Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 02:34

FİFA rəsmiləri ölkələrə səs vermək üçün rüşvət istəyirlərmiş?


South Africa -- Jabulani, the official balloon of the 2010 FIFA World Cup - generic
South Africa -- Jabulani, the official balloon of the 2010 FIFA World Cup - generic
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) iki məsul işçisinə qarşı rüşvət iddiaları araşdırmağa başlayıb. İddialara görə FİFA-nın həmin iki məsul işçisi 2018 və 2022-ci illərin Dünya çempionatının keçiriləcəyi ölkənin müəyyənləşdirilməsi üçün keçirilən seçkidə səslərini pulla satmağı planlaşdırımış. Bunu “Sunday Times” qəzetinin araşdırmaları üzə çıxarıb.

Qəzetin yazdığına görə FİFA-nın Icraiyyə Komitəsinin Nigeriyadan olan üzvü Amos Adamu özəl söhbət zamanı dörd süni örtüklü stadionun tikilməsi üçün 800 min dollar pulun birbaşa ona ödənilməsi ilə kimə səs verəcəyini müəyyənlədirəcəyini deyib.

İcraiyyə Komitəsinin daha bir üzvü, FİFA-nın Taitidən olan vitse-prezidenti və Okeaniya regional konfederasiyasının başçısı Reynald Temarinin də səsi üçün rüşvət istədiyi iddia olunur. Temari Yeni Zelandiyada futbol akademiyasının tikintisi üçün 1.5 milyon funt-sterlinq pul istəməkdə ittiham olunub.

Adamu və Temarinin daxil olduğu 24 nəfərlik FİFA Komitəsi gizli səsvermə yolu ilə dekabrın 2-də 2018 və 2022-ci illərin futbol üzrə dünya çempionatının keçiriləcəyi ölkəni seçməlidir.

2018-ci il oyunlarına İngiltərə ilə yanaşı Rusiya, Portuqaliya, İspaniya, Niderland və Belçika iddialıdırlar. 2022-ci il dünya çempionatının ev sahibliyi uğrunda isə 5 ölkə mübarizə aparır: Avstraliya, Yaponiya, Cənubi Koreya, ABŞ və Qətər.

“İndependent” qəzeti FİFA-dakı mənbəyə istinadla yazır ki, qalmaqalla əlaqədar dekabrın 2-nə planlaşdırılan səsvermə təxirə salına bilər. Çünki, seçim prosesində qanunsuz hərəkətlərlə bağlı başqa ittihamlar da üzə çıxa bilər. Ancaq Icraiyyə Komitəsinin üzvlərindən biri, amerikalı Çak Blazer səsverməni təxir salmaq üçün heç bir əsas görmədiyini deyib.

FİFA-nın bəyanatında isə qeyd olunur ki, təşkilat məsələ ilə bağlı bütün əlaqəli sənəd və məlumatları tələb edib. Bəyanatda deyilir ki, FİFA əldə edilən sənədləri dərhal təhlil edəcək və bu təhlillər başa çatdıqdan sonra növbəti addımı yalnız qurum özü atacaq.

FİFA rəsmiləri ilə görüşərkən “Sunday Times” qəzetinin müxbirləri özlərini Amerikanın biznes maraqları üçün işləyən lobbiçilər kimi təqdim ediblər. Amma Birləşmiş Ştatlar millisinin jurnalistlərin məxfi planlarından xəbəri olmayıb.

“Sunday Times” qəzetinin bu qalmaqallı məlumatından sonra başqa jurnalistlər adları çəkilən Adamu və Temari ilə əlaqə qurmağa çalışsalar da, buna nail ola bilməyib.
XS
SM
MD
LG