Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:13

«Müsavat»sız Azərbaycan nə itirərdi?


Eldar İsmayılov
Eldar İsmayılov
«Söhbət 1911-ci ildə yaranan partiyadan gedirsə, «Müsavat» sözünün seçilməsi heç də qəribə deyildi».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Müsavat»sız Azərbaycan nə itirərdi?» mövzusunda açdığı müzakirəyə qoşulan tarixçi alim, professor Eldar İsmayılov söylədi.

NİYƏ «MÜSAVAT»?

Aparıcının: «Məhz «Müsavat» adının seçilməsi nəylə bağlı idi» sualını cavablayan professor dedi ki, Müsavat—bərabərlik deməkdir: «O vaxt dünya miqyasında sosial bərabərlik uğrunda mübarizə dəbdə idi və təbii ki, seçim bu məfhumların içindən ola bilərdi. Mənim zənnimcə, «Müsavat» sözünün seçilməsi sosial-demokratiyanın təsiri altında ola bilərdi. Unutmayaq ki, hələ 1904-cü ildə Azərbaycanda ilk demokratik təşkilat—«Hümmət» yarandı. Onun tərkibində Məhəmməd Əmin Rəsulzadə də var idi. «Hümmət»in sonradan «Müsavat»ın yaranmasına böyük təsiri oldu. Hərdən deyirlər ki, M.Ə. Rəsulzadə, M. Əzizbəyov və digərləri sosial demokrat deyildi. Amma müsavatçılara sosial demokrat ideyaları olduqca yaxın idi. Bunu inkar etmək olmaz».

KQB-NİN ARXİVİNDƏ NƏ YAZILIB?

Verilişin digər qonağı—araşdırıcı Ədalət Tahirzadə də Eldar İsmayılovun fikirlərini dəstəklədi: «Mən ovaxtkı KQB-nin arxivində İsa bəy Aşurbəylinin istintaq sənədləri ilə tanış olmuşam. Orada yazılıb ki, 1905-ci ildə biz bura Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə və başqalarını da cəlb etdik. Onlar fəhlələr arasında iş aparırdılar. İsa bəy Aşurbəylinin dediyindən belə məlum olur ki, 1905-ci ildə Tağıyev fabrikində keçirilən ilk tətili də «Hümmət»çilər təşkil edibmiş. «Hümmət»çilər bəylərlə fəhlələrin— o dövrün sözləri ilə desək, istismarçılarla istismar olunanların bərabərliyini təmin etmək istəyirdilər. Müsavat adına meyl də buradan yaranmışdı».

«MÜSAVAT»I MİLLƏTÇİ SAYANLAR HAQLIDIRLARMI?

Ədalət Tahirzadə
Ədalət Tahirzadə bu suala «Doğru deyil!»--cavabını verdi: «Çünki adını «Müsavat» qoyan partiya millətçi ola bilməzdi. Siniflərin və millətlərin birliyini istəyənlər millətçi ola bilməzdi. Amma təbii ki, «Müsavat» xalqımızın ilk partiyası idi və mövcudluğunun əsası idi. 1891-ci ildə yaranmış «Daşnaksutyun»a qarşı güclü milli qüvvə idi».

MİLLƏTÇİ? BU, HEÇ DƏ PİS SƏSLƏNMİR!

Eldar İsmayılov isə fikrini bu sözlərlə çatdırdı: ««Millətçi» sözü bir o qədər də pis səslənmir! Bu sözün bir neçə mənası var, o cümlədən də vətənpərvərlik. Odur ki, bunu «Daşnaksutyun»un yaranması ilə heç cür qarışdırmaq olmaz. «Daşnaksutyun» tamam başqa meyllərlə yaranıb».

ZAMAN AMAN VERMƏDİ

Tarixçi professorun bildirdiyinə görə, «Müsavat»ın yaranmasının ən mühüm xidməti ondan ibarət idi ki, bu partiya ortalığa bir neçə ideya atıb: «Birinci ideya Azərbaycanın istiqlaliyyəti idi. Bu, çox vacib məsələ idi və özünü 1918-ci ildə doğrultdu. İkincisi, bu partiya Azərbaycançılıq ideyası ətrafında dövlətin qurulmasına çox böyük təkan verdi. O təkan bu gün də hiss olunur. Təbii ki, bir neçə məsələləri həll etmək «Müsavat»a qismət olmadı. Proqramlarında sosial, iqtisadi problemlər ön plana çəkilmədi. Zaman buna imkan vermədi».

