Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:15

«Time»: «Daha çox azərbaycanlı bir gün öz səsindən istifadə edə biləcək!»


Azərbaycanın Eurovision-da qalib gəlməsi qeyd olunur, Bakı 2011
Azərbaycanın Eurovision-da qalib gəlməsi qeyd olunur, Bakı 2011
-

«Time» dərgisi William Lee Adams-ın «Azərbaycanın satılması» başlıqlı yazısını dərc edib. Yazıda qeyd olunur ki, ötən il Ell & Nikki-nin «Eurovision» qələbəsindən sonra ölkə prezidenti İlham Əliyev bu qələbəni hərbi zəfər kimi təqdim etdi.

«Eurovision»a ev sahibliyi 9 milyon yarıma yaxın əhalisi olan, bu, yuxuda olan keçmiş Sovet respublikası üçün böyük işdir. Əliyev yaraşıqlı həyat yoldaşı Mehriban Əliyevaya tədbiri təşkil etməyi tapşırıb».

30 VƏ 277 MİLYON DOLLAR ARASINDAKI FƏRQ

«Özünə inamı olmayan gəncin qonaqlığa zirək uşaqları çağırması kimi, Bakı «Eurovision»a pul əsirgəmir. Adətən hökumətlər bu müsabiqəyə 30 milyona dollar xərcləyirlər. Azərbaycan rəsmən 64 milyon xərcləyəcəyini elan edib. Jurnalistlər isə əsl rəqəmin 277 milyon dollar olduğunu hesablayıblar», müəllif yazır.

Baku Crystal Hall
Baku Crystal Hall
«Eurovision»da qələbə çalmaqla qürur duyuruq və bu il həmin tədbiri keçirməkdən çox məmnunuq», bunu Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov deyir. «Bu, təkcə reklam deyil. Ölkəmizin dünyaya təqdimatıdır».

Daha sonra yazıda qeyd olunur ki, Azərbaycanda insan haqlarına hörmət qoyulmur. Heydər Əliyevin 1993-cü ildə qansız çevrilişlə hakimiyyətə gəlməsi, 2003-cü ildə hakimiyyətə oğlunun keçməsindən bəhs olunur. 2009-cu ildə prezidentlik müddətinə qoyulan qadağanın ləğv olunması da qeyd edilir. Ölkədə seçkilərin saxtalaşdırıldığı, jurnalistlərin hücuma məruz qalması, korrupsiya reytinqinin yüksək olduğu bildirilir.

BİR İLDƏ REKLAMA 38 MİLYON DOLLAR

«Azərbaycan isə bütün bu ittihamları rədd edir, ölkədə demokratiyanın hələ inkişaf etdiyini deyir. Əliyev isə «Azərbaycan» deyiləndə ağla ilk olaraq korrupsiya, repressiya və avtokratiya sözlərinin gəlməməsi üçün yaxşı pullar xərcləyir. Budget.az saytı hesablayıb ki, Azərbaycanda hökuməti 2011-ci ildə ölkənin reklamı üçün azı 38 milyon dollar xərcləyib.

Azərbaycan beynəlxalq PR şirkətlərinin təcrübəsindən xüsusilə yararlanıb. 2007-ci ilin sentyabrında Azərbaycan Prezident idarəsi Jefferson Waterman International (JWI) siyasi və biznes konsaltinq şirkətinə bir aya 25.000 dollar ödəyib, «professional xidmətlər» üçün də əlavə ödəniş edilib. Həmin müqavilə bitib, ancaq JWI hələ də Azərbaycan Beynəlxalq Bankını bəzi xidmətlərdə eyni qiymətə təmsil edir.

ƏN BÖYÜK PR FƏLAKƏTİ

«Bu ölkənin sərvəti beynəlxalq ictimaiyyətdə belə bir mif yaradıb ki, bu gənc demokratiya yavaş və möhkəm tərəqqi edir» bunu «Amnesty İnternational»ın Avropa və Orta Asiya proqramının direktoru John Dalhuisen deyir. Bakının Orta Asiya qonşularından fərqli olaraq Avropada daha çox dəstəyi var. Dünya İqtisadi Forumu bu yaxınlarda onu regionun ən çox rəqabətə davamlı iqtisadiyyatı elan edib.

