Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 14:21

Krım futbolu Rusiyaya ciddi zərbə vura bilər


Brazilya dünya çempionatında Rusiya prezidenti Vladimir Putin, FIFA prezidenti Joseph Blatter və Almaniyanın kansleri Angela Merkel Marakanada final oyunu izləyirlər
Brazilya dünya çempionatında Rusiya prezidenti Vladimir Putin, FIFA prezidenti Joseph Blatter və Almaniyanın kansleri Angela Merkel Marakanada final oyunu izləyirlər

-

Rusiyada ehtiyyat edirlər ki, Vladimir Putinə xoş görünmək üçün Rusiya Kubokunun ilkin matçlarına buraxılmış Krım klublarına görə, UEFA ölkəni cəzalandıra bilər.

Ötən həftə Krımı təmsil edən bir neçə klub Rusiya Kuboku uğrunda ilkin matçlarda iştirak edib. Moskva bu qənaətdədir ki, Krım klublarının Rusiya futboluna qaynayıb-qarışması Krımın inteqrasiyası üçün müsbət bir hadisədir.

Buna baxmayaraq, Rusiya Futbol İttifaqının bəzi rəsmiləri narahatdırlar ki, Krım klublarının Rusiya kuboku yarışlarına buraxılması, Rusiyanın özünü 2018-ci ilin Dünya Çempionatı üçün zorla qazanılmış ev sahibliyi hüququndan məhrum edə bilər.

“Tavriya” təslim olmur

Krımı Rusiya ilhaq etsə də, Simferopolun “Tavriya” klubu və Sevastopol komandası Ukrayna futbol çempionatında oyunlarını davam etdiriblər. Bu komandaların oyunçuları özlərini hələ də ukraynalı sayırlar.

Buna baxmayaraq, mövsümün sonunda hər iki komanda guya maliyyə vəziyyətləri ilə əlaqədar bağlanıb, hərçənd idman şərhçiləri əsas səbəbin siyasi olduğunu bildirirlər.

Üstəlik Ukrayna bayrağına sadiq qalan və buna görə də bağlanan klublar əsasən güclü klublardır. Əvəzində Krımda Rusiya futbol çempionatına qatılmaq üçün bir neçə yeni klub təşkil edilib.

Maraqlıdır ki, Krım klubları artıq Rusiya çempionatına qatılsalar da, Krım Futbol Federasiyası Rusiya Futbol İttfaqı tərəfindən hələ də tanınmayıb.

Putin-UEFA dilemması

Britaniya mətbuatı yazır ki, Avropada futbola rəhbərlik edən qurum – UEFA Krım klublarını hələ də Ukrayna klubları kimi tanıyır.

Bu klubların başqa ölkənin çempionatında iştitak etməsi UEFA qaydalarına ziddir.

FİFA bildirib ki, bu məsələnin yoluna qoyulması tamamilə UEFA-nın vəzifəsidir, UEFA isə Ukrayna və Rusiya futbol rəhbərliklərini problemi danışıqlar yolu ilə həll etməyə çağırır.

Təhlilçilər bildirirlər ki, Rusiyanın futbol rəhbərliyi Vladimir Putinin Krımı Rusiyaya tam inteqrasiya etmək ambisiyası ilə UEFA və FİFA-nın qaydaları arasında çıxılmaz vəziyyətdə qalıb.

Futbol oliqarxları narahatdırlar

Rusiya Futbol İttifaqında narahatdırlar ki, bu dolaşıqlığa görə Avropa və ABŞ sanksiyalar siyahısına Rusiyanın futbol qurumlarının bizneslərini, fərdi futbol rəsmilərini də əlavə edə bilər.

FİFA 2018-ci il çempionatını Rusiyadan alan kimi İngiltərəyə verməyə hazırdır.
Yevgeny Giner

Bu günlərdə Rusiya Dəmir Yollarının rəhbəri Vladimir Yakunin Rusiyanın ən güclü futbol klublarından biri - MOİK-in sahibi Yevgeny Giner-i “təslimçilikdə” ittiham edib.

Giner Ukraynada doğulub və enerji və avtomobil sənayesi sahəsində sərvət toplayıb. O, Rusiya Futbol İttifaqının keçmiş rəhbəri, Roman Abramovich-in yaxın müttəfiqidir.

Yevgeny Giner ehtiyat etdiyini bildirib ki, Rusiya Çempionlar Liqasından xaric edilə, üstəlik ölkə daha geniş sanksiyaların bir hissəsi kimi dünya çempionatına ev sahibliyi Rusiyadan alına bilər. Yakuninə cavabında Giner deyib ki, FİFA 2018-ci il çempionatını Rusiyadan alan kimi İngiltərəyə verməyə hazırdır.

Vladimir Yakunin isə hesab edir ki, Yevgeny Giner bir biznesmen kimi Qərbin sanksiyalar siyahısına daxil ediləcəyindən ehtiyatlanır.

Rusiyada məşhur “Magnet” masğazalar şəbəkəsinin və Krasnodar futbol klubunun sahibi Sergey Galitsky bu qənaətdədir ki, Krım klublarının Rusiya çempionatına daxil edilməsi məsələsinə ən yüksək səviyyədə, yəni Putin səviyyəsində baxılmalıdır.

Media məlumatlarına görə FİFA prezidenti Sepp Blatter ötən həftəsonu Moskvada olub və Rusiya prezidenti ilə 2018-ci il çempionatına hazırlıq məsələlərini müzakirə edib.

Yaltada niyə futbol oynamaq olmaz?

Yaranmış situasiyanı Rusiya Futbol İttifaqının keçmiş rəhbəri Vyacheslav Koloskov daha praqmatik izah etməyə çalışıb.

O deyib ki, prinsipcə, Krım klublarını Rusiyada qeydiyyata götürmək çətin deyil, lakin bu klubların Sevastopol və ya Yaltada oynaması Qərb tərəfindən qanunsuz sayılacaq və demək olar, dərhal sanksiyalar qoyulacaq.

Bununla belə, Koloskovun fikrincə, maksimum sanksiyalar dərhal tətbiq olunmur və adətən xəbərdarlıq dövrü olur. Bu isə məsələnin siyasi yolla çözülməsinə imkan verir.

Rusiyada futbol qərarları da siyasi olur

Krasnodar futbol klubunun sahibi Sergey Galitsky-nin fikrincə, məsələ bu qədər də bəsit deyil.

Onun fikrincə, məsələ təkcə Rusiya klublarının Avropa yarışlarından çıxarılması ilə bitməyəcək, “Rusiya klublarındakı xarici oyunçular çıxıb gedəcəklər və onda əsl iflas başlanacaq”.

Lakin təhlilçilər bildirirlər ki, Rusiyada bütün qərarlar siyasi rakursdan qəbul olunur. Belə olduqda isə, Rusiya öz çempionatında Krım klublarını oynatmaq xətrinə dünya çempionatını qonaqlamaq hüququnu qurban verə bilər.

Guardian

XS
SM
MD
LG