Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:04

«Azərbaycanda köklü dəyişikliklər olacaq»


İctimai palatanın yeni seçkilərin keçirilməsi ilə bağlı tələbi yerinə yetirilməzsə Azərbaycanda köklü dəyişikliklər olacaq

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib. Onun sözlərinə görə bu tələb yerinə yetirilməzsə bu proseslər mütləq baş verəcək.

«Ya indi siz bizim bu tələblərimizi qəbul edirsiniz, doğurdan da Azərbaycan demokratik islahatlara başlayır, onun da birinci şərti yeni seçkilərin keçirilməsi olur. Yaxud da bir gün tez, bir gün gec müəyyən bir müddətdən sonra siz də belə bir qarşısıalınmaz proseslərlə qarşılaşacaqsınız. Bu o demək deyil ki, bu bəyanatı imzalayan partiya liderləri biz partiya liderləri bu inqilabı təkbaşına edəcəyik. Burda söhbət prosesin təhlilindən və xalq tərəfindən bu prosesin qaçılmaz olaraq, labüd olaraq edilməsindən gedir ki, artıq dünya təcrübəsi onu göstərir ki, sonsuzluğa qədər haqsızlıqla, hüquqsuzluqla xalqlar barışmır. Və demokratik prosedurlar tükənəndə artıq klassik inqilablar baş verir və Azərbaycan da bundan yan keçməyəcək.».

Əli Kərimli deyir ki, müxalifət uzun illərdir çalışır ki, belə inqilablar baş verməsin. Müxalifət məxməri və tədrici islahatlarla olan dəyişikliyi istəyir.

«Biz hələ də o yolu təklif edirik. O yol ağrısız yoldur, o yol qansız yoldur. Biz o yolu təklif edirik. Özümüzdən asılı olan fədakarlığı edirik ki, o yol Azərbaycanda baş tutsun. Necə 91 ci ildə məxməri inqilabı ilk olaraq biz etmişik. Sovet ittifaqı vaxtı. Heç bir insan ölümü olmadan o vaxt Xalq Cəbhəsi Ayaz Mütəllibov hakimiyyətinin dəyişdirilməsinə bu şəkildə nail olub. Indi də biz istəyirik ki, hər hansı qan tökülmədən, zorakılıq olmadan dəyişikliklər olsun. Amma hökumət bizi yenə eşitməyəcəksə onu demək istəyirəm ki, burdan o hökuməti uyarmaq istəyirəm ki, bizi eşitməyə bilərsiniz. Amma sonra həqiqi inqilabla üz-üzə qalacaqsınız».

İnqilab baş versə bunun məsuliyyətini öz üzərinizə götürürsünüzmü? Sualına partiya sədri deyib ki, bir nəfərlə inqilab olmur.

«Hər hansı bir adam inqilab edə bilməz. Hər hansı bir adamın mühüm rolu ola bilər hər hansı inqilabda. Söhbət məsuliyyətdən gedirsə mən Azərbaycanın demokratiyaya qovuşa bilməsi üçün hər cür məsuliyyəti üzərimə götürməyə, hər cür fədakarlığı etməyə hazıram. Indiyə qədər də bir çox məhrumiyyətlər yaşamışam. Ən böyük məhrumiyyətlərə, ən böyük risklərə də getməyə hazıram ki, təki millətimiz xilas olsun».

Əli Kərimli deyib ki, bunu tək deyil hamı birlikdə etməlidir.
XS
SM
MD
LG