Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:50

Radio verilişlər

Dövlət qayğısı olmasa, teatrlar yaşaya bilər?
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00
Direct-ə keçid

AzadlıqRadiosunun arxivindən (7 dekabr 2010)

“İşdən sonra” verilişinin qonağı xalq artisti Amaliya Pənahovadır.

- Uzun müddətdir siz Bakı Bələdiyyə Teatrını yaratmaq, onu ortaya çıxarmaq üçün çalışırsınız. Amma xeyli gileyləriniz var idi ki, Bələdiyyə Teatrı harada fəaliyyət göstərsin, harada versin tamaşalarını. Həll olundumu bu məsələlər?

- Giley-güzarı mən heç xoşlamıram. Biz 18 ildir çalışırıq. Mən, ümumiyyətlə, bu sənətdə olduğum 47 il ərzində gündəlik fəaliyyətlə təsdiqləyirəm özümü. Yəni mən gündəlik fəaliyyətlə çalışıram özümü təsdiqləyəm həm sənətdə, həm teatrımı təsdiqləyirəm bu 18 ildə. Biz çalışırıq. Bəli, çətin şəraitdə. Amma ilk illər biz deyirdik ki, müharibədir, torpaqlarımızın 20 faizi işğal altındadır. Biz gedib səngərlərdə çıxış edirdik, gedib kəndlərdə-rayonlarda çıxış edirdik. Amma maşallah günü-gündən respublikamız, bütün kənd və şəhərlərimiz yeni bir libasdadırlar. Və çox böyük gözəllik yaranıb. Getdikcə bunları gördükcə biz də istəyirik ki, Bələdiyyə Teatrının da şəraiti olsun. Bu baxımdan teatrlara bu gün möhtərəm prezident tərəfindən çox böyük dəstək var. Əgər onun özülünü ulu öndərimiz Heydər Əliyev qoymuşdusa, bu gün onun irsi ilə cənab İlham Əliyev bu gün bütün teatrları yeni təmir, yeni avadanlıqla təmin edir. Və biz də güman edirik ki, ümidvarıq ki, növbə bizə də gəlib çatacaq. Hələ ki, gözləyirik.

- Deyirsiniz ki, qayğı var. Hər rayonda yeni komplekslər, mərkəzlər tikilir. Demək olar ki, hər bir rayonda hətta qəsəbələrdə də Heydər Əliyev mərkəzi var. Sizcə bu qədər mərkəzlə yanaşı, bir Bələdiyyə Teatrı tikmək olmazdımı?

- Elə şəxsiyyətlər var ki, onlar haqqında nə qədər söylənilsə də xalqa yenə nəsə söyləməyə söz tapılır. Bu mərkəzlər mənə elə gəlir ki, lazımdır. İnsanlar mənəviyyatla yaşayır. Yaxşı şeyləri əks etdirən yaxşı bir kitab, sənət nümunəsi yaxud örnəkli bir deyək ki, elə Heydər Əliyev Mərkəzi, gəlirlər, baxırlar, həyat və yaradıcılığı ilə tanış olurlar. Bəzən elə olur ki, ucqar rayonlardan Bakıya gələ bilmir insanlar. Pisdirmi ki, gəlib bilsinlər ki, belə bir şəxsiyyət var idi?

- Siz özünüz olmusunuzmu orada?

- Bəli, çox olmuşam. Mən Heydər Əliyevə onun sağlığında da pərəstiş etmişəm. Bir böyük şəxsiyyət kimi. Mən elə hesab edirəm ki, ən çətin dövrlərdə Heydər Əliyevin məhz respublikaya rəhbərliyi bir çox bəlalardan xalqımızı qurtardı.

- Bəzi adamlar onun bu siyasətini sual altına qoyurlar. Yəni fəxri adlar verməklə, prezident təqaüdünə möhtac etməklə ziyalıları, teatr xadimlərini ələ baxımlı etmək siyasətini bəyənmirlər. Buna yanaşmanız necədir?

- Mən onun tərəfdarıyam ki, bu gün başqa sahələrdə olduğu kimi mədəniyyət sahəsində də dünya standartına cavab verən məvaciblər olsun. Dünyada yoxdur fəxri adlar, amma prezident imtiyazları var. Onların mükafatları var, ordenləri var, dövlətin neçə dərəcəli qızıl ulduzları var. Bu olmalıdır. Bu, stimuldur. Amma məxsusi sözsüz ki, tutalım, az məvaciblə o keçid dövründən bu günə kimi bu özünü doğruldurdu. Çünki məvaciblər tədricən qalxırdı. Amma hələ sovet məkanından, Azərbaycanın günahı yoxdur burada, Moskva təsdiqləyirdi məvacibləri. Amma o sovet dövründən mədəniyyətdə, məxsusi o teatrda olan aşağı olan məvaciblər bu gün nə qədər də olsa, qalxırsa, bir o qədər azlıq təşkil edir. Çünki dünya standartlarına hətta respublika standartı çərçivəsinə sığmır onlar.

