Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:07

«Təhsil sektorunun bel sütunları laxlayır»


«Azadlıq»: «Prioritet sahə kimi təhsillə bağlı hər məqam diqqəti çəkir. İndi də yaşlı müəllimlərlə bağlı məsələ gündəmə gəlib. Belə ki, təhsil müəssisələrində işləyən yaşlı müəllimlərin fəaliyyətinə qoyulacaq məhdudiyyətlə bağlı Təhsil Hazirliyindən məlumat verilib.

Bildirilib ki, bir sıra şəhər və rayonlarda pensiya yaşı çatmış müəllimlərin siyahısı dəqiqləşdirilərək bu istiqamətdə işlər görülür. Məsələnin «Təhsil haqqında» qanunun tələbləri çərçivəsində həll olunduğu qeyd edilən məlumatda həmçinin vurğulanıb ki, bu, hamıya aid olmaya da bilər. Yəni təqaüd yaşı çatsa da, fiziki və zehni qabiliyyətində qüsuru olmayan müəllimlər məcburi surətdə işdən çıxarılmayacaq. Paytaxtda isə yaşlı müəllimlərin sayının 4274 nəfər olduğu bildirilir.

Heç kimə sirr deyil ki, uşaqlarını ibtidai sinfə hazırlayan valideynlərin 99 faizi bu gün yaşlı müəllimlərə üstünlük verir. Bu bir reallıqdır ki, illərin təcrübə və səbr, uşaqlarla işləmək qabiliyyəti və bacarığını önə çəkən ata-analar seçimdə yaşlı müəllimlərə üz tutur. Onu da qeyd edək ki, yaşlı müəllimlərin təqaüdə çıxmasıyla əlaqədar bu məsələ illər öncə də gündəmə gətirilmişdi. Lakin məsələyə münasibət birmənalı olmadığından fikir müxtəlifliyi onun reallaşmasına imkan vermədi».

«Bizim Yol»: «Hazırda Azərbaycanda 500 hotel fəaliyyət göstərir ki, onların da 165-i Bakıda yerləşir. Bu obyektlərdən 70-dən çoxunun ulduzu var. Lakin ölkədə xidmət göstərən hotellərin cəmi 300-ü lisenziya alıb. Paytaxtın mərkəzi küçələrində yerləşən “The Landmark Hotel-Baku”, “Royal Park Hotel”, “Qala”, “Smart hotel” və bir sıra bölgələrdə hotellərin lisenziyasız fəaliyyət göstərdiyi açıqlanıb. Maraqlıdır, bu günə qədər həmin lisenziyasız hotellər necə fəaliyyət göstərib? Bakı mehmanxanalarında qiymətlər turistlərin və ya bölgələrdən gələnlərin cibinə münasibdirmi?
Qəzet yazır ki, lisenziyasız otellərdə qiymətlər bahadır.

İlk baş çəkdiyimiz obyekt Nizami küçəsi-96 ünvanında yerləşən “The Landmark” hoteli oldu. Hotel beşulduzludur və qiymətləri daha çox xarici turistlərin cibinə münasib hesab etmək olar. “Reseption” vəzifəsini icra edən xanım hotelin sıravi vətəndaşlara xidmət göstərmədiyini bildirdi: “Bizdə yerlər yalnız şirkət işçiləri üçün nəzərdə tutulub. Hazırda firmalarla işləyirik. Yalnız 3 aydan sonra istənilən vətəndaş üçün kampaniya təşkil olunacaq”. Onu da deyək ki, “The Landmark”ın qapıları xarici vətəndaşların üzünə açıqdır. Hotelin bir müştəri üçün günlük xərci 165 manat müəyyən edilib. “Reseption”da çalışan xanımın sözlərinə görə, 165 manatın üzərinə 18 faiz vergi də gəlir. Nəticədə “The Landmark”da bir günlük otel üst-üstə hesablayanda 205 manat edir.

«Yeni Müsavat»: Hacı Ələsgərov Zabrat qəsəbə nümayəndəsinə 2-3 min «şirinlik» vermədiyi uçun cəzalandırıldı. Dünən redaksiyamıza zəng vuran Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin sədr müavini Hacı Ələsgərov Sabunçu rayon icra başçısının göstərişi ilə Zabratdakı evinin söküldüyünü söylədi. Dərhal Zabrat qəsəbəsinə gedib hadisənin təfərrüatı ilə tanış olduq. Biz sökülən evin olduğu əraziyə çatanda Sabunçu RİH-nin nümayəndələri polislərin müşayiəti ilə Hacı Ələsgərova məxsus olan evi sökürdülər. Bu haqsızlığa dözməyən qonşular isə özlərini traktorların qabağına vermişdi. Hacı Ələsgərov bizimlə söhbəti zamanı bildirdi ki, icra hakimiyyətinin Zabrat qəsəbə nümayəndəliyi evi onun heç bir sənədinin olmamasmı əsas gətirərək sökür: «Halbuki ölkədə icazəsiz daşı-daş üstə qoymağın mümkün olmadığnı hamı yaxşı başa düşür. Bu iki sot torpağı 3 min manata almışam. Bütün sənədlərim də qaydasındadır».

Söküntü işlərini həyata keçirən icra nümayəndəsi - Fərid adlı şəxs isə bizə bildirdi ki, sakinlərin heç bir sənədi yoxdur və onlar burada tam qanunsuz olaraq məskunlaşıblar: «Mən yalnız onu deyə bilərəm ki, sökülən evlərin heç birinin qanuni sənədi yoxdur. Başqa məlumat almaq istəyirsinizsə, gedin icra hakimiyyətinə».

«Yeni Azərbaycan»: Hərbi Doktrina parlamentin payız sessiyasında müzakirəyə çıxarıla bilər – bu barədə hakim partiyadan olan deputat Aydın Mirzəzadə müsahibəsində bildirib:

«Təhlükəsizlik və müdafiə komitəsi müəyyən sənədlər üzərində iş aparır. Komitənin Milli Məclisə müvafiq qanun layihələri təqdim etmək və bəzi qanunvericilik aktlarına edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı planları var. Həmçinin, Milli Məclisin gündəliyinə çıxarılacaq məsələlərin müzakirəsində həm komitə, həm də millət vəkilləri olaraq, fəal iştirak etmək əzmindəyik. Bir sözlə, ayın 15-dən sonra komitəmiz birinci iclasını keçirəcək, məsələlər dairəsini müəyyənləşdirəndən sonra bu barədə mətbuata daha geniş məlumat verəcək».
XS
SM
MD
LG