Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:06

«Üç»ün biri yüz manat...


Azərbaycan Dövlət Pedaqoji Universitetində bir neçə il qabaq baş vermiş rüşvət qalmaqalını yaxşı xatırlayırlar
Azərbaycan Dövlət Pedaqoji Universitetində bir neçə il qabaq baş vermiş rüşvət qalmaqalını yaxşı xatırlayırlar
Azərbaycan Dövlət Pedaqoji Universitetində bir neçə il qabaq baş vermiş rüşvət qalmaqalını yaxşı xatırlayırlar. O vaxt universitetin türk tələbləri iddia etmişdilər ki, onlardan külli miqdarda rüşvət tələb olunur. Buna etiraz olaraq onlar səfirliklərinin qarşısında aksiya keçirdilər. Bundan sonra Türkiyə səfirliyinin təhsil məsələləri üzrə attaşesi məsələni prezidentin və Təhsil Nazirliyinin diqqətinə çatdırdı. Elə bunun nəticəsi olaraq universitetin rektoru vəzifəsindən uzaqlaşdırıldı.

İndi Pedaqoji Universitet yenə qış imtahanları verir. Burada hazırlanan gələcəyin müəllimlərini müsahibəyə razı salmaq xeyli çətin oldu. Əksəriyyəti «qovulası halım yoxdur», deyib, rüşvətlə imtahan vermək barədə danışmaq istəmədilər. Amma aralarında «ürəkli» gənclər tapıldı:

«-Müəllim nə vaxt pul istəyir, tələbə pis oxuyanda, yoxsa, həmişə?
- (gülür) Müəllim üçün fərqi yoxdur, pul olsun...
-Qiymətlər neçəyədir bəs?
-«Üç»ün qiyməti yüz manat...
-Bəs «dörd» neçəyədir?
-Onu bilmirəm.
-«Üç» bahalaşıb?
-Bilmirəm, amma Tarix fakültəsində 100 manatdır, qiyabi şöbədə, amma məsələn, bizim fakültədə «Xarici dil» fənnindən «üç»ü əlli manata yazırlar».

Tələbələrin əksəriyyəti dedi ki, təzə rektordan sonra vəziyyət xeyli dəyişib
Tələbələr deyirlər ki, neft bahalaşan vaxt, yayda müəllimlər qiyməti qaldırmışdılar, bu qış isə bahalaşma yoxdur.
Amma di gəl ki, müsahibə verənlərdən heç biri adlarını demirdilər, biz də «ismipünhan»ların səsini öz xahişləriylə bir balaca dəyişmişik.

Azərbaycan ali təhsil müəssisələrini standartları ilə ayaqlaşmaq istədiyi Qərb universitetlərində tənbəl tələbə və müəllimlə mübarizə üsulunu çoxdan tapıblar. Sistem elədir ki, tələbə imtahana pul vermək istəsə belə, bunu edə bilməz. Müəllim ancaq öyrədir, imtahan tam anonim, şifrəli keçirilir.

Pedaqoji Universitetin sözçüsü Mənsur İbrahimov da deyir ki, onlarda da bütün imtahanlar yazılı, özü də anonim keçilir, rüşvət də yoxdur. İndi görək tələbələr nə deyir:

«-Adımızı yazırıq, sonra onu dekanlıqda kəsib götürürlər, müəllimlər bilmir. Yoxlayanda deyilənə görə adımızı kəsib atırlar...
-Bəs əslində necədir, sizcə?
Pedaqoji Universitetdə «Qaynar xətt» əsas binasının ikinci mərtəbəsində 209 nömrəli otaqda yerləşir
-Məncə, vallah bilməmiş olmazlar, çünki yoxlayan vaxt deyirlər ki, filankəs kəsilib, bilmirsə, necə deyir bəs?!...
-Sizcə, belə şeylər neqativ hallara yol açır?
- (gülür) Nə bilim, vallah, onu özlərindən soruşsanız, yaxşı olar...»

Təhsil naziri Misir Mərdanov əmr verib ki, nazirlik qış semestr imtahanlarının obyektivliyini təmin etmək üçün monitorinq aparsın. Əslində, sistem normal işləsəydi, Təhsil Nazirliyinin müdaxiləsinə ehtiyac olmazdı. Pedaqoji Universitetin əsas binasının ikinci mərtəbəsində 209 nömrəli otağın üstünə «Qaynar xətt» yazıblar. Otaqdakı xanım məni də tələbə sanmışdı...

«- Nə olub kəsirin var?
- Yox, rüşvətə görə şikayətim var...
- Gözlə də, imtahana görə çıxıb buralardadır...»

Yanvarın 8-də günorta saat təqribən ikinin yarısından dördə qədər şikayətimi deməyə məsul şəxs tapa bilmədim. Qarşıma çıxan tələbələrdən heç kim «Qaynar xətt»in nə telefon, nə də otaq nömrəsini bilmirdi:

«Vallah xanım, getməyin mənası yoxdur, vaxt itkisidir. Ən yaxşısı, yüz manat verib, «üç» almaqdır. Gedirsən, Azər müəllimi («Qaynar xətti»in məsul şəxsi) gözləyirsən, gözləyirsən, axırda da xeyri olmur».

Pedaqoji Universitetinin tədris şöbəsinin müdiri Namiq Hacıyev deyir ki, «Qaynar xətt»ə rüşvət faktı ilə bağlı bir dənə şikayət gəlməyib
Pedaqoji Universitetinin tədris şöbəsinin müdiri Namiq Hacıyev dedi ki, Təhsil Nazirliyinin əməkdaşları hər gün universitetə gəlib, maraqlanırlar. Amma indiyə kimi «Qaynar xətt»ə rüşvət faktı ilə bağlı bir dənə şikayət gəlməyib, bir müəllimi də son vaxtlar konkret rüşvətə görə işdən çıxarmayıblar.

Amma onu da deyək ki, Pedaqoji Universitetdə tələbələrin əksəriyyəti dedi ki, bura keçmişin «APİ»si deyil, təzə rektordan sonra vəziyyət xeyli dəyişib, rüşvətlə mübarizə güclənib. Rüşvəti əsasən oxumayan tələbə verir və bu, kütləvi xarakter daşımır.

«Şəffaflıq Azərbaycan» təşkilatının hüquqşünası Yusif Ağayev deyir ki, ölkədə təhsil ən çox korrupsiyalarmış sahələrdən biridir, bu problem əksər universitetlərdə var, amma keçən il bütün şikayətlərin cəmi dörd faizi təhsil sahəsindən olub, bunun da yarısı anonimdir. Hüquqşünas deyir ki, əslində bütün problem elə anonimliklə bağlıdır, Azərbaycan qanunvericiliyi vətəndaşın – anonim şikayətini araşdırma üçün əsas hesab etmir, adamlar isə öz adlarını deməyə çəkinirlər:

«Bu günə kimi biz çalışırıq ki, şahidlərin qorunması haqqında qanun qəbul olunsun. Yəni, hər bir şəxs qorxmadan cinayət haqqında dövlətə məlumat verə bilməlidir. Vətəndaşların çoxu məlumatı ötürməyə çəkinirlər, çünki dövlət onu dəstəkləmir». Yusif Ağayev deyir ki, Qərb ölkələrinin əksəriyyətində belə qanunlar var. Halbuki, bu, rüşvətlə mübarizə aparmaq üçün dünyanın qəbul etdiyi əsas yollardan biridir.
XS
SM
MD
LG