Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

Azərbaycanda hansı dərmanlar istehsal olunur?


«Vətəndaşlar ancaq Avropa malları olan dərmanları axtarır»
«Vətəndaşlar ancaq Avropa malları olan dərmanları axtarır»
Azərbaycanda son illər istehsal olunan ən məşhur dərmanlardan birinin adı İnsanovin idi. Ancaq ağ ciyər xəstələri üçün nəzərdə tutulan dərman 2005-ci ilin oktyabrından sonra istehsaldan və satışdan götürüldü.

Bakıdakı apteklərdə satıcılarla söhbətimizdə onlar indi də saxta dərmanlarla ciddi mübarizə getdiyini bildirdilər. Əczaçılıqla məşğul olanlar deyirlər ki, buna qədər dəfələrlə vətəndaşlar aldıqları dərmanların saxta, təsirsiz olmaları ilə bağlı apteklərə müraciət edirmişlər. Ancaq indi bu faktlar gözgörəsi azalıb. Bununla yanaşı ölkədə istehsal olunan dərmanların çeşidi də artıb:

- Demək olar, bütün növ antibiotiklərdən var.

- Heç olurmu vətəndaşlar ikinci dəfə gəlib desinlər ki, sizdən aldığımız Azərbaycan istehsalı olan dərmanların Avropa variantını verin?

- Olur, ümumiyyətlə, dərman alanda insanlar Avropa malları tələb edir.

Bu mənzərə ilə Bakının daha bir neçə aptekində də rastlaşdıq:

- Satışda Azərbaycan istehsalı olan dərmanlar varmı?

- Çox az.

- Depolarda yoxdur, yoxsa siz özünüz onları satışa çıxarmağa meylli deyilsiniz?

- Tələbat yoxdur. Vətəndaşlar ancaq Avropa malları olan dərmanları axtarır. Artıq Rusiyanın, Hindistanın dərmanlarına da etibar azalıb.

- Furasilin var, spirt var, yod var, Teymurov mazı, Leyner mazı.

- Bəs, Azərbaycan istehsalı olan antibiotiklər varmı?

- Bizdə çox dərmanların istehsalı yoxdur. Ancaq istehsal olunanların keyfiyyəti ilə bağlı problem yoxdur.

- Məsələn, qripə yoluxan xəstəyə Azərbaycan istehsalı olan hansı dərmanı təklif edə bilərsiniz?

- Ancaq otlar. Bizdə güclü antibiotiklər istehsal olunmur.

Bakı sakinləri ilə söhbətimizdən də bəlli oldu ki, vətəndaşlar ciddi xəstəliklərin Azərbaycanda istehsal olunan dərmanlarla müalicəsinə inanmırlar. Çoxları isə ölkədə ümumiyyətlə, dərman sənayesinin olduğundan xəbərsizdir:

- Siz Azərbaycanda istehsal olunan dərmanlardan hansılarını tanıyırsınız?

- İstehsal olunur ki, tanıyaq?

- Mən ümumiyyətlə, heç bir dərmana etibar etmirəm.

- Ancaq Avropa dərmanları.

- Heç vaxt görmədim.

- Yadıma sala bilmirəm.

Tibb Universitetinin əczaçılığın kimyası kafedrasının müdiri, professor Hafiz Əliyev isə deyir ki, son illər Azərbaycanın dərman sənayesinin inkişafı ilə bağlı addımlar atılsa da, bu sahədə hələ görüləcək işlər çoxdur:

- Azərbaycanda istehsal olunan dərmanlar əsasən sadə tərkiblidir. Onlarla güclü xəstəliklərin müalicəsi mümkün deyil. Ancaq yaxşı ki, Azərbaycanda dərman sənayesinin dirçəldilməsinə başlanıb. Hələlik dünyaya çıxarılacaq dərmanlarımız olmasa da, yəqin ki, yaxın illərdə irəliləyişlər olacaq.

H.Əliyev deyir ki, Azərbaycanın zəngin təbiəti ölkədə dərman sənayesinin inkişafı üçün böyük qaynaqdır. Sadəcə, ölkəyə dərman istehsalı üzrə çağdaş texnologiyalar gətirməklə bu təbii qaynaqları insanların sağlamlığına xeyir verəcək hala gətirmək lazımdır.
XS
SM
MD
LG