Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:07

Azərbaycan universitetləri dünya reytinqində


Arxiv foto
Arxiv foto
AZƏRBAYCANDAN 1, ERMƏNİSTANDAN 4 UNİVERSİTET WEBOMETRICS-in SİYAHISINA DÜŞÜB

Dünya Universitetlərinin Webometrics reytinqi (Webometrics Ranking of World Universities) dünyanın 20 min ali məktəbinin reytinqini açıqlayıb. Araşdırmanı İspaniyanın Dövlət Elmi Tədqiqat Mərkəzi yanında Laboratorio de Internet tədqiqat qrupu aparıb. Araşdırma 2004-cü ildən aparılır. Özü də ildə iki dəfə reytinq açıqlanır - yanvarda və iyulda.

Araşdırmanın məqsədi universitetlərin missiyasını müəyyənləşdirməkdir. Yəni universitetlərin dünyada nə dərəcədə tanınmasını, təhsilin, elmi tədqiqatların keyfiyyətini və onun dünyaya ötürülməsini, elektron məkandakı nüfuzunu araşdırır.

20 min universitet arasında Azərbaycandan Xəzər Universitetinin adı ilk 9000 ali məktəb arasındadır. Yəni ilk 9000 ali məktəb arasında 6211-ci yerdədir.
Bu siyahıya Ermənistandan və Moldovadan 4, Qırğızıstandan 3, Gürcüstandan 1, Estoniyadan və Latviyadan 11, Litvadan 17, Belarusdan 8, Qazaxıstandan 7 ali məktəb düşüb.

“BİR İLDƏN SONRA FƏRQLİ YERDƏ OLACAĞIQ”

Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri Hamlet İsaxanlı:

“Düşünürəm ki, yarım ildən, bir ildən sonra biz fərqli yerdə olacağıq. Amma yenə də pis deyil. Bu reytinq müəyyənləşdirir ki, universitetin nə dərəcədə müasirdir və zamanla ayaqlaşır, nə dərəcədə universiteti dünyada tanıyırlar, orda nəşr olunan əsərlərlə dünyada nə dərəcədə maraqlanırlar. Müasirlik gücü, dünyaya açıqlığı ölçürlər. Öz mənbələri ilə. Google mənbələri ilə araşdırma aparırlar. Yaxşı olardı ki, Azərbaycanın universitetləri ilk minliyə düşməsə də, iki minliyə düşsün”.

Hamlet İsaxanlı
Ermənistandan 9000 min universitetin sırasına dörd universitet düşüb. Onlardan biri Yerevan Dövlət Universitetidir.

Bakı Dövlət Universiteti isə 12 min ali məktəb arasında 11736-cı, Qafqaz Universiteti - 11895-ci yerdədir.

BDU PROREKTORU: “QAFQAZDA LİDER OLACAĞIQ”

Bakı Dövlət Universitetinin prorektoru Aydın Kazımzadə isə deyəsən buna görə təəssüflənmir. Deyir ki, reytinqlər müxtəlifdir:

“Məsələn, keçən il Ortadoğu Universiteti tərəfindən reytinq müəyyənləşib. Universitet 1951-ci yerdədir. 2000-dən artıq universitet arasında. Ukraynada aparılan reytinqdə 400-cü yerdədir. Yəni hərəsi müxtəlif kriteriyalarla aparılır. Xəzər Universiteti xaricə çıxışı, ingilis dili imkanları olduğu üçün qabağa çıxıb, ola bilər. Müxtəlif faktorlara baxırlar. Deyək ki, çap olunan məqalələrin ingilis müəllifləri var, Türkiyədən müəlliflər var”.

Aydın Kazımzadə deyir ki, onlar reytinq siyahılarında öndə olmaq istərdilər:

“Hər halda biz istərdik qabağa düşək. Amma müxtəlif kriteriyalar var. Bu da son illər aparılan islahatların nəticəsidir ki, adımız ora düşür. Qabaq heç yerdə olmurdu. Məqsədimiz odur ki, 3-4 ilə daha ön sıralara düşək. Çalışırıq islahatlar aparaq və heç olmasa Qafqazda qabaqcıl universitetlərdən birinə çevrilək”.

Bakı Dövlət Universiteti
TƏHSİL EKSPERTİ XƏBƏRDARLIQ EDİR

Təhsil eksperti Asif Cahangirov isə təəssüflənir ki, Azərbaycan universitetləri qloballaşan dünyada gedən tendensiyaları görə bilmirlər. Və rəqabət qabiliyyətli təhsil müəssisəsinə çevrilmək yönündə az iş görürlər:

“Biz qısa müddətdə ciddi tədbirlər görməsək, bu ona gətirəcək ki, bizim uşaqlar Qərb məktəblərinə üz tutacaqlar və orda qalacaqlar. “3”-ə oxuyan zəif şagirdlər Azərbaycanda oxuyacaqlar və rəqabəti olmayan universitetlərdə təhsil alacaqlar”.

Hazırda Prezidentin sərəncamı ilə 2011-2021-ci təhsil strategiyası üzərində iş gedir. Asif Cahangirov həmin strategiyanın hazırlanması ilə məşğul olan işçi qrupun üzvüdür. Deyir ki, bu problemləri həmin strategiyada nəzərə almağa çalışacaqlar.
XS
SM
MD
LG