Emin Milli
Emin Milli
«Eurovision»la gələn beynəlxalq diqqət isə bu nağılı dəyişə bilər. «Onlar tarixlərində ən böyük PR fəlakətinə doğru gedirlər» bunu siyasi fəal, xuliqanlıq ittihamı ilə 18 ay həbsdə yatmış Emin Milli deyir. «Mən mətbuata çoxlu müsahibələr verirəm, elə bil tam ştatlı bir işdə çalışıram», Milli belə deyir.

YÜKSƏK POSTLARDA DOSTLAR

Azərbaycan 2020-ci il Olimpiya Oyunlarını keçirməyə də iddialıdır; BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvüdür, regionda ən böyük neft-kimya kompleksi tikmək üçün beynəlxalq maliyyə cəlb etmək istəyir. Bu, 15 milyard dollara başa gələ bilər. Bu ölkə Dağlıq Qarabağ münaqişəsinin həllində də dəstək almaq istəyir.

Azərbaycan xarici siyasətçiləri, tanınmışları da cəlb edir. 2009-cu ildə Britaniyanın keçmiş baş naziri Tony Blair-in 20 dəqiqəlik çıxışı üçün 143.000 dollar ödənilib. Azərbaycan mediasının «əziz qonaq» dediyi Şahzadə Andrew 2005-ci ildən bəri Azərbaycana azı səkkiz dəfə səfər edib.

Index on Censorship təşkilatından Michale Harris «Azərbaycanın imic problemi» hesabatının müəllifidir. O deyir ki, Qərblə əməkdaşlıq Əliyevə öz ölkəsində qanuni don geyindirir. «Avropalı siyasətçilərin səfərlərindən xalqı inandırmaq üçün istifadə olunur. Yəni hökumət «normal» Avropa demokratiyasıdır, qonşuları ilə yaxşı münasibətləri var».

ELÇİYƏ «HƏ» DEYƏN SİYASƏTÇİLƏR

Avropada siyasətçiləri cəlb etmək üçün Bakı elçilər də göndərir. Məsələn, Avropa Azərbaycanlıları Cəmiyyəti (TEAS) «Azərbaycanı beynəlxalq auditoriyalara təbliğ etmək» üçün yaradılıb. Azərbaycanın Londondakı səfiri Qurbanov bu qrupun «hökumətlə əlaqəsi olmadığını» bildirir. Tənqidçilər bu qrupun Avropa siyasətçiləri ilə yaxın münasibətlərinə şübhəylə yanaşırlar. Britaniya hökumətinin Kəşfiyyat və Təhlükəsizik Komitəsindən Mark Field Azərbaycana iki dəfə – 9.000 dollara başa gələn səfərlər edib. Bütün xərcləri TEAS ödəyib. Field TEAS-da müşavirə şurasının üzvüdür, ötən il bu qurumdan 8.000-16.000 dollar alıb.

Tənqidçiləri ən çox narahat edən Azərbaycanın AŞPA-nın keçmiş üzvlərini uğurla ələ almasıdır. Alman Bundestaqının keçmiş üzvü, AŞPA-da Hüquqi İşlər və İnsan Haqları Komitəsinin sədri olmuş Eduard Lintner hazırda Azərbaycanın lobbi qrupunda – Alman-Azərbaycan Münasibətlərinin İnkişafı üçün Berlin Cəmiyyətində işləyir. Lintner Der Spiegel-ə deyib ki, Avropa Şurasından istefasının bir səbəbi bu qurumun Azərbaycanı dəstəkləmək əvəzinə iddia olunan insan haqları pozuntularını pisləməsi olub.

Azərbaycanın səfiri Qurbanov isə deyir ki, Lintner və digər rəsmilər daha AŞPA-da işləmirlər. «Onlar bizim baxışımızı bölüşürlər, ona görə də onlarla sıx əməkdaşlıq edirik. Bizə doğrudan da bizi beynəlxalq təşkilatlarda dəstəkləyən siyasətçilər lazımdır».

