Prezidentin köməkçisi mülki təyyarələrlə silahların daşınmasından danışıb
"Bizim məqsədimiz yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir...".
AZƏRTAC-ın xəbərinə görə, bunu oktyabrın 19-da ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi qeyd edib ki, bu münaqişə gələcək nəsillərə saxlanmamalıdır. O, əlavə edib ki, Ermənistan öz diasporunun köməyi ilə "qara bazar"dan silahlar alaraq mülki təyyarələr vasitəsilə daşıyır.
"Həmin silahlardan Azərbaycanın mülki əhalisinə qarşı istifadə edir. Ermənistana mülki təyyarələr vasitəsilə silahların daşınması beynəlxalq qanunların, o cümlədən beynəlxalq mülki aviasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar Ermənistanın pozucu hərəkətlərinin qarşısını almalıdır", - o vurğulayıb.
Tərtərdə yanğın davam edir
Yanğının müəssisənin əsasən anbarlarında baş verdiyi bildirilir. Yerli sakinlərin deməsinə görə, iki anbarda yanğın hazırda davam edir. Yanğın söndürənlərin onu lokallaşdırmağa çalışdıqları bildirilir. Anbarlarda pambıq olduğu qeyd edilir.
Tərtər və Ağdamın atəşə tutulduğu bildirilir
"Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutur".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 19-u saat 16:50 radələrində yayıb.
S.Lavrov: "Tərəfləri əsas maddələrə razılaşmağa vadar etməliyik"
Sergey Lavrov münaqişənin siyasi həllinə yönəlik cəhdlərin əsaslı şəkildə sürətləndirilməsinin vacibliyini, bu məqamın Moskva bəyannaməsində də yer aldığını vurğulayıb.
"ATƏT-in Minsk qrupu həmsədrləri olan Rusiya, Fransa və Birləşmiş Ştatlar tərəflərlə detallı, hərtərəfli prinsipləri hazırlayıb və müzakirə ediblər. Fikrimcə, bu prinsiplərdə bütün suallara cavablar əks olunub. Və bu tarixi məqamda mümkün çərçivədə biz tərəfləri əsas maddələrə razılaşmağa vadar etməliyik. Bu, uzunmüddətli perspektivdə regiondakı durumu sabitləşdirəcək, iqtisadi və nəqliyyat kommunikasiyalarını bərpa edəcək və həm Dağlıq Qarabağ, həm də orada yerləşən digər ərazilər üçün etibarlı təhlükəsizliyi təmin edəcək", – Lavrov bildirib.