Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:31

«Televiziyalar daha çox YAP-ı göstərir»


"MSK seçkiyə fəal hazırlaşır"
"MSK seçkiyə fəal hazırlaşır"
Oktyabrın 29-da ATƏT-in Müşahidə Missiyası Azərbaycanda parlament seçkiləri öncəsi ikinci aralıq hesabatını yayıb. 16-26 oktyabrı əhatə edən hesabatı bəzi ixtisarlarla dərc edirik:

MSK FƏAL İŞLƏYİR

Mərkəzi Seçki Komissiyası (MSK) seçkiyə fəal hazırlaşır. Tez-tez toplaşır, iclaslar müşahidəçilər üçün açıq keçirilir, qərarlar dərhal dərc olunur.

Seçici siyahılarının dəqiqləşdirilməsi üçün ciddi işlər görülür. Siyaılar seçki məntəqələrində gözəgörünən yerlərdən asılır.

İMZALAR NİYƏ ETİBARSIZ SAYILIB?

Namizədlərin qeydə alınmaması bir çox hallarda Seçki Məcəlləsinin maddələrinin düzgün şərh olunmamasından irəli gəlib. Qeydiyyatdan imtinaya əsas səbəb imzaların etibarsız sayılması göstərilib. İmzalar daha çox şəxsiyyət vəsiqələrinin vaxtının bitməsinə görə etibarsız sayılıb. Halbuki MSK-dan ATƏT-in Müşahidə Missiyasına demişdilər ki, bu, etibarsızlığa səbəb ola bilməz. Ancaq namizədlərə hansı imzaların etibarsız sayılması barədə detallı məlumat verilməyib.

ATƏT-in Müşahidə Missiyasına etibarlı məlumatlar gəlib ki, imzasını bəzi namizədlərə verənlərə hədə-qorxu gəlinib, təzyiqlər olub ki, imzalarını geri götürsünlər, həmçinin bəzi namizədlərə, onların qohumlarına, nümayəndələrinə də təzyiq edilib.

ŞİKAYƏTLƏRƏ BAXILMASI

Bakı Apelyasiya Məhkəməsi 50 şikayətə baxıb, onların hamısını rədd edib
Oktyabrın 25-dək MSK 225 şikayətə baxıb. Şikayətlərə təcili baxılır, ancaq geniş müzakirə açılmır. Şikayətlərə baxılanda şikayətçilər çox az hallarda MSK-ya dəvət olunurlar. Bakı Apelyasiya Məhkəməsi 50 şikayətə baxıb, onların hamısını rədd edib.

Qeydə alınmış namizədlərin yarıdan çoxu (387) namizədliyini özü verib, ancaq onlardan bəzilərinin (58) əslində siyasi partiya mənsubiyyəti var. Ən çox namizədi olan YAP-dır (111 nəfər). “AXCP-Müsavat” blokunun 37 qeydə alınmış namizədi var.

SAKİT VƏ ZƏİF SEÇKİ KAMPANİYASI

Seçki kampaniyası çox sakit və zəif keçir. Təbliğat materialından məhdud istifadə olunur. ATƏT müşahidəçiləri seçki kampaniyasında polis və yerli məmurlar tərəfindən bəzi maneələri də qeyd ediblər.

Seçki kampaniyasının rəqabətliliyi ona görə azalıb ki, müxalifət partiyalarının, xüsusilə “AXCP-Müsavat” blokunun perspektivli namizədləri, həmçinin müstəqil namizədlərdən çoxu qeydə alınmayıb.

YAP-IN VƏ MÜXALİFƏTİN GÖRÜŞ YERLƏRİ

Bir çox dairələrdə namizədlərin seçicilərlə görüşü üçün bir qapalı və bir açıq yer ayrılıb. Bəzi dairələrdə əlavə yerlər ayrılsa da, müxalifət namizədləri ATƏT-ə bildiriblər ki, bu yerlər görüşlər üçün yararlı deyil. Böyük yerlərdən əlavə, 5.000-dək kiçik görüş yerləri də nəzərdə tutulub.

Kampaniya məhz bu səbəblərdən sakit və zəif keçir. Namizədlərdən çoxu Müşahidə Missiyasına deyiblər ki, seçicilərin iştirakının az olacağını gözləyirlər. Bunun bir səbəbi də seçicilərin laqeydliyidir.

