Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 16:33

«Bizim üçün assosiasiya sazişi məqbul deyil, daha yüksək səviyyəli saziş istəyirik»


Mahmud Məmmədquliyev
Mahmud Məmmədquliyev
-

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə dörd əsas prioriteti olacaq.

Bunlar korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikulturalizm, təhsil, xüsusən də insan hüquqları sahəsində təhsil məsələsidir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini bildirib ki, sədrlik müddətində Azərbaycanda 20-dək tədbirin keçirilməsi nəzərdə tutulub. Bakıda Avropa Şurası Parlament Assambleyası Daimi Komitəsinin və Bürosunun iclasları keçiriləcək, korrupsiya ilə mübarizə mövzusunda böyük konfrans təşkil olunacaq.

Mahmud Məmmədquliyev qeyd edib ki, Strasburqda keçiriləcək tədbirlərdə də Azərbaycan sədr olaraq iştirak edəcək: «Artıq Avropa Şurası ilə Azərbaycan arasında 2014-2016-cı illər üçün yeni fəaliyyət planı təsdiqlənib. Bu yaxınlarda Avropa Şurasının baş katibi Turbjorn Yagland-ın Bakıya səfəri gözlənilir. Bu səfər çərçivəsində fəaliyyət planı rəsmi olaraq təqdim olunacaq. Şübhəsiz ki, müəyyən məsələlər var və onlar müzakirə ediləcək. Hesab edirəm ki, həm Azərbaycanın sədrliyi, həm yeni fəaliyyət planının həyata keçirilməsi ölkəmizlə Avropa Şurası arasında əməkdaşlığı və tərəfdaşlığı gücləndirəcək».

Azərbaycan mayın 14-dən etibarən AŞ Nazirlər Komitəsində sədrliyə başlayır. Bu ilin noyabrında sədrlik Azərbaycandan Belçikaya keçəcək.

«BİZİM ÜÇÜN ASSOSİASİYA SAZİŞİ MƏQBUL DEYİL, DAHA YÜKSƏK SƏVİYYƏLİ SAZİŞ İSTƏYİRİK»


«Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı davam edir. Bəzi məsələlər və bəzi mövzular var ki, onların da ətrafında müzakirələr, danışıqlar aparmaq lazımdır».

Mahmud Məmmədquliyev Azərbaycanla AB arasında assosiasiya sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı suala belə cavab verib: «Biz demişik ki, bizim üçün assosiasiya sazişi məqbul deyil. Biz daha yüksək səviyyəli bir saziş istəyirik. Bu barədə danışıqlar gedir. AB bu məsələdə hələ ki düşünür».

M. Məmmədquliyev bildirib ki, hazırda təşkilatın əsas müzakirə mövzusu Ukraynadır: «Amma hesab edirik ki, həm Avropa Şurası, həm də Avropa Birliyi digər məsələlərə də diqqət ayırmalıdır».

M. Məmmədquliyev qeyd edib ki, iyunun axırı, iyulun əvvəllərində Azərbaycanla Ümumdünya Ticarət Təşkilatı arasında danışıqlar aparılacaq: «Ümumdünya Ticarət Təşkilatı ilə əlaqədar bizim planımız ondan ibarətdir ki, əgər mümkün olsa iyunun axırı, iyulun əvvəllərində ikitərəfli danışıqlar aparaq. İlin sonuna kimi xeyli iş görmək lazımdır. Ola bilsin işçi qrupunun da iclası keçirilsin və kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlar olsun».
XS
SM
MD
LG