Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:30

Rafiq Əliyev. Hanı Ziya Bünyadovlar?


"Bir neçə ziyalımızı və şəxsiyyətini qoruyub saxlayan insanlarımızı istisna etməklə, hanı Mirzə Cəlillər, Sabirlər, Zərdabilər, Üzeyir bəylər, İsmayıl Şıxlılar, Bəxtiyar Vahabzadələr, Ziya Bünyadovlar?"

Bu sualı Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyev sentyabrın 29-da Ziyalıların İctimai Forumunun Bakıda “Cəmiyyət və əxlaq” mövzusunda keçirdiyi müzakirədə səsləndirib.

"İnsanlarımızın böyük bir kəsimində fərdlərin daxili senzor mexanizmi çalışmır.

Tamah, şəhvət, ucuz şöhrət hissi çoxdan bu senzorun qoyduğu məhdudiyyət həddini aşıb. Bir sümük parçasına otuz-qırx illik dostlarını satan, varlanmaq xatirinə insanları oğurlayan, gecə klublarında abırsız eyş-işrətlə gün keçirən, bir ölkədə yaşayıb, harınlıqdan başqa bir ölkədə ad günü keçirən Azərbaycan insanı azdırmı?"


NİTQİN TAM MƏTNİ

Bugünkü müzakirələrin əsas məqsədi cəmiyyətimizdə əxlaq və mənəviyyatda gedən aşınmaya diqqət çəkməkdir. Bizim coğrafi itkimizdən çox mənəvi itkimiz var.

Mənəvi itki ən təhlükəlisidir. İndi cəmiyyətdə əxlaq sipəri çox kövrəkdir.

Cəmiyyətdə güclü əxlaq sipəri olsaydı, ölkədə insan haqlarının durumu da, ümumiyyətlə insana, vətəndaşa münasibət də fərqli olardı.

Mən dəqiq elmin nümayəndəsi olduğum üçün əxlaqın tərifindən başlayardım. Əxlaq çoxatributlu anlayış olub, cəmiyyətdə insanın davranışını normativ tənzimləyən əsas üsullardan biri kimi mənəvi baxışları və hissləri, həyat motivasiyalarını, istiqamətlərini və prinsiplərini əhatə edərək xeyir və şər, vicdan və vicdansızlıq, şərəf və şərəfsizlik, ədalət və haqsızlıq, normal və qeyri-normallıq, mərhəmət və qəddarlıq və sair arasındakı qeyri-səlis sərhədləri göstərir.

Əxlaq sosial kapital olaraq cəmiyyətin həyat təhlükəsizliyi dərəcəsini müəyyən edir, onun konfliktsizliyinə xidmət edir. İctimai əxlaq müəyyən cəmiyyət tərəfindən qəbul edilmiş əxlaqdır, bir qayda olaraq mədəniyyət və tarixi bir dövr üçün mövcuddur.

Əxlaq və şəxsiyyət

Ziyalıların toplantısı, 29 sentyabr 2011

Əxlaqın formalaşma faktorlarından biri insanın ictimaiyyətçiliyidir, onun başqalarının halına acıması və altruistik istək qabiliyyətidir.

Mənəviyyat ictimai və şəxsi səviyyədə özünü göstərir. İndivid əxlaq normalarını sosiallaşma prosesində əldə edir. Humanizmə, xeyirxahlığa, şərəfə, ədalətə, alicənablığa yönəldilmiş proseslərdə mənimsəyir.

Bəs bizim cəmiyyətimizdə vəziyyət necədir?

Bu gün cəmiyyətimizin “incə” yeri şəxsiyyət qıtlığıdır. Şəxsiyyət dedikdə mən içərisində xofu dəfn etmiş, milli maraqları, ümumxalq maraqlarını şəxsi marağından üstün tutmağı bacaran, muzdlu yaradıcılıqdan uzaq olan, ölkəsinin, dövlətinin, xalqının gələcəyini düşünən insanları nəzərdə tuturam. Bir neçə ziyalımızı və şəxsiyyətini qoruyub saxlayan insanlarımızı istisna etməklə, hanı Mirzə Cəlillər, Sabirlər, Zərdabilər, Üzeyir bəylər, İsmayıl Şıxlılar, Bəxtiyar Vahabzadələr, Ziya Bünyadovlar?

Əxlaq və hüquq

Əxlaq və hüquq sıx əlaqəlidir. Hüquqda “mənəvi zərər” anlayışı var, lakin mənəviyyat yüksək ideyalar sahəsidir, vicdan işidir, bu da tarixi-hüquqi islahatlar üçün meyardır.

Totalitar rejimlərin təcrübəsi göstərir ki, bəzən mənəviyyat hüquqla ziddiyyətdə olur.

Həm mənəvi, həm də hüquqi normalar ictimaidir. Onların ümumi cəhəti individin hərəkətlərinin qiymətləndirilməsi və tənzimlənməsi üçün olmalarındadır.

Hüquq dövlət tərəfindən formalaşır, əxlaq – cəmiyyət tərəfindən. Hüquq normalarının pozulması dövlət sanksiyalarının yerinə yetirilməsini tələb edir, əxlaq normalarının pozulması isə ictimai qınağa və tənqidə məruz qalır.

Müasir cəmiyyətin vacib mənəvi imperativi hüquqa və qanunlara hörmətdir, belə ki, qanun yalnız insanların azadlığını, təhlükəsizliyini qoruya, onların bərabərliyini təmin edə bilər. Cəmiyyətimizdə bu gün telefon hüququnun dominantlığı, qanunlara hörmətsizlik, nəfsin qanun və əxlaqdan üstünlüyü bu təhlükəsizliyin və bərabərliyin addımbaaddım pozulmasına gətirir.

