Pompeo nazirlərə deyəcək ki...
Bakı sülhə nail olmaq cəhdlərinə sadiq qalır. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra deyib.
"Bayramov Azərbaycanın münaqişəni dinc yolla həll etməyə sadiqliyini vurğuladı", – Bülbüloğlu Rusiyanın TASS dövlət agentliyinə deyib.
Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 23-də Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşməlidirlər.
Pompeonun jurnalistlərə deməsinə görə, o, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə deyəcək ki, "irəliyə doğru yol münaqişənin dayandırılması, de-eskalasiya, hər bir ölkənin kənar durması – münaqişəni alovlandırmaması, silah sistemləri, yaxud dəstək verməməsidir".
"Bu halda hamı üçün qəbul edilən diplomatik həlli potensial olaraq əldə etmək olar", – o, sözlərinə əlavə edib.
Sarkisyan NATO qərargahında
Ermənistan Prezidenti Armen Sarkisyan oktyabrın 21-də Brüsseldə NATO-nun qərargahında olub. Hərbi alyansın Baş katibi Yens Stoltenberq azərbaycanlıları və ermənistanlıları atəşkəsə əməl etməyə çağırıb.
"NATO və beynəlxalq təhlükəsizlik üçün əməliyyatların, əziyyətin dayandırılması, dinc həllin tapılması vacibdir", – o deyib.
"Bakı xahiş edərsə..."
Türkiyənin vitse-prezidenti Fuat Oktay oktyabrın 21-də bir daha ölkəsinin Azərbaycana dəstəyini dilə gətirib. O deyib ki, Bakı xahiş edərsə, Türkiyə bu ölkəyə hərbçilərini göndərməyə tərəddüd etməyəcək.
F.Oktay ATƏT-in Minsk qrupunun Yerevanı dəstəklədiyini, münaqişənin həllini yubatmağa çalışdığını iddia edib.
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb
Bu gün, oktyabrın 21- də Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
“Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb”, deyə məlumatda deyilir.