- Sizin teatrda məvacib nə qədərdir? Ən çox maaş alan aktyor nə qədər maaş alır?

- Uzağı 400 manat. Amma bizdə yox Akademik Dram Teatrından gedir söhbət. Bizdə gəlir hardasa 180 manat. Xalq artistləri alır.

- Amaliya xanım, 180 manat maaş alan kollektivin rəhbəri olaraq siz hökumətdən razılıq edirsiniz?

- Mən o fikirdəyəm və o inamdayam ki, bütün bunlar tədricən düzəlir. Biz baxırıq sahələrə. Gəlir artımlar. Mən bu yaxında Axundov adına kitabxanada oldum. Orada ağızdolusu və fərəhlə o kitabxananın işçiləri razılıq edirdilər. Məxsusi dövlət başçısından. Məvacibləri artdı, yerləri təmir olundu, gözəllik yarandı deyirlər ki, biz indi burda şövqlə çalışırıq. 5-6 il bundan əvvəl isə onların ağlamağını görürdüm mən ki, onlar çabalayırdılar. Çünki o keçid dövründə lap bərbad vəziyyətə düşdü kitabxanalar və məvaciblər də çox az idi. Mən təbiətən çox optimist insanam. Və çox gec qırılanam. Amma qırılanda çox pis qırılıram. Mənim ümidim var ki, bütün bunlar hamısı düzələcək.
- Kifayət qədər optimistsiniz. Əgər bu qədər il ərzində ümidləriniz tükənmirsə...

- Bəli 18 ildir. Mən demişəm ki, bu sənətdə çalışanlar fanatiklərdir. Və mən həmişə demişəm, millət vəkili olanda da, bu gündə və ondan öncə də ki, gəlin aktyorların vəziyyətinə düşək. Çünki ac aktyor səhnədə başı gicəllənə-gicəllənə bəyi oynayırsa, birinci sırada harınlamış, ali təhsili olmayan bir biznesmen oturub dişini qurcalayırsa və ona belə həqarətlə baxırsa, vay onda bizim halımıza. Biz mənəviyyata xidmət edirik və bu mənəviyyata xidmət etdiyimiz üçün biz optimistik. Çünki biz fanatikik. Biz axıra qədər inanırıq. Çünki biz dövləti, dövlətçiliyi, milləti sevən insanlarıq.

- Yəqin ki, başqa ölkələrdə aktyor həmkarlarınız var. Onları tanıyırsınız, görüşürsünüz. Mənim heç vaxt rastıma gəlməyib ki, az maaşı olan bir tərəfə qalsın, həyatından razı olan və ya kifayət qədər qayğı görən bir nəfər prezidenti tərifləsin. Ümumiyyətlə, dünyada bu, ziyalılıq fəlsəfəsinə ziddir.

- Mən başa düşdüm. Mən bu saat deyim. Bir çox ölkələrdə dövlətçilik tarixi yüz illərlə hesaba gəlir, amma mədəniyyəti on illiklərlə hesabdadır. Bizim mədəniyyətimiz ta qədimdən gəlir. Amma dövlətçiliyimizin tarixi nə qədərdir? Sözsüz ki, biz bu sovetin himayəsinə düşməsəydik, müstəqil ölkə qalsaydıq, bu gün biz bir çox amillərə çatmış olardıq. Və bəlkə də, bu söhbətlərimiz də olmazdı. Amma biz hansı dövrdən, hansı məngənədən çıxdıq. Gəlin onu da unutmayaq. Bəlkə, məndən sonra gələn nəsil heç deməyəcək bunu. Bəlkə də, bilməyəcək bunun mənası nədir. Prezident bəlkə adlandırılmayacaq, bəlkə, başqa bir qurum olacaq. Amma xalq, millət olaraq qalacaq. Onun da öz deyək ki, kumirləri olacaq. Və siz məni bu saat heç nə ilə nə alçalda bilərsiniz, nə məni fikrimdən yayındıra bilərsiniz. Mən öz fikrimdə o dərəcədə müstəqiləm və o dərəcədə heç kimin axarı ilə getmirəm. Mən bir şeyə əmin olmasam dünya dağıla bu mənim dilimdən çıxmaz. Mənim bu gün heç nəyə və heç kimə ehtiyacım yoxdur.