Mənəviyyat və əxlaq

Mənəviyyat və əxlaq anlayışları müxtəlif çalarlara malikdir. Əxlaq bir qayda olaraq kənar qiymətləndirici subyektin (başqa adamların, cəmiyyətin, məscidin və sair) olmasını nəzərdə tutur. Mənəviyyat isə əsasən insanın daxili aləminə və onun özünün etiqadına yönəlib. Düşünürəm ki, bu gün cəmiyyətimizdə mənəviyyat əxlaqdan daha sürətlə aşılanıb.

Ailə insan cəmiyyətinin əxlaq və mənəviyyatının əsasını təşkil edən özəkdir. Buna görə də əxlaq və mənəviyyatı cəmiyyətdə müəyyən səviyyədə mühafizə etmək üçün ailə prinsiplərinin və dəyərlərinin mənəvi əsasını toxunulmaz olaraq qorumaq vacibdir.

Əks halda ailənin tənəzzülü qaçılmazdır, həmçinin ailə ilə birlikdə bütün cəmiyyətin tənəzzülü qaçılmazdır.

İnsanlarımızın böyük bir kəsimində fərdlərin daxili senzor mexanizmi çalışmır. Tamah, şəhvət, ucuz şöhrət hissi çoxdan bu senzorun qoyduğu məhdudiyyət həddini aşıb. Bir sümük parçasına otuz-qırx illik dostlarını satan, varlanmaq xatirinə insanları oğurlayan, gecə klublarında abırsız eyş-işrətlə gün keçirən, bir ölkədə yaşayıb, harınlıqdan başqa bir ölkədə ad günü keçirən Azərbaycan insanı azdırmı?

Cüzi də olsa mənəviyyat sipəri olan professor, müəllim tələbəsindən, işə qəbul edən məmur işə götürülən fağırdan rüşvət alarmı?

Əxlaq və din

Dinlər yaranmış tarixi konfessional formalarda o dinlərə inanan, onlara etiqad edən xalqların mənəviyyat prinsiplərinə çox mühüm və əhatəli təsirlər göstərib. Mənim üçün “Qurani-Kərim” ən böyük mənəviyyat sistemidir.

Başqa bir məsələdir ki, bu gün insanlarımız dinin diktə etdiyi klassik əxlaqi imperativlərə nə qədər əməl edirlər. Bu gün də Nizamini, Füzulini, onların yaratdığı əvəzsiz inciləri əxlaqi dəyərlərimizin daşıyıcısı kimi qəbul ediriksə, onu bilməliyik ki, bu incilərin su içdiyi mənbə “Qurani-Kərim”dir. “Əxlaqi-Nasir”in çox məqamı müqəddəs kitabımızdan ehtiva edilməyibmi?

Müsəlman dünyasında elm sahəsində yeganə Nobel mükafatçısı olan pakistanlı fizik Abdus Salam öz Nobel nitqində deyir ki, bu gün müsəlman dünyası islama xidmət etdiyinə görə yox, xidmət etmədiyinə, islamdan sapındığına görə bu vəziyyətə düşüb.

Əxlaq və siyasət

Əxlaq və siyasət prinsipcə müxtəlif sahələrdir. Əxlaqda kompromisə yol vermək olmaz. Siyasət sahəsinin, xüsusən də demokratik siyasət sahəsinin vacib xarakteristikası maraqların əlaqələndirilməsi, kompromislərin axtarışıdır.

Müasir dünyada siyasətə əxlaq tələblərinin institutlaşdırılmasının əsas istiqaməti insan hüquqlarının qorunması, siyasətin sosial istiqaməti, həyat fəaliyyətinin demokratik prinsiplərinin təsdiqi, cəmiyyətin hüquqi əsaslarının möhkəmlənməsidir. Siyasət həmişə öz fəaliyyəti və onun nəticələrinin əhəmiyyətinə görə mənəviyyat və cavabdehlik sferasında olmalıdır.

Bu aksiomdur ki, siyasət və əxlaq bir aradadır. Əxlaqa əsaslanmayan siyasət yolverilməzdir. Siyasətçi norma, qanun və əxlaqla rəhbərlik etməyə borcludur.

Xüsusən müasir şəraitdə siyasətdə əxlaq meyarlarının rolu xeyli artır, ona görə də bir çox siyasi qərarın “qiyməti” dəfələrlə artır, siyasət və siyasətçilərə ictimai rəyin təsirinin qiyməti artır.

Əxlaqsız siyasət - siyasətçini məqsədə çatdıran və hərəkətini istiqamətləndirən kompasdan, eləcə də məsuliyyətdən məhrum edir. Əxlaqsız siyasətin məqsədi həmişə və hər yerdə varlanma və ya diktat məqsədi güdən hakimiyyət xatirinə hakimiyyət olur, əxlaqi siyasətin məqsədi demokratiyanın təntənəsi, milli konfliktlərin aradan qaldırılması, iqtisadi inkişafın təminatı, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və tərəqqisi olur.

Mən çıxışımın sonunda dəyişən, qloballaşan dünyada əsas əxlaq prinsipləri haqqında da bir neçə söz demək istərdim.

Müasir cəmiyyətin əsas əxlaqi prinsipləri bütün klassik əxlaqi imperativləri - “öldürmək olmaz”, “oğurluq etmə”(səs oğurluğu dünyanın ən pis oğurluğudur), “yalan danışma” (böhtan atma), “canıyanan ol və başqalarına kömək et” - özündə ehtiva edir. Eyni zamanda, özünü inkişaf etdir, öyrən, ağlını artır, başqalarının şəxsiyyətinə və xüsusi mülkiyyətinə hörmət et kimi atributları əhatə edir.

mediaforum
XS
SM
MD
LG