BİR ƏSRLİK YUBİLEY NİYƏ TƏMTƏRAQLA KEÇİRİLMİR?

Partiyanın 100 yaşı olduğunu bizim verilişdən öyrəndiyini söyləyən dinləyicinin sualını Ədalət bəy belə cavabladı: «1992-ci ildə «Müsavat»ın bərpa qurultayı keçmiş Lenin sarayında keçirildi. Çünki onda bu partiyanı təmsil edənlər hakimiyyətdə idilər. Amma indi bu partiya hansısa mikrorayonun, hansısa bir binasının küncünə qovulub».

«MÜSAVAT»IN BAYRAMI HƏR KƏSİN BAYRAMIDIR

Ədalət bəyin fikrincə, təbii ki, belə şəraitdə yubiley də yada düşməyəcək:

M.Ə. Rəsulzadənin Novxanıda abidəsi - 28 may 2010
«Məncə, bu yubileyi partiyanın özü bir vasitə ilə qabartmağa çalışmalıdır. Hakimiyyətdə olanlar da dərk etməlidirlər ki, bu partiyanın tarixi indiki «Müsavat»ın səlahiyyətində olan məsələ deyil, bu milləti təmsil edən hər kəsin bayramıdır, onu keçirmək hər birimizin borcudur və ölkənin ən gözəl salonu bu yubileyi keçirmək üçün ayrılmalıdır».

MÜSAVAT İDEYASI ONU TƏMSİL EDƏNLƏRDƏN GƏLMƏLİDİR!

Eldar İsmayılov Ədalət Tahirzadə ilə razılaşdı. Amma əlavə etdi ki, müsavat ideyası ilk növbədə onu təmsil edənlərdən gəlməlidir: «Salonun kiçik, ya böyük olması fərq etməz. Bax, iki-üç il əvvəl Aydın Balayevin M. Ə. Rəsulzadə haqqında kitabı çıxdı. Mən rəy də yazdım. O kitaba müəyyən məsələlərdə iradlar da tutmaq olardı. Amma hər halda Aydın Balayev o kitabı yazdı və bir çox məsələlərə cavab tapdı. Mən təəccüb edirəm ki, bu gün «Müsavat» və ona bağlı partiyalar bu barədə nəzəri əsərlər yaratmırlar və yaratmaq fikirləri də yoxdur».

ÜZÜ ARXİVƏ GEDƏK!

Ə.Tahirzadə Azərbaycan Dövlət Arxivinin 894, 895 və 970 və 1046-cı fondlarında «Müsavat»ın fəaliyyəti ilə bağlı çoxlu material olduğunu bildirdi: «Yüzlərlə insan onillərlə işləsə qurtarmaz. Amma təəssüf ki, arxiv bomboşdur! Orada heç kəs yoxdur! Bir neçə nəfər vaxtilə işləyib. Vəssalam! Məncə, siyasi toqquşmalardan çox bu sahəyə diqqət yönəltmək lazımdır. Partiyadakı ziyalıların üzünü arxivlərə yönəltmək lazımdır. Şəxsən mənə müraciət etsələr, onlara kifayət qədər material verə bilərəm».

--Qonaqlarımız dünyanın daha hansı arxivlərində mühacirətlə bağlı sənədlər olduğunu dedilər?
--Eldar müəllim «Müsavatçılıq nə deməkdir» sualını kimə ünvanladı?
--Onun nəzəriyyə kimi təqdim olunmamasında kimləri qınadı?
--«Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat»ın təşkilatlanması, yayılması və nüfuzu haqqında qonaqlarımız nələr söylədilər?
--Müsavatın sovet dönəmindəki fəaliyyəti barədə nə dedilər?
--Əsas sualımızı--Müsavat Azərbaycana nə qazandırdı—sualını necə cavablandırdılar?
--İndiki Müsavat nə dərəcədə tarixi Müsavatın varisidir? Fərqlər nədir?


Bu sualların cavabını eşitmək istəyirsinizsə, «Can Bakı»nı bu səhifədən dinləyin.
XS
SM
MD
LG