Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:26

Azərbaycan Benin və Keniya arasında


Zöhrab İsmayıl
AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı-ekspertlər Zöhrab İsmayıl və Kənan Aslanlı Beynəlxalq Valyuta Fondunun tərtib etdiyi «Dövlət İnvestisiyalarının İdarə Olunması İndeksi» nı şərh ediblər. Ümumilikdə 71 ölkəni əhatə edən sənəddə dövlət investisiya layihələrinin idarə olunmasının institusional mühiti və ümumi effektivliyi 4 istiqaməti əhatə edən 17 indikator üzrə təhlil edilib. Ötən il dövlət büdcəsinin 35%-ni (təqribən 5.1 milyard dollar) dövlət investisiyalarına ayıran Azərbaycan indeks üzrə 1.53 bal toplayaraq 71 ölkə arasında 43-cü pillədə qərarlaşıb. Qonşu ölkələrdən Ermənistan indeks sıralamasında 8-ci, Qazaxıstan 9-cu, Türkiyə isə 24-cüdür.

İqtisadçı Zöhrab İsmayıl deyib ki, 2011-ci ildə dövlət investisiyaları üçün büdcədən 3 mlrd 380 mln manat ayrılıb. 2010-cu ildə isə Nazirlər Kabineti dövlət investisiyalarının siyahısını təsdiqləyib. Layihələr arasında ictimaiyyət üçün böyük maraq kəsb edən layihələr var.

İqtisadçı Kənan Aslanlı isə bildirib ki, bu indeksdə Azərbaycanın mövqeyi ortadan da bir qədər aşağıdadır. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda dövlət investisiyalarının idarə olunmasında ciddi problemlər var:

«İqtisadi bazisi Azərbaycanla müqayisə olunmaz şəkildə problemli olan bir sıra Afrika ölkələri, o cümlədən MOZAMBİK, MAVRİTANİYA ÖLKƏMİZİ BURDA QABAQLAMIŞDIR. Hesabatda qeyd olunub ki, bu ölkələrdə layihələrin bir çoxu büdcə vasitəsilə maliyyələşsə də, sonucda həmin layihələrin maliyyəsi xarici donor yardımlarından və yaxud da beynəlxalq təşkilatlardan alınmış kreditlərdən ibarətdir. Bunun özü müəyyən qədər o açıqlıq, hesabatlıq prinsipləri ilə həyata keçirildiyindən, hətta bu Afrika ölkələrində indeks bir qədər daha yaxşıdır».

Kənan Aslanlı deyir ki, bu səbəbdən Azərbaycan Afrika qitəsinin Benin və Keniya kimi ölkələrinin arasında qərarlaşıb.

Zöhrab İsmayıl isə deyib ki, sənəddə sub-indikatorlar, yəni indeksləri var. Bunun birincisi qiymətləndirmədir. Yəni, layihənin zəruriliyinin əsaslandırılması, layihəyə qədərki mərhələ. İkinci indeks planlaşdırmadır. Üçüncü layihələrin idarə edilməsi, dördüncü isə layihələrin nəticələrinin
Kənan Aslanlı
qiymətləndirilməsidir:

«Birinci və ikinci indekslərə görə, Azərbaycan daha pis nəticələr əldə edib. Xüsusən birinci göstəricilərə görə. Yəni, orada son yerlərdən birini tutub. Orada bir çox ölkələr var ki, bu qiymətləndirməni aparmır. Onların balları sıfırdır. Azərbaycanın balı isə 5 ballıq sistemlə 0.5-dir. Hətta ikinci göstərici üzrə 2-dən aşağıdır. Üçüncü və dördüncü göstəricilər üzrə 2-dir. Burda sonda qərar tutan təxminən 20 ölkənin ümumiyyətlə, balı yoxdur».

Zöhrab İsmayıl da deyir ki, bu, dövlət investisiyalarının idarə olunmasında ciddi problemlərin olmasından xəbər verir. Onun fikrincə, DÖVLƏT İNVESTİSİYALARININ İDARƏ OLUNMASINDA ŞƏFFAFLIQ SIFIR SƏVİYYƏSİNDƏDİR. Menecment barədə qaydalar keçən il qəbul olunub və hələ işləmir.

Ekspert düşünür ki, ehtimal ki, o qaydalardan sonra bəzi əlavə sənədlər yaratmaq lazım olacaq.

Ekspertin fikrincə, planlaşdırma indeksi üzrə Azərbaycanın 2 bal toplamasının səbəbi bir sıra layihələrin beynəlxalq kreditlər hesabına həyata keçirilməsidir. Beynəlxalq kreditlər hesabına həyata keçirilən layihələrlə dövlət investisiyaları hesabına həyata keçirilən layihələr ayrı-ayrı indeksə salınsaydı, Azərbaycan 0 qiymət alardı.

Kənan Aslanlı isə deyir ki, investisiyaların hansı sahəyə yönəldilməsini tənzimləmək üçün yeni bir quruma ehtiyac var.

Onun fikrincə, Azərbaycan xarici investisiyaların daxil olmasında maraqlı deyil:

«Bu məntiq hökumətin davranışında hiss olunur. Buna görə də Azərbaycanın ümumi iqtisadiyyatında struktur problemləri ortaya çıxır. Bu struktur problemi də nədir? Azərbaycanda iqtisadi artım daha çox fiziki kapitalın yığılması hesabına baş verir, nəinki texnoloji inkişaf hesabına...».

XS
SM
MD
LG