Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:12

Teledebatlarda Dubay mülkündən danışıldı


İctimai TV-də debatlar
İctimai TV-də debatlar
Oktyabrın 22-də İctimai TV-də deputatlığa namizədlərə verilən pulsuz efir vaxtı 5 seçki dairəsi üzrə 23 namizədin iştirakı ilə davam etdi. Ən çox namizədin qeydə alındığı 29 saylı Səbayel Seçki Dairəsində beş namizəd ikisinə qarşı birləşdi.

«İnsan naminə» blokunun namizədi Namiq Məmmədov isə söz savaşına qoşulmayıb, əvvəldən hazırladığı mətni öz efir vaxtında dəqiqələrə bölüb oxudu.

Artıq deputatlıq müddəti bitən Fuad Muradov bildirdi ki, onun çıxışı seçicilərə hesabat xarakterlidir və beş ildə o, 2006 ailə ilə görüşüb, onların da 600-ünün problemini dərhal həll edib, yerdə qalanların da işini aidiyyəti qurumlara tapşırıb.

DUBAY MÜLKÜ, AYI ƏTİ

«AXCP-Müsavat» blokunun nümayəndəsi Həsən Kərimov isə Neft Fondunun talan edilməsini söylədi:

«Rayonların sosial-iqtisadi problemlərindən danışırsız, Heydər Əliyev muzeyləri tikmək, Heydər Əliyevə heykəllər qoymaq, onun adına park salmaq nə vaxtdan sosial-iqtisadi inkişaf göstəricisi olub».

Həsən Kərimov opponentindən onu da soruşdu ki, prezident İlham Əliyev Dubayda 75 milyon dollarlıq villaları hansı vəsait hesabına alıb, nazir Ziya Məmmədovun oğlu bir milyon manata yediyi ayı ətinin pulunu haradan alıb?»

Həsən Kərimov
«2 milyona yaxın adam Azərbaycanı tərk edib. Vergi orqanları sahibkarların başına oyun açır. Bu ittihamlara cavab verin» deyən Həsən Kərimova cavab aparıcıdan gəldi. O, bütün namizədlərdən ödənişsiz efir vaxtından sui-istifadə hallarına yol verməməyi xahiş etdi.

Fuad Muradov isə bildirdi ki, hakimiyyətin gördüyü işləri anlamaq üçün bir neçə universitet bitirmək lazımdır. Həsən Kərimova xitabən «Sizin liderlərinizin uşaqları xaricdə oxuyur, siz isə burda boş ittihamlar deyirsiz» deyən Fuad Muradov Bibiheybət, Badamdar «əhlinə» söz verdi ki, onları belə adamlardan qoruyacaq.

«ELÇİBƏYİN HEYKƏLİ»

Elşad Abdullayev şüarının «hər şeydən öncə Səbail!» olduğunu dedi. O, Həsən Kərimova üzünü tutub dedi ki, heykəllərdən çox danışmasın, çünki «Əbülfəz Elçibəyə heykəli də son nəticədə bu dövlət qoyub».

«Qarabağ» blokunun təmsilçisi Sadiq Həsənov isə Badamdarda 300 ailənin kompensasiya verilmədən evindən çıxarılması təhlükəsiylə üz-üzə qalmasından, rayonun su, qaz, işıq problemlərindən danışdı.

TAHİR KƏRİMLİNİN VƏDİ

Tahir Kərimli
85 saylı Şamaxı Seçki Dairəsinin namizədləri də onlara ayrılan vaxtın ilk dəqiqəsini öz tərcümeyi-hallarına sərf edib sonrakı 1-2 dəqiqəni də saniyələrə paylaşdırdılar.

Bu debata emosiyanı Tahir Kərimli gətirdi. O, iqtidarın apardığı siyasəti dəstəklədiyini bildirdi, amma qeyd etdi ki, Şamaxı icra hakimiyyəti başqa namizəd - Elxan Süleymanovu (o, debatda iştirak etmirdi) müdafiə edir. Tahir Kərimli söylədi ki, «ümidi prezident İlham Əliyevədir». «Mənim sizə verməyə milyonlarım yoxdur» deyən Tahir Kərimli seçicilərinə «ürəyindəki odu» vəd verdi.

«AXCP-Müsavat» blokunun namizədi Məzahir Məmmədov isə Şamaxıda villalar olan yerlərdə görüşməyə seçici tapmayıb:

«Şamaxıya gəlib o villaları, gözəl evləri görəndə sanmayın ki, onlar şamaxılılarındı, heç villaların mühafizəçiləri də şamaxılı deyil»..

YAP-ın namizədi Eyvaz Eminəliyev isə rayonda sosial-iqtisadi inkişafdan danışıb, Məzahir Məmmədlinin və Tahir Kərimlinin seçiciylə görüş problemini özlərində axtarmağı məsləhət bildi. Onun fikrincə, seçicilər sadəcə onların görüşünə gəlmək istəməyiblər.

«BİZİM OPPONENT»

Elton Məmmədov
91 saylı Ucar Seçki Dairəsinin namizədləri də iki cəbhədə birləşmişdi. YAP-ın namizədi Şəhla Abdullayeva ilə keçmiş deputat Elton Məmmədov çıxışlarında bir-birinin sözünə qüvvət verir, hətta «bizim opponent» sözünü işlədirdilər. Onlara qarşı isə «İnsan naminə» blokunun nümayəndəsi Aydın Mirzəyev durmuşdu. O, çıxışlarında yerli problemlər barədə bir o qədər də kəskin danışmadı. Amma dedi ki, tez-tez ölkədə 700 min iş yeri açıldığı deyilsə də, Ucarda işsizlərin sayı çoxalır, «çünki mövcud iş yerlərində əmək haqları aşağıdır».

QIRMIZI LENTLƏRDƏN YUBKA

Elton Məmmədov isə «opponentimin fikri ilə razı deyiləm» deyib Ucarın gündən-günə gözəlləşdiyindən söz açdı. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı olan Elton Məmmədovun bu sözlərini isə «AXCP-Müsavat» blokunun namizədi Həsən Kərimovun «1 milyon manatlıq ayı əti» söhbətinə cavab da saymaq olardı:

«İqtidarın nailiyyətlərini görməyən müxalifət İlham Əliyevin kəsdiyi lentlərdən özünə yubka tikdirib geyinsin».

«KLUBLARI MÜASİRLƏŞDİRMƏK»...

98 saylı Şəmkir Seçki Dairəsi bəlkə də təhsil işçisi olan namizədlərinin sayı ilə öyünə bilər. Bu dairədə nə az, nə çox dörd müəllim var, hamısı da Əliyev hakimiyyətinin müdafiəçisi... Zakir Bayramov, Aynur Hüseynova və İradə Məmmədova ona görə seçkiyə qoşulublar ki, «seçiciləri belə istəyib». Hər üçü də çıxışını əvvəldən hazırladığı mətndən oxuyurdu. Hətta Aynur Hüseynova «AXCP-Müsavat» blokunun namizədi Fariz Cəfərlinin ittihamlarına da qabaqcadan cavab hazırlamışdı. O, parlamentə ona görə düşmək istəyir ki, milli-mədəni dəyərləri qorusun, «klubları müasirləşdirsin». Əlindəki kağızı üst-üstə 2 dəqiqə 52 saniyəyə oxuyan Aynurə Hüseynovanın seçicisinə deməyə daha sözü olmadığından 1 dəqiqə 2 saniyəsindən istifadə etmədi. Hazır mətni belə çaşmadan oxuya bilməyən İradə Məmmədova isə 40 saniyəsini istifadəsiz qoydu.
XS
SM
MD
LG