- Deməsəniz nə olar ki, bütün bunları?

- Amma mənim ürəyim istəyir bütün bunları deməyi. Mən heç nədən nə gözü kölgəliyəm, ya nəyəsə umacağım var. Bu günə kimi də mən heç nə istəməmişəm heç kimdən. Biz çalışırıq. Görən görür, görməyən görmür. Mənim vaxtım yoxdur düşünməyə razıyam, ya narazıyam. Mən niyə kimdənsə nəsə ummalıyam?

- Amma məntiq deyir ki, ya teatrlara hökumətdən aldıqları qayğı kifayət etməlidir ki, onlar razı olsunlar, ya da teatrlar o qədər yaxşı olmalıdır və əhalinin də teatra getmək imkanı olmalıdır ki, teatrları elə əhali dolandırsın.

- Hazırda çox zəngin adamlar var ki, ömründə teatrın qapısını açmayıblar və açmayacaqlar da. Siz əminsiniz ki, dövlət qayğısı olmasa, teatrlar yaşaya bilər? Xeyr. Bu gün özünü ziyalı adlandıran şəxsi siz teatra cəlb edə bilmirsiniz. Nə üçün? Çünki onun uşaqlığı və yeniyetmə dövrü teatrsız keçib. Bizim və sizin xidmətimiz ondan ibarətdir ki, biz 4-5-6 yaşına qədər uşaqlarımızı kukla teatrına aparaq. Sonra yaş dövrünə uyğun başqa teatrlara aparaq. Sonra onun 20-21 yaşı olanda mənəvi tələbat hiss edəcək gedib teatr tamaşalarına baxsın. Amma bu gün biganəlik var tamaşaçılarda teatrlara qarşı. O nə bizim günahımızdır, nə də onların. Çünki teatrları bir az xalqdan tədric etdilər. Bunu etdi ayrı-ayrı qurumlar, ayrı-ayrı çinovniklər. Ayrı-ayrı insanlar ki, bəlkə istəmədilər ki, teatrlar inkişafda olsun, bəlkə, teatr xadimləri daha çox intellektə sahib olub şəxsiyyətə çevrilsinlər. Yasaq qoyuldu teatrların təbliğinə məktəblərdə. Bu mənfi təsir etdi həm tamaşaçılara, həm teatrlara.

- Parlament seçkiləri ərəfəsində debatlara baxırdınızmı?

- Yox, baxa bilmədim.

- Amma təəssüf. Teatr üçün xeyli obraz var idi.

- Onsuz da var obrazlar. Çoxdur. Onu gərək dramaturqlar baxsınlar. Biz yazıçı deyilik. Ona görə də biz bu gün müasir dramaturgiya deyəndə Cəlil Məmmədquluzadəni gətirib səhnələşdiririk ki, bu günlə səsləşir. Klassiklərə müraciət edirik. Bu gün mənim üçün çox ağır ildir. Mən gözləyirəm ki, bu il tez qurtarsın. Çünki mən 47 illik ömür-gün yoldaşımı itirdim. Özü də bir anın işində oldu. Ona görə mənim başım çox qalda oldu. Bu səbəbdən bir çox məqamları sezmədim.

-Dinləyici yazır: Nədən deputat kimi görmürük sizi? Sizdən yaxşı bitərəf deputat olardı. Siyasi rəhbərlik hara baxır?

- Mən bitərəf deyiləm. Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Mən Səbail Şurasının həm də Mərkəzi Qərargahda Qadınlar Şurasının üzvüyəm. Bu partiyaya da bayaq dediyim kimi məhz Heydər Əliyevin adı ilə gəldim. Şüurlu gəldim.

- Dinləyici yazır: Həmişə incəsənət adamları bizim hakimiyyətimiz deyib hakimiyyəti tərifləyirlər. Mənim fikrimcə isə bu bizim, yəni xalqın hakimiyyəti deyil. Bir qrup məmurların ciblərinin hakimiyyətidir. Siz bu hakimiyyətin daxili və xarici siyasətindən razısınızmı? Eynulla Fətullayev hansı qanunu pozduğuna görə həbs edilib?

