Keçid linkləri

2024, 28 Aprel, bazar, Bakı vaxtı 13:07

Astara sakini: 'Dəniz qulağımızın dibindədir, balığa həsrətik...'


Kütüm balığı bahadır
Kütüm balığı bahadır

Bu gün, martın 5-i Od çərşənbəsidir. Novruz ərəfəsində hər il, adətə görə, dörd çərşənbə qeyd edilir. 2024-cü il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək.

El adətinə görə, Novruz çərşənbələrində (xüsusilə də sonuncu- Torpaq çərşənbəsində) ailələrdə süfrələr bəzədilir. Bayram süfrəsində, adətə görə, müxtəlif nemətlər yer alır. Bəzilərinə görə, bu nemətlərdən biri də kütüm balığı olmalıdır.

Amma bayram ərəfəsində adətən kütüm balığı bahalaşdığından onu bəzi insanlar ala bilmədiklərindən gileylənirlər.

"700-800 qramlıq kütüm 25-30 manata satılır"

Hazırda Astara "mərkəzi" bazarında 700-800 qramlıq kütüm balığı 25-30 manata satılır. Balığın çəkisi artdıqca qiymət də qalxır. Bir yaşlı qadın deyir ki, 20 manatı var, bu məbləğə uyğun balıq istəyir: "Ötən il bayrama bir gün qalmış kütüm balığının qiyməti 40-50 manata qalxdı, ala bilmədim. Bu il balığı tez almaq istəyirəm. Evdə saxlamaq üçün soyuducu var. Di gəl ki, 20 manata kütüm balığı yoxdur. Dəniz qulağımızın dibində olsa da, balığa həsrətik. İmkanlı adamlar balıq alır, biz ala bilmirik".

Satıcı deyir ki, qiyməti balıqçılar qaldırır, o da hər balığın üstünə 1 manat qoyub satır: "Məndən nə istəyirsiniz?! Qiymət mənlik deyil. Kütüm balığı hər il bayramqabağı bahalaşır. Ötənilki qiymətlə builki qiymət arasında elə də fərq yoxdur. Qonşu rayonlarda da balıq bahadır. Dünəndən bir-iki balıq satmışam. Gəlirlər, baxırlar, gedirlər, almağa pulları yoxdur".

Balığı hər kəs ala bilmir
Balığı hər kəs ala bilmir

"İnanın ki, özüm balıq tuturam, amma dilimə balıq dəyməyib"

Astara şəhər sakini Zabir Ağayevin sözlərinə görə, bahalaşan təkcə kütüm deyil: "Dənizdən gələn ləpənin səsini eşidirik. Balıq bahadır. Qara kürünü yaddan çıxartmışıq. Deyirlər ki, qara kürü məmurlara layiq yeməkdir. Nərə kimi balıqların əti də bahadır, kasıb üçün deyil. Kiloqramı 40-45 manatadır. Qabaqcadan kütüm balığı almışam. Bayrama bir-iki gün qalmış 600-700 qramlıq kütüm 50-60 manata qalxır. Bayram başa çatandan sonra qiymət bir qədər düşür".

Xəzər dənizinin sahil zolağında çoxlu tor qurulub. Yaxınlıqda balıqçılar da var. Yad adam görən kimi sahildən uzaqlaşırlar. Balıqçılardan biri suallarımıza cavab verməyə razılaşır. O deyir ki, tor quranların çoxunun sənədi yoxdur. Onun əlavə etməsinə görə, dənizdə balıq tükənir: "Mənim 52 yaşım var. Atam balıq tutardı. Rəhmətə gedəndən sonra mən bunu davam etdirirəm. Dənizdə balığın necə azaldığını görürəm. Tora iki-üç balıq düşəndə sevinirik. Soruşursunuz ki, nə üçün kütüm balığı bahadır? Qurduğum toru ötən il nisyə almışam, 500 manat borcum var. Adətən borcları ilin bu aylarında ödəməyə çalışırıq. İnanın ki, özüm balıq tuturam, amma dilimə balıq dəyməyib. Çox çətindir. Balıq tükənir, uzağa gedənlər tuta bilirlər...".

Hər addımda tor qurulub
Hər addımda tor qurulub

"Əvvəlcə qızılbalıq, sonra nərəkimilər yoxa çıxdı"

Astara şəhər sakini Asən Həşimlinin deməsinə görə, iş tapa bilməyənlərin bəzisi balıq tutur, bəzisi də taksi sürür: "Balıq ovlayanların çoxu peşəkar deyil. Bir dənə tor alır, qurur dənizdə. Fikirləşir ki, çörəkpulu çıxartsın. O toru da güclü külək olanda aparır. Qaldı balığın qıtlığına, bu, ötən əsrin 90-cı illərin ortalarından başlayıb. Əvvəlcə qızılbalıq, sonra nərəkimilər yoxa çıxdı. Rayonda iki yerdə balıqyetişdirmə müəssisəsi var. Orada həm bölgə, həm də qızılbalıq yetişdirirlər. Dəniz kənarında yerləşən elit restoranlarda hansı balıqdan istəyirsən verirlər. Bu restoranlarda da kasıblar olmur".

Onun vurğulamasına görə, balıq əti hər kəs üçün əlçatan deyil: "Mənim bir qonşum var, Novruz süfrəsinə kütüm balığı qoymaq üçün bir il pul tədarük edir. İndi balıq alacaq, növbəti bayram üçün kassasına hər ay bir-iki manat pul atacaq. Qapılar açıq olanda İrandan bölgə balığının ətini gətirirdilər, ucuz verirdilər. Almaq olurdu, indi yox. Əhalinin alıcılıq qabiliyyəti də aşağıdır. Elə ailələr var ki, imkansızlıqdan bayram süfrəsi açmırlar".

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərində məhdudiyyətlər tətbiq edilib. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını desə də, Azərbaycan sərhədləri açılmır. Rəsmilər bunu indi təhlükəsizlik amili ilə izah edirlər.

Astara şəhər icra nümayəndəliyindən isə bildirdilər ki, qanun daxilində işləyən balıqçının problemi yoxdur: "Biz də istəyirik ki, hər bir ailənin ilaxır çərşənbə süfrəsində kütüm balığı olsun...".

Mövzu ilə bağlı hüquq-mühafizə orqanları ilə isə danışmaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG