Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:13

Astarada Qurban bayramında gözləri qapıda qalan ailələr..


Eldar İbrahimov, Astara
Eldar İbrahimov, Astara

-

Astarada Qurban bayramını keçirə bilməyən ailələr oldu. Həmin ailələrin qurbanlıq kəsib paylaya bilməmələri bir yana, heç adi bayram süfrəsi hazırlamağa belə imkanları çatmayıb. Astara rayonunun Şahağacı kəndində yaşayan İbrahimovlar ailəsi də belə ailələrdən biridir. Bu ailə ağır iqtisadi vəziyyətdə yaşayır. Ailənin 3 üzvü əlildir.

Ailə əlil Eldar İbrahimovun himayəsində yaşayır. Eldar İbrahimovun dediyinə görə, təkcə onun müalicəsi üçün ayda 500-600 manat pul tələb olunur. 1-ci qrup şəkər xəstəsi olan Eldar İbrahimov çürümə getdiyi üçün ayağını kəsdirib. O deyir ki, əməliyyatı İranda aparılıb:

“İRANDA AYAĞIMI KƏSDİLƏR”

“Dolanmaq çətindir, 50 manatla dolanmaq olmur. Xəstə adamam, qan təzyiqim var, şəkərim var, gözüm görmür. İranda ayağımı kəsdilər. Nə qədər pul aldılar məndən. Güc-bəla ilə özümü yaxşı eləmişdim. İynə-dərman almaq üçün pul tapa bilmirəm.”

Eldar İbrahimov deyir ki, həyat yoldaşı müəllimə işləsə də 70 manat pul alır. Ailəyə gələn 120 manatla, 2 uşağı daxil olmaqla 4 baş ailə dolanmaq məcburiyyətində qalıb. Üstəlik xəstə və əlil olan bacı və qardaşları da onunla yaşayır. O deyir ki, uşaqlarını məktəbə göndərmək üçün vəsait yoxdur:

“ÇATDIRMAQ OLMUR....”

“Çatdırmaq olmur. Paltardır, çantadır, hər şey bahadır. Uşaq oxumaq istəyir, almaq olmur. Bahalaşma gedir. Necə çatdırım, 50 manat pensiya verir. Kənd yeri.”

Eldarın qardaşı Anar İbrahimov də iqtisadi vəziyyətdən şikayət edir.

Deyir ki, əlildir, 40 yaşı var, imkanı olmadığından evlənə bilmir.

“40 YAŞIM VAR, İNDİYƏ KİMİ EVLƏNMƏMİŞƏM"

“Mən də əliləm, vəziyyət çətindir, 40 yaşım var. İndiyə kimi evlənməmişəm. Kasıbçılıqdır. Vəziyyət çətin, iş yox. Xəstə adamıq. Bir baxan yoxdur. Hökmət baxmır. Qalmışıq avara. Kimə dərdimizi deyək?

Yarım kiloqram ət verdilər. Bu gün almışam yarım kilo əti. Dedim xəstə adamam mənə də düşür də. Camaata verirsiniz, mənə də verin də, mənim kimim var ki?”

Eldar İbrahimov qardaşının sözlərinə əlavə kimi deyir ki, qanunla bir ailədə 2 və daha çox əlil varsa ildə iki dəfə pul yardımı edilməlidir.

Lakin indiyə kimi bu yardımı görməyiblər:

Astara
Astara

“İndiyə kimi soruşmayıblar ki, nə var, nə yox? Sizdən başqa gələn olmayıb. Deməyiblər ki, nə edirsiniz, nə eləmirsiniz. Qaz hələ yandırmırıq. Sonra borclu qalaram, gələrlər kəsərlər qazımı, qalaram qazsız.”

Eldar İbrahimov deyir ki, maddi imkanları qışda təbii qazdan lazımı səviyyədə yararlanmağa imkan vermir. Qaz bahadır. O deyir ki, qazdan bütün ayı istifadə etsələr, sayğac 60-70 manat yazar. Buna görə də az da olsa odun tədarük ediblər.

Digər bir ailə-Ərçivan kəndində yaşayan Ağayevlər ailəsi də bayramı ürəkləri istədikləri kimi keçirə bilməyiblər. Ailənin yaxın adamı Vaqif Ağayev deyir ki, bu ailənin heç bir üzvü işləmir. Kənddə iş yoxdur.

Həyətyanı təsərrüfat da cüzi qazanc gətirir. Bu qazanc ancaq çörəyə çatır. Ailənin üzvlərindən 25 yaşlı Mail Ağayev əlildir. Aldığı 70 manat pensiya deməsinə görə, dərmanına çatmır:

“BUNLARA VERİLƏN YARDIMLAR TAMAMİLƏ BAŞQA SƏMTƏ YÖNƏLDİLİR ”

Mail Ağayev, Astara
Mail Ağayev, Astara

“Heç bir yardım olunmur. Nə ataya, nə anaya yardım olunur. Qanuna görə, əgər ana birinci qrup əlilə baxırsa, 5 il əmək stajına malikdirsə onların təqaüdə çıxmağa ixtiyarları var. Ana bütün həyatını bu uşğa həsr edib. İndi 25 ildir ki, ana onunla məşğuldur. Çox aztəminatlı ailədir.

Bunlara verilən yardımlar tamamilə başqa səmtə yönəldilir. ”

O deyir ki, xəstəni müalicə etmək üçün də vəsait tələb olunur:

“HEÇ BİR BAYRAMDA YARDIM EDİLMİR”

“Azərbaycanda dərmanların sabit qiymətləri yoxdur. Sabit qiymətlər olmadığı üçün bu dərmanları hər dəfə almaq omur. Bu ailənin yaxın qohumu olduğum üçün mən bunu deyirəm. Heç bir bayramda yardım edilmir. Bu ailənin köməyə ehtiyacı var.”

1550 NƏFƏRƏ 2 TON 700 KİLOQRAM QURBAN ƏTİ VERİLİB

Astara rayon icra aparatının şöbə müdiri Xanverdi Şirinov deyir ki, rayonda 6300 nəfər əlil var. Yardımlar bütün kateqoriyalı əlillər üçün nəzərdə tutulmayıb. İcra başçısının sərəncamında şəhid ailələrinə, Qarabağ, Çernobıl, Əfqanıstan əlillərinə və imkansız ailələrə qurban əti verilməsi nəzərdə tutulub. Daxili imkanlar hesabına 2 kiloqram nəzərdə tutmaqla 1550 nəfərə 2 ton 700 kiloqram qurban əti verilib. Müavinin dediyinə görə dekabr ayında bir çox əlil ailəsinə dövlət tərəfindən pul yardımı da nəzərdə tutulub.

İqtisadçı Vidadi Mirzəyev deyir ki, əhaliyə edilən sosial güzəştlər dəryada bir damladır. İllərlə dillərinə ət dəyməyn insanlr var. Onun sözlərinə görə, birinci qrup əlilə verilən 50 manat pensiya gülüş doğurur.

Vidadi Mirzəyev deyir ki, Azərbaycan neftlə zəngin ölkədir. Onun əhalisi dilənçi kökündə yaşamamalıdır. İqtisadçının sözlərinə görə hələ sovet dövründə deyirdilər ki, Azərbaycanın nefti ona çatsa küçələri asfalt əvəzinə qızıldan salmaq olar. İndi isə sovet dövründən qalma asfaltlar da dağılır.

XS
SM
MD
LG