Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 21:43

Yeni dünya xəritəsində Böyük Azərbaycan dövləti [Xəritə]


The New York Times`ın xəritəsi.
The New York Times`ın xəritəsi.
-
Sentyabrın 22-də «The New York Times» qəzeti İrana hərbi müdaxilə ilə bu regionda hətta indiki Türkiyədən də güclü bir yeni Böyük Azərbaycan dövlətinin yarana biləcəyini yazır.

Müəlliflər Frank JacobsParag Khanna qeyd edirlər ki, 21-ci əsrin əvvəlində dünyanın siyasi xəritəsi haradasa tamamlanmaq üzrə olan kimi görünürdü. Çünki Sovet İttifaqının dağılması və dünyanın müstəqil dövlətlər siyahısına çox sayda yeni dövlətin qoşulmasından cəmi 20 il keçir:

«Amma belə çıxır ki, bu təsəvvürlər doğru deyil. Bu günlər daha bir neçə yeni dövlətin doğulması dalğasının başlamasına bənzəyir. Bu dəfə yeni dövlətlər Sovetlər Birliyinin dağılmasında olan kimi hansısa siyasi dəyişiklik ya da münaqişə nəticəsində yaranana oxşamır. Görünür, yeni dövlətlər həm də konkret bir spesifik regionda meydana gəlməyəcəklər».

F.Jacobs və P.Khanna dünya xəritəsində aşağıdakı yeni dövlətlərin yarana biləcəyini ehtimal edirlər:

Böyük Azərbaycan
İranın regionda dominantlıq etmək potensialı olsa da, onun daxildən partlama riski də yüksəkdir. İndiki rejim zorakılıqla süquta uğrasa, İranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlət yarana bilər.

Bu da artıq müstəqil olan Azərbaycan Respublikası ilə birləşə və daha böyük müttəfiqi olan Türkiyə ilə birlikdə (Azərilər türkcə danışan etnik türklərdir) yeni regional güc meydana çıxara bilər.

Bu dövlətin yaranması eyni zamanda Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddialarını çətin vəziyyətə sala bilər.

Konqresmen Dana Rohrabacherin də sentyabrın 12-də ABŞ-ın Nümayəndələr Palatasına İranda yaşayan azərbaycanlıların öz müqəddəratlarını təyinetmə hüquqlarının tanınması barədə qətnamə layihəsi təqdim edib. Amma İran rəsmilərindən hələlik bu mövzuda hər hansı şərh səslənməyib.

Qeyd edək ki, İranda yaşayan azərbaycanlı fəallar da tez-tez bu bölgədə müstəqil Azərbaycan dövlətinin yaradılması ideyasını müzakirəyə çıxarırlar. Amma Tehran rəsmiləri ölkənin parçalanmasına imkan verilməyəcəyini deyirlər.

«The New York Times»da isə təkcə İranda deyil, dünyanın başqa yerlərində də yaxınlarda yeni dövlətlərin meydana çıxacağı barədə ehtimallar səslənib. Qəzet həmin mümkün yeni dövlətləri bu cür sıralayır:

Parçalanan Mali
Malinin şimalında tuareq tayfalarının yeni dövlət yaradacaqları və ölkənin parçalanacağı qaçılmaz görünür.

Belçika nəhayət bölünə bilər
Dil baxımdan ikiyə bölünmüş (Fransız və holland dili) Belçika fransız dilinin üstünlüyü əsasında birləşdirilsə də, bu ölkə də qarşıdakı onilliklərdə ikiyə bölünməyə doğru gedir..

Konqo bölücüləri
Elə indidən iki Konqo var. Biri Fransanın koloniyası, o biri isə Belçikanın. Onların paytaxtları da eyniadlı bir çayın kənarında üz-üzə dayanıb.


Somali parçalanması artıq təsdiqlənib
Milli hökumətin qurulması bu ilə planlaşdırılır. Amma çoxları inanır ki, ölkənin şərq və qərb hissələri - Puntlend və Somalilend artıq birlikdə olmaq istəmirlər.

Ələvilər təkbaşına gedirlər
İndiki dumanlı vətəndaş müharibəsindən sonra Suriyanın gələcəyinin necə olacağını demək çox çətindir. Amma bir şey dəqiqdir ki, aylarla uzanan qanlı müharibədən sonra Suriya əvvəlki ölkə olmayacaq.

Ola bilər, Suriya dini sektaların hökumətə meydan oxuduğu keçmiş Livan kimi bir ölkəyə çevriləcək. Ya da Suriya etnik əsaslarla parçalanmış Dəməşq və Hələb kimi şəhər-dövlətlərə çevrilə bilər.

Ərəb Körfəzi Birliyi
Keçən il Səudiyyə Ərəbistanın kiçik Bəhreynə hərbi müdaxiləsi faktiki olaraq buranı Səudiyyənin 14-cü əyalətinə çevirib. Eyni zamanda, Yəməndən Səudiyyə Ərəbistanına köç bu ölkədə 1990-cı ildə Cənubi və Şimali Yəmənin Birləşməsi kimi ciddi konfliktlər yarada bilər. Bu ilin əvvəlində sünni ərəb monarxları da İrandan artan təhlükələrə qarşı Körfəz Əməkdaşlıq Şurasının Ərəb Körfəzi Birliyinə çevrilməsini təklif ediblər.

Müstəqil Kürdüstan
ABŞ qüvvələrinin bölgədən çəkilməsi, İranın qərbində və İraqdakı gərginlik, eləcə də Suriyadakı vətəndaş müharibəsi I Dünya Müharibəsindən sonrakı Yaxın Şərq xəritəsinin tamamilə təzədən çəkilməsi ilə nəticələnə bilər.

Kürdlərin 3 000 illik tarixlərində müstəqil Kürd dövlətinin yaranması imkanı heç vaxt indiki qədər real olmayıb.

Paştunistan və Bəlucistan da ayağa qalxır
İranın şərqində və Əfqanıstan ərazilərində böyük Puştunistan qurula bilər. Təbii qaz ehtiyatları ilə zəngin olan Bəlucistan (Pakistan) da 1970-ci illərdə aktuallaşan müstəqilliyinə yenidən baxa bilər.

Çin Sibirin bir hissəsini udur
Rusiyanın qorxulu röyası – getdikcə əhalisi və iqtisadi gücü artan Çinin Sibirin bir hissəsini cənginə çəkməsi reallaşa bilər. Elə indidən yüz minlərlə çinli Amur çayını keçib Sibirdə yerləşir, yerli əhali ilə qaynayıb qarışır, evlənib, ailə qurur.

Koreyanın birləşməsi
Şimali və Cənubi Koreya arasındakı mübahisəli sərhəd də aradan qalxa bilər.

Fakt odur ki, artıq Cənubi Koreyanın strateqləri ölkənin birləşməsi halında bunun iqtisadi və sosial qiymətləndirməsini hazırlayırlar.
XS
SM
MD
LG