YAP-ın və hakim partiyanın dəstəklədiyi namizədlər bir qayda olaraq geniş yerlərdə təbliğat görüşləri keçirirlər. Müxalifət namizədləri isə kiçik yerləri, yaşayış binalarının həyətlərini, yaxud qapı-qapı metodunu seçirlər. Missiyaya şikayətlər gəlib ki, təbliğata polis və yerli məmurlar mane olur.

“AXCP-Müsavat” bloku oktyabrın 17-də mitinq keçirmək istəsə də, Bakı Şəhər İcra Hakimiyyəti buna icazə verməyib
“AXCP-Müsavat” bloku oktyabrın 17-də mitinq keçirmək istəsə də, Bakı Şəhər İcra Hakimiyyəti buna icazə verməyib.

MEDİA DİQQƏTİ SİYASİ MƏSƏLƏLƏRƏ YÖNƏLDİR

Seçkinin mediada, xəbər proqramlarında işıqlandırılması məhdud olub, fokus daha çox kampaniyaya yox, siyasi məsələlərə yönəlib. Belə ki, MSK və hakimiyyətə geniş yer verilir, müxalifət namizədlərinin xəbərləri isə çox məhduddur.

İctimai TV-nin 4 dəqiqəlik efir vaxtından əlavə bəzi namizədlər iki dövlət qəzetində - pulsuz reklam payından istifadə edirlər. Hələlik ancaq İctimai TV pullu reklama yer ayırıb.

ATƏT-in Müşahidə Missiyası əsas yayım və çap media vasitələrinin monitorinqini aparıb. Oktyabrın 1-dən 14-dək İTV daxil bütün televiziya kanalları hakimiyyətin işini kampaniya kontekstindən kənar geniş işıqlandırıb. Beləliklə də, hökumətyönlü namizədlər hələ kampaniya başlamamışdan üstünlük qazanmış olublar, onların rəqiblərinə isə həmin televiziyalar çox az yer ayırıblar.

TV-LƏRDƏ KİM DAHA ÇOX GÖRÜNÜR?

TV-lər MSK-ya, prezidentin, hökumətin, prezidentin sədrlik etdiyi YAP-ın fəaliyyətinə geniş yer ayırıb. Aydın tendensiya da odur ki, dövlət rəsmilərinin işi müsbət işıqlandırılır, uğurları qeyd olunur, hakimiyyətin fəaliyyətinə dair müstəqil, yaxud tənqidi fikir səslənmir.

Yalnız İTV və ANS “AXCP-Müsavat” blokunun oktyabrın 12-də keçirdiyi mətbuat konfransından xəbər verib. İTV oktyabrın 15-dən rəsmilərin işindən xəbərləri azaltsa da, yenə də onlara digər siyasi fiqurlardan daha çox yer verilir.

AzTV-DƏ İSƏ...

AzTV hakimiyyət təmsilçilərinin fəaliyyətinə geniş yer ayırır
İTV-dən fərqli olaraq, dövlətin maliyyələşdirdiyi AzTV-nin bərabər seçki kampaniyası aparmaq öhdəliyi yoxdur. Kampaniya başlamazdan əvvəl və kampaniya müddətində AzTV hakimiyyət təmsilçilərinin fəaliyyətinə geniş yer ayırır.

Prezidentin, onun YAP-dan namizəd olan xanımının, YAP-ın yüksək çinli təmsilçilərinin, yeni yolların, məktəblərin, teatrların, YAP-ın Mingəçevir ofisinin açılışından görüntülərinə media geniş yer ayırıb.

Özəl televiziya kanalları “Space”, “Lider” TV, ATV və “Xəzər” TV-də AzTV-yə oxşar mövqe tutub.

“Lider” TV, “Space” və ATV hətta müxalifət namizədlərini və jurnalistlərini aşağılayan xəbərlər də hazırlayıb.

Oktyabrın 25-də “Lider” TV gündəlik xəbər proqramının içində 4.5 dəqiqəlik süjet yayımlayıb. Bu süjetdə bir müxalifət qəzetinin direktorunun bir qızla gizli kamerayla çəkilmiş intim görüntüləri əks olunub. Bu görüntülər İnternetdə yayılandan sonra həmin direktor qəzetdə tutduğu postdan istefa verib, bu videonu özünə və qəzetə təxribat sayıb.

Özəl televiziya olan ANS də xəbərlərinin əsas hissəsini hakimiyyətə və hakim partiyaya həsr edib. Ancaq İTV kimi ANS-də müxalifət namizədlərinə az da olsa yer ayırıb.
XS
SM
MD
LG