Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:31

Keçmiş MTN zabitinin itkin düşməsiylə bağlı 3 nəfər həbs edilib


Milli Təhlükəsizlik Nazirliyinin itkin düşmüş zabiti, Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işiylə bağlı saxlananlar var. Onlar Vaqif Hüseynov, Nəriman Ağayev və Arzu Kazımovdur. Bu haqda Respublika Prokurorluğunun yaydığı məlumatda deyilir.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Məlumatda o da deyilir ki, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə bağlı deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır.

Saxlananlardan biri Vaqif Hüseynov baş nazirin birinci müavini Elçin Əfəndiyevin köməkçisi olub. APA hüquq-mühafizə orqanlarına istinadla yazır ki, Vaqif Hüseynov Elşad Abdullayevdən qardaşının tapılması üçün bir milyon manat rüşvət alıb.

Saxlananlardan başqa biri Arzu Kazımovun isə “İnşaatservis-2002” şirkətinin təsisçisi və rəhbəri olduğu bildirilir. Elşad Abdullayev mətbuata deyib ki, qardaşının qaytarılması üçün Arzu Kazımova 3 milyon dollar verib. Qardaşı qaytarılmadığı təqdirdə Abdullayev pulları geri istəsə də, bu mümkün olmayıb.
Arzu Kazımovun vəkili deyib ki, iddialar düz deyil, müştərisi pulları Elşad Abdullayevdən 30 faiz sələmə alıb və bunu təsdiq edən notariat sənədi var.
XS
SM
MD
LG