POZİTİV MƏTBUAT

Alov qüllələri
Alov qüllələri
«Time» yazır ki, təkcə siyasətçilərlə Bakının dəbdəbəli otellərini doldurmaq mümkün deyil. Azərbaycan potensial turistləri də yoldan çıxarmağa ümid bəsləyir. Xaricilərlə jurnalistlər vasitəsilə əlaqə yaradılır. 2010-cu ildə Londonun böyük jurnal və qəzetlərinin 10 redaktor və yazarından ibarət qrupu xüsusi təyyarə ilə Bakıya gəlib, Çinar gecə kafesinin açılışına qatılıb.

Üç günlük tura su kimi axan şampan, sürücülər, kürü ilə dolu hədiyyə çantaları, Britaniyanın qızlar klubu Sugababes-in konserti daxil olub. «Elə bir təəssürat var idi ki, nə istəsən, sənin olacaqdı, heç nəyə limit qoyulmamışdı», bunu həmin səfərdə olmuş jurnalistlərdən biri deyib.

Çinar səfərindən dörd ay sonra Britaniyanın ən nüfuzlu qəzeti olan Daily Mail-də belə bir başlıqlı yazı çıxdı: «Əsrarəngiz Azərbaycan: Avropanın lap kənarında yerləşən Bakının gələcəyi».

Bu mədhiyyələr çap mediasının sərhədlərini aşmaqdadır. Ötən noyabrda «Time» kimi Time Warner-ə məxsus olan CNN həftə boyu «Azərbaycana Baxış» adlı silsilə verilişlər yayımlayıb. Həmin verilişlərdə ölkədə insan haqları pozuntularına dair heç nə deyilməyib. Yayım vaxtı reklamların pulunu da Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi pul ödəyib. CNN sözçüsü etiraf edir ki, həmin verilişlərin sponsoru olub, ancaq redaktə siyasətini saxlayıblar. Belə ki, CNN ayrıca xəbər proqramında «Amnesty İnternational»ın ölkədə fəaliyyətinə dair reportaj yayımlayıb.

PƏRDƏ QALXIR

Nə qədər ironik səslənsə də, «Eurovision» Azərbaycanın bahalı imicinə son qoya bilər. Avropanın qəzetləri ölkədə insan haqları pozuntularından yazır.

«Eurovision qaranlığa işıq saçır. Ədalətsizliyi işıqlandırmağın ən yaxşı yolu Azərbaycana gəlmək və bunu «Eurovision» tarixində ən təxribatçı tədbirə çevirməkdir», bunu Milli deyir.

Azərbaycan 1.500 jurnalist daxil olmaqla 30.000 qonağın öhdəsindən necə gələcək – bax bu, ən böyük PR testi olacaq. Bunu Birinci Ledi də bilir. «Bu müsabiqə bəziləri üçün böyük və gözəl bayramdır, bəziləri üçünsə siyasi təxribat üçün bəhanədir. Buna hazır olmaq lazımdır,» bunu Əliyeva azərbaycanlı jurnalistlərə deyib.

«Rəqiblər buna potensial təhlükə kimi baxa bilərlər. Ancaq hakimiyyət yəqin müsabiqə vaxtı zorakılıqdan çəkinər. Beynəlxalq media zorakılıq səhnələrini dərhal dünyaya yayar. Bu isə Azərbaycanda «Eurovision»ı saxtalaşdırmış olar. Bu müsabiqə 2-ci Dünya Müharibəsindən sonra Avropanı birləşdirmək üçün yaradılıb. Hərfi desək, iştirakçılar heç də həmişə harmoniya əldə etmirlər. Bu ilki iştirakçılara Avstriyadan rep qrupu və Kipr müğənnisi daxildir.

«Eurovision» idealları bu gün Bakıda əks olunursa, yəqin daha çox azərbaycanlı bir gün öz səsindən istifadə edə biləcək», «Time»dakı məqalə bu cümlələrlə bitir.
XS
SM
MD
LG