Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:27

«Elə məmurlar var ki, öz dillərindən bəlaya düşmək istəmirlər»


Ələsgər Məmmədli
Ələsgər Məmmədli
İnsan haqlarından biri də informasiya əldə etmək haqqıdır. Amma Azərbaycanda həmin hüququn təminatının hansı səviyyədə olması ilə bağlı müxtəlif fikirlər var.

«Hər kəsin haqqı var» verilişinin qonağı olan «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyir ki, Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub. Amma bu o demək deyil ki, informasiya toplamaqla bağlı problemlər yoxdur:

«Bunun səbəbləri müxtəlifdir. Əvvəla, ölkədə mətbu orqanları çoxdur, onların hamısı bir mənbədən informasiya almaq istəyir. Digər tərəfdən, qəzetlərin heç də hamısı informasiya toplamaq marağı ilə bu mənbələrə müraciət etmirlər. Və jurnalistlərin informasiyaya qeyri-peşəkar yanaşması da mövcuddur».

B.Sadıqov hesab edir ki, bəzən mənbələr tənqid olunacağından şübhələndiyinə görə informasiyanı vermək istəmirlər:

«Elə məmurlar var ki, öz dillərindən bəlaya düşmək istəmirlər. Buna görə də başlayırlar öz qəzetlərini buraxmağa. Elə hesab edirlər ki, bununla da cəmiyyəti informasiya ilə təmin etmiş olurlar».

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə bildirir ki, Azərbaycanda informasiyanın əldə olunması ilə bağlı qanunvericilikdə problem yoxdur. Məsələ onun necə tətbiq olunmasındadır:

«İnformasiyanın yayılması, sorğuların cavablandırılması ilə bağlı ciddi problemlər var. Amma getdikcə bu baxımdan Azərbaycanda yeni bir mədəniyyət formalaşır.
Bəxtiyar Sadıqov
Qanunvericiliyə görə, informasiya sahibi olan qurumlarda informasiya məsələləri ilə məşğul olan şöbələr yaradılmalıdır. Milli Məclisdə, bir sıra nazirliklərdə belə qurumlar var. Amma hələ də bir çox nazirliklər, dövlət orqanlarında həmin işi mətbuat xidmətləri görür».

Operativ informasiya almaq probleminə gəlincə, aprelin 30-da Dövlət Neft Akademiyasına hücumla bağlı informasiya almaqda çətinlik çəkən xeyli jurnalist olub. «Yeni Müsavat» qəzetinin əməkdaşı Elşən Məmmədəliyev deyir ki, hadisə yerində olan rəsmi qurumlardan heç birinin nümayəndəsi jurnalistlərin qarşısına çıxmayıb. Buna görə də hadisə ilə bağlı xeyli şayiələr yayılıb.

Bəxtiyar Sadıqov isə bu məsələdə dəqiq məlumatın dərcinə üstünlük verir:

«Mən tam dəqiqləşdirilməmiş, kiminsə ağzından verilən informasiyanı dərc etdirməzdim. Şərait yaradılmışdı. Bu hadisədəki problem bizim jurnalistlərin əsasən ekstremal şəraitə hazır olmamasından, belə şəraitdə işləməyə alışmadığından irəli gəlirdi».

Bəxtiyar Sadıqov hesab edir ki, informasiya alınması sahəsində irəliləyişə nail olmaq üçün məlumat mənbələri ilə yanaşı, jurnalistlərin özləri də bəzi problemlərin həllinə çalışmalıdır:

Elşən Məmmədəliyev
«İnformasiya toplamağın özü peşəkarlıqdır. Sorğunu elə yazmaq olar ki, mənbə heç nədən şübhələnmədən ona cavab verər».

Verilişdə o da bildirildi ki, Azərbaycanda son illər informasiya sorğularına cavab vermədiyinə görə, xeyli dövlət qurumu məhkəməyə verilib. Media Hüququ İnstitutunun müxtəlif qurumlara göndərdiyi 300 informasiya sorğusundan 30 faizinə reaksiya verilib. Onlardan da yalnız 3-4-də sorğuda tələb olunan məlumat əks olunub.

Ələsgər Məmmədli hesab edir ki, informasiya sorğularının göndərilməsi informasiya açıqlığına müəyyən təkan verəcək:

«Artıq Avropa İnsan Hüquqları Məhkəməsi informasiya almaq hüququnun təminatı ilə bağlı məsələyə baxıb və onu iddiaçının xeyrinə həll edib. İnformasiya sorğularına bu cür etinasız yanaşması gələcəkdə Azərbaycan üçün mənfi tendensiya yarada bilər».
XS
SM
MD
LG