- Mən hüquqşünas deyiləm və bununla maraqlanmamışam. Qaldı sualın əvvəlki hissəsinə. Biz sənətdə çalışan insanlar xalqa xidmətdəyik. Və dövlətin siyasətində o düzlük varsa, onu dəstəkləyirik. Azmı olub vaxtilə sənətkarlar üsyan ediblər hakimiyyət başçısına. Olub axı belə şeylər. İndi də bizim qarşımızı heç kəs kəsməz. Bir çağırışa milyonlarla insan çıxar qarşımıza. Çünki bizə inam var. Burda nə bizi öyrədən var. Hər halda mən özümə cavab verirəm. Nə bizi bir imza atmağa məcbur edirlər. Nə söz deməyə bizə yasaq qoyurlar. Hər kəs öz vicdanı qarşısında borcludur. Xalqın qarşısında mən sidq ürəklə deyirəm ki, mən sülh tərəfdarıyam. Mən yalnız və yalnız birlik tərəfdarıyam. Əgər hər hansı bir naqislik varsa, onu yalnız bir nəfərin adına bağlamaq düzgün deyil.

- Amma insanların səs verdikləri və ya səs verməsələr də, prezident postunda gördükləri insana haqlı sualları və iradları ola bilər. Bir teatr rəhbəri kimi sizi maraqlandırırmı İlham Əliyevin övladlarının Dubaydakı mülklərinə xərclənən pula...

- Siz olmusunuz orada? Görmüsünüz o xərcləri yəni? Şahidisiniz?

- Mülkləri görməmişəm. Amma “Silkwaybank”ın İlham Əliyevin qızı tərəfindən qeyri-qanuni özəlləşdirildiyi barədə sənədləri görmüşəm.

- Vallah, mən görməmişəm. Onu deyə bilmərəm. Biz çoxdanmı başlamışıq xalqın pulunu saymağa, xalqın sənədlərini yoxlamağa?

- Xalqdan getmir söhbət, prezidentdən gedir.

- O da xalqın bir nümayəndəsidir də.

- Söhbət seçilmiş vəzifə tutan insandan gedir.

- İndi seçilib, onun yəni pulu olmamalıdır?

- O, öz mal varlığını hər seçkidə bəyan etməlidir, şəffaf etməlidir.

- O başqa. Qanun çıxanda onu edəcək yəqin.

- O qanun var.

- Qanun varsa, yəqin veriblər hardasa. Mən belə şeyləri yoxlamaq fikrində deyiləm. Onu deyirlərsə... Biri deyir, biri inkar edir.

- İnkar etmirlər.

- Deyir halal xoşları olsun. Nə mənim cibimə giriblər, nə sizin.

- Əminsiniz?

- Mən əminəm. Çünki mənim cibimə girib nə götürəcəkdilər oradan? Hər halda milyona çatmaz.

- Vergi ödəmirsiniz, Amaliya xanım?

- Ödəyirəm.

- Siz keyfiyyətli tibbi xidmət ala bilirsiniz ödədiyiniz vergi hesabına?

- Yox. Vergi ilə yox.

- Sizin övladlarınıza xidmət edəcək neft gəlirlərinin faydasını görürsünüzmü?

- Biz müstəqilliyə təzə başlamışıq və başlamışıq çox tələblər etməyə. Gələcək görünür. O dövr də gələcək ki, bizi sığortalayacaq. Biz də görməsək, ümidvar olaq ki, övladlarımız görəcək bunu.

- Amma siz hazırda övladınıza çatacaq sərvəti çox bədxərcliklə xərcləyən hökuməti dəstəkləyirsiniz. Sizə elə gəlmirmi ki, siz öz övladlarınızın cibinə girmək üçün hökumətə kömək edirsiniz?

- Biz indi çox şey deyə bilərik və çox mövzuya toxuna bilərik. Elə sahə var ki, mənim ora müdaxilə etməyə nə həvəsim var, nə istəyim, nə də bacarığım. Mən bilmirəm bu sahələri. Ona görə də mən naşıyam bu sahələrdə. Mən elə tərbiyə almışam ki, heç qonşumla maraqlanmaram ki, nə var, nə yox. Mənim öz fikrim, öz dərdim, öz xeyrim, öz şərim, özümə bəsdir.

- Dinləyici yazır: Sizi Elçibəy təyin etdi o teatra. Niyə onu da tərifləmirsiniz?

- Yox mən deməzdim. Elçibəy təyin etmədi. Mənim Elçibəyə çox böyük hörmətim vardı. Onu tanıyırdım da. Amma ki, Elçibəyin dövründə olmadı bu.

- Dinləyici yazır: Amaliya xanımın çox yüksək aktyorluq qabiliyyəti var. Bugünkü rolunu da çox gözəl oynayır.

- Dinləyici məni həyatda tanımış olsaydı, bilərdi ki, mən heç vaxt səhnə ilə həyatı qarışdırmamışam. Səhnədə mən tam başqayam, həyatda tam başqa.

Davamı

XS
SM
MD
LG