Xədicə İsmayılovanın iki aydan artıq müddətdə həbsdə de-yure günahsız saxlanılmasında rolu olan vəzifəli şəxslərin cəzalandırılması üçün müvafiq addımlar atılacaq”

"Bakı Ağır Cinayətlər Məhkəməsində sentyabrın 1-də Xədicə İsmayılova barəsində çıxarılmış hökm onun qanunsuz və əsassız həbs olunduğunu hüquqi baxımdan da təsdiqləmiş oldu".

Bunu AzadlıqRadiosuna açıqlamasında Xədicə İsmayılovanın vəkili Fəxrəddin Mehdiyev deyib.

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova ötən il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və həmin ittihamla da Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Jurnalist iki aydan bir qədər artıq müddətdə yalnız bu ittihamla Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılıb. Fevralın 13-də isə ona vergidən yayınma, qanunsuz sahibkarlıq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb.

Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Xədicə İsmayılovaya CM-nin 125-ci maddəsilə elan olunmuş ittiham üzrə bəraət verilib. Jurnalist digər ittihamlar üzrə təqsirli bilinərək, 7 il 6 ay azadlıqdan məhrum edilib.

"QANUNSUZLUQ TƏSDİQLƏNDİ"

Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyev

Fəxrəddin Mehdiyev deyir ki, bu hökm Xədicə İsmayılovanın dekabrın 5-dən fevralın 13-nə qədər həbsdə günahsız saxlanıldığının hüquqi baxımdan sübutudur:

Hökm qanuni qüvvəyə minəndən sonra həm məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, həm də dəymiş ziyana görə kompensasiya məsələsilə əlaqədar məsləhətləşmələr aparıb, zəruri addımlar atacağıq

"Xədicə İsmayılova təqsirli bilindiyi ittihamlar elan olunana qədər, yəni, fevralın 13-nə qədər yalnız 125-ci maddə ilə təqsirləndirilən şəxs kimi həbsdə saxlanılıb. Dekabrın 5-də Səbayel Rayon Məhkəməsində hakim Elşad Şamayev məhz bu ittiham üzrə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Yanvarın 27-də yenə də Səbayel Rayon Məhkəməsində, bu dəfə hakim Rauf Əhmədovun sədrliyilə Xədicə xanım barəsində həbs müddətinin uzadılmasına dair qərar verilib.

Həmin vaxt da ortada 125-ci maddədən başqa ittiham olmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsi isə Xədicə İsmayılovaya 125-ci maddə üzrə bəraət verməklə, jurnalisti bu ittihamla təqsirləndirilən şəxs qismində cəlb edən və istintaqı aparan Bakı şəhər Prokurorluğunun qərarlarının, həmçinin o ittiham əsasında həbs qərarı verən və daha sonra müddəti uzadan hakimlərin qərarlarının qanunsuz və əsassız olduğunu hüquqi baxımdan təsdiqlədi".

VƏZİFƏLİ ŞƏXSLƏR CƏZALANDIRILA BİLƏR?

Vəkil onu da qeyd edib ki, Xədicə İsmayılovanın iki aydan artıq müddətdə həbsdə de-yure günahsız saxlanılmasında rolu olan vəzifəli şəxslərin cəzalandırılması üçün müvafiq addımlar atılacaq:

"Hökm qanuni qüvvəyə minəndən sonra həm məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, həm də dəymiş ziyana görə kompensasiya məsələsilə əlaqədar məsləhətləşmələr aparıb, zəruri addımlar atacağıq", - deyə Fəxrəddin Mehdiyev vurğulayıb.

Fransa - Avropa İnsan Haqları Məhkəməsinin Strasburqdakı binası
Fransa - Avropa İnsan Haqları Məhkəməsinin Strasburqdakı binası

Cinayət-Prosessual Məcəllənin (CPM) 56-cı maddəsində göstərilib ki, "bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş mənəvi, maddi və ya fiziki ziyanın ödənilməsi hüququna malikdir".

CPM-in 63-cü maddəsinə əsasən, bu cür hallarda ziyanın ödənilməsi məsələsi mülki mühakimə icraatı qaydasında aparılır.

İŞƏ AVROPA MƏHKƏMƏSİ BAXACAQ

Xədicə İsmayılova 125-ci maddə ilə həbsdə saxlanılarkən onun hüquqlarını müdafiə etmiş, lakin sonradan prokurorluq tərəfindən müdafiə prosesindən uzaqlaşdırılmış vəkil Yalçın İmanov deyir ki, jurnalistin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərardan verilmiş şikayət artıq Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır:

"Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) maddəsinin pozuntusu üzrə şikayətimiz Avropa Məhkəməsində baxılma ərəfəsindədir. Xədicə İsmayılovanın barəsində yalnız 125-ci maddə ilə həbs qətimkan tədbirinin seçildiyini və həmin ittiham üzrə ona bəraət verildiyini nəzərə alsaq, bu, həm də Avropa Məhkəməsində bizim əlimizdə çox ciddi və tutarlı sübutdur".

Yalçın İmanov əlavə edir ki, Xədicə İsmayılovanın həbsinin, ona verilən digər ittihamların da qanunsuz və əsassızlığını sübut edən çoxsaylı dəlillər var.

AzadlıqRadiosunun rəhbərliyi Xədicə İsmayılovanın hakim ailənin biznesini ortaya qoyan araşdırmalarına görə cəzalandırıldığını bəyan edir. Jurnalistin həbsi kəskin beynəlxalq qınağa səbəb olub.

Beynəlxalq hüquq-müdafiə və jurnalist təşkilatları hakimiyyətdən jurnalisti, eləcə də digər siyasi məhbusları azadlığa buraxmağa çağırır.

Hakimiyyət təmsilçiləri isə bu bəyanatları qərəzli sayır, ölkədə heç kəsin siyasi motivlərlə həbs olunmadığını bildirir.

XS
SM
MD
LG