İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda yazılıb ki, Prezident İ.Əliyev Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin (faşizm üzərində qələbənin-red.) 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını bildirib: "Qeyd edib ki, ölkəmiz bu tədbirdə müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq. Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını qeyd edərək, telefon zənginə görə təşəkkürünü bildirib".
Məlumata görə, dövlət başçıları Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar: "Prezident İlham Əliyev bildirib ki, onun Rusiya prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib. Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar".
Bundan əvvəl də prezidentlərin telefon danışıqlarında Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyət müzakirə edilmişdi.
Azərbaycan-Rusiya sərhədində nə baş verib?
Koronovirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin (bir neçə dəfə uzadılıb) elan edilib. Aprelin əvvəlindən isə Azərbaycan hökuməti ölkəyə giriş-çıxışı dayandırıb.
Son bir neçə ayda yüzlərlə Azərbaycan vətəndaşının Dağıstanda (Rusiya ərazisində) sərhəddə yığılaraq ölkələrinə keçmək istədikləri bildirilir. Onların, əsasən, işləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşları olduğu söylənir.
Son bir neçə ayda onların yalnız bir hissəsinin istəyini gerçəkləşdirə bildiyi açıqlanıb. 3 gün öncə, iyunun 15-də isə sərhəddə adlarını Azərbaycana keçəcək insanların siyahısında görə bilməyən şəxslərin etiraz aksiyası keçirdiyi deyilir. Hadisə yerindən verilən məlumata görə, həmin şəxslərin bəziləri sərhədi keçməyə cəhd ediblər və bu zaman Rusiya polisi ilə onların arasında toqquşma baş verib. 90 civarında Azərbaycan vətəndaşının saxlandığı, onlardan bir çoxunun xəsarət aldığı deyilir. Verilən məlumata görə, həmin Azərbaycan vətəndaşlarından bəziləri haqqında cinayət işi açılıb.
Azərbaycan rəsmiləri isə deyiblər ki, sərhəddə yiğışmaq çıxış yolu deyil, karantin yerlərini nəzərə alaraq vətəndaşlar ölkəyə mərhələlərlə gətirilir.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 428 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 451 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə ümumilikdə 10 min 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 133 nəfərin vəfat etdiyi açıqlanıb.