-
...tavaların dibinə yapışan yeməklərlə
bir yetimi bəsləyib böyütmək olar...
Pişik kimi yaşayanlar
(dilənən uşağı söyüb qovan hirsli xalaya)
qeybətə başımız qarışanda
baxdığımız seriallarda reklam araları gecikəndə
soba üstündə
unutduğumuz qazanların, tavaların dibinə yapışan
yeməklərlə
bir yetimi bəsləyib böyütmək olar
amandı, yandırmayın yeməklərinizi
bir nimçədən də az tutur
yetimlərin mədələri
qapınızı çörək üçün döysələr
əllərini geri çevirməyin
qızırğalanmayın
verdiyiniz qəpik-quruşa
söyüb qovmayın dilənçiləri
hesab edin ki
bir gün də ötürmədiniz
sobanızdakı qazanı
bir gün də qeybət etmədiniz heç
“əl-ayağı salamatdı, gedib işləsin” deyə deyinməyin
bəlkə görünməyən yaraları
üzdə olmayan dərdləri vardır...
bəlkə insan olmaqdan yorulmuşlar sadəcə
bir pişik
həyatını yaşamağı seçmişlər
əllərə baxmaları
bir dilim çörəyə möhtac olmaları ondandır...
bəlkə də oğurlaya bilmədikləri üçün
qapıb qaça
çırpışdıra bilmədikləri
özlərini gözə soxmadıqları üçündü
indi pişik olub küçələrdə dolaşmaqları...
siz də insan olun azacıq
it olub tutmayın zavallıları
hələ istidə, soyuqda, yağışda, qarda
ayaqyalın, başıaçıq dilənən körpələri demirəm....
o körpələr ona görə var ki
günahlarınızın bədəlini
ən uzunmüddətli, faizsiz kreditmiş kimi
qəpik-qəpik ödəyəsiniz Tanrıya
vicdanınızı rahat edəsiniz
başınızı rahat ata biləsiniz balınca gecələri
o körpələr insan ola bilməyiniz üçün sizin şansınızdı
niyə anlamırsınız
qarınları
yandırıb qazanlarınızın dibinə yapışdırdığınız qədər
yemək tutar
artığında gözləri yox
olsaydı sizinlə başqa cür danışardılar!
Əyalət parkında
axşam sərinliyində
gah ətəklərini, gah saçlarını mehdən qoruyan qızlar
güclə əngəlləyərlər ətəklərinin qalxmağını
saçlarının üzlərinə axmağını
yelləncəyə minmək üçün növbəyə dayanar bir dəstə uşaq
bir utancaq qız uşağı
anasının ətəyini çəkər
"mən də yellənmək istəyirəm, mən də..."
anaları zirək uşaqlar çox yellənərlər
sürüşkəndən sürüşən uşaqların basdırıqda
bir-birini əzəcəyindən qorxar analar
yıxılmaqlarına bircə an qala tutarlar
əlləri bir-birinin çiynində gəzər
məktəbli oğlanlar
qızlarla üz-üzə oturmaq üçün
qarşı tərəfdəki skamyanın boşalmasını pusarlar
hər biri seçdiyi qızla üz-üzə düşmək üçün
can atar
qızlar ətəklərini aşağı dartışdırarlar
tellərinin altından çıxan bir gözləriylə
oğrun-oğrun baxarlar
bir uşaq çığırıb qaçar
anasının əlindən
şar satan əmiyə tərəf
anası yetişib tutar
ağlar uşaq, ağlar
səsi bütün parkı tutar...
sular mahnısız da hoppanıb-düşər
parkın axırındakı kafedə çalınan musiqi səsi
fəvvarənin sümüyünə düşməz
xaric oynayar sular...
bir-birini sevən gənclər
qol-qola girməzlər
məsafəli gəzərlər ki
çevik uzaqlaşa bilsinlər bir-birindən
bəd ayaqda
sadəcə hardansa bir-birini tanıdığını desinlər
rast gəldikləri qohumlara-tanışlara...
nişanlı qızlar yaxın durar bir qədər
yanındakı oğlanlara
bir az da yuxarıdan baxarlar
oğrun-oğrun gəzən cütlüklərə...
velosiped sürən bir dəstə uşaq
yaxınlaşar sevgililərə
oğlan qızın qabağına keçər
salamat qurtararlar
səhnədəki kimi hiss edər özlərini sevgililər
əyalət parklarında
çünki addım-addım ölçmək mümkün parkı
o baş -bu başa
azı qırx dəfə keçmiş cütlüklər
skamyada oturub gözlərini onlara dikən
dodaqaltı deyinən
gördüyü tamaşanı bəyənməyən
yaşlı qadının qabağından
bu parkda o qədər şəkil çəkdirmişlər ki
bütün park əks olunub çəkilən fotoların fonlarında
"yap-poz" kimi düzüb qoşa bilərsən
böyük bir şəkil əmələ gələr
hamısında sən və park
evlənər cütlüklər
uşaqlarıyla bu parka gələrlər bir də
daha alnıaçıq, daha arxayın
burda şəklimiz var deyib
eyni yerdə, eyni ölçüdə, eyni rakursdan
təzə şəkil çəkdirərlər
yenə nə bir-birinin qoluna girər
nə qucaqlaşarlar
bir uşaq gülümsəyər aralarında...
Gözələ baxmaq savabdı...
necə də səxavətlidi o qadın
yarıçılpaq bədənini bütün gözəlliyilə
sərib baxışlar altına
üstəlik reklamlarda rol alan
podiumlarda yeriyən gözəl qadınlar kimi
pul istəmədən
gözələ baxmaq savabdı deyirlər
el arasında
adamları savaba soxur o gözəl
özü də bilmədən...
***
yüzillik tavada makaron qovurur nənə
yüzillik tavanın bağrından ət iyi qalxıb
yayılır evə...
qoxunu alan balaca
mətbəxə yüyürüb ət istəyir nənəsindən
uşağın ət iştahasını küsdürmək üçün
tavanın qapağıyla qovur onu nənə
əlacı olsa ürəyini çıxarıb tavaya atar
bişirər
nəvəsinə yedirərdi halbuki...
Pişik bığları
pişiklərin bığlarını kəsməklə
ələ salaraq
nələri əllərindən aldığınızı bilirsinizmi, uşaqlar?
təkcə pişik qüruruna toxunmursuz ki
onları məhrum edirsiz ağaca dırmaşmaq bacarığından
yolunu azanda evinə qayıtmaqdan
siçanların dalınca dəliyə soxulmaq hünərindən
itlərin hücumuna düçar olanda
dırmaşa bilmirlər ağaca
bığlarını qırxanda atalarınız kimi yaraşıqlı olmur pişiklər
yazıq olur onlara...