Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:53

«Avropa Məhkəməsinə təşəkkür edirik ki, bizim səhvimizi düzəltdi»


Bəxtiyar Sadıqov
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Eynulla Fətullayev barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarını şərh edən deputat Bəxtiyar Sadıqov deyib.

Media Hüquqları İnstitutundan Xalid Ağəliyev isə mediaya olan təzyiqlərdən və məhkəmə çəkişmələrindən danışıb. O deyib ki, son bir il ərzində 100-dən artıq jurnalistə basqı faktı qeydə alınıb:

«Mediaya qarşı 71 məhkəmə şikayəti qaldırılıb. Bunlar arasında xüsusi ittiham qaydasında olan şikayətlər də olub. Yəni burda jurnalistlərə cinayət cəzası istənilib. Təxminən 30 belə şikayət olub. Yerdə qalan iddialarsa mülki qaydada olub».

Xalid Ağəliyev bu il pozitiv məqamların qeydə alındığını da bildirib:

«Ən pozitiv məqam ötən ilin statistikası ilə müqayisədə həbsdə olan jurnalistlərin sayının azalmasıdır. 2010-cu ili həbsxanada 7 jurnalist qarşılamışdı... Bu il onların 6-sı azadlığa çıxıb. Onların bir neçəsini Azərbaycan prezidenti əfv edib. Bəziləri şərti cəza ilə əvəz olunub. İki jurnalist də cəzasını başa vuraraq azadlığa çıxıb. Amma «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev hələ də həbsdədir. Baxmayaraq ki, onun barəsində Avropa İnsan Haqları Məhkəməsi tək Azərbaycan yox, bütün Avropa məkanı üçün presedent olan qərar qəbul edib».

Xalid Ağəliyev
Milli Məclisin üzvü Bəxtiyar Sadıqov isə deyib ki, mediaya dair problemlər ildən-ilə həll olunur:

«Təbii ki, dünyanın hər yerində olduğu kimi, bizdə də mətbuatla bağlı müəyyən problemlər var. Amma çox xoşdur ki, bu problemlər həll olunur. Bu problemlərin uğurlu həllində dövlətin, xüsusən dövlət başçısının xoş məramı, konkret əməli addımları var. Azərbaycanda müstəqil mətbuatın maddi-texniki bazasının daha da gücləndirilməsi, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər yüksək bəhrəsini verəcək. Biz ancaq uğurlardan danışacağıq».

Bəxtiyar Sadıqov Eynulla Fətullayevin dərhal azad edilməsi barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarına da münasibət bildirib:

«Biz Avropa Məhkəməsinə təşəkkür edirik ki, bizim səhvimizi düzəltdi. Bu, artıq yardımdır, köməkdir. Bizim gələcəkdə belə səhv etməyimizin qarşısını alan bir addımdır. Bu, qəbulediləndir. Amma filankəsi mənim xəbərim sənə çatan kimi burax - o cür hökmü mən qəbul etmirəm».

XS
SM
MD
LG