-
Sevinc Elsevər
Yeni şeirlər
oyuncaq tapançasını
bacısına tuşlayan
balaca oğlan
tətiyi çəkməmişdən qabaq
bir an saxlayır əlini
“pis adam ol
səni tapançamla vurum” deyir ona
***
evindəki bıçaqları
itilətmir qadın
tez-tez fikrə gedən biri olduğundan
gözü yol
qəlbi həsrət
çəkdiyindən
yemək hazırlayarkən
əlini tez-tez kəsir bıçaq
hər dəfə də bıçağın iti olmadığına şükür edir
barmağını sarıyanda
***
ərindən ayrıldığı
hardasa on ildi
yadırğamış kişi qoxusunu belə
indi qızının evində
mürgü döyəndə
üstünə atılan adyalı belə dəyişdirtdirir
kişi qoxusu verir deyə....
Qarşılıqsız sevgi
səni də mənim kimi sevgililərdən
ən az ağladanı
qarşılıqsız sevdiyin adam oldumu?
ən kədərsiz
təəssüflərsiz
ağrısız xatırladığın da odu....
səni gülümsədən də
yalan demədi
xəyanət etmədi
tərk etmədi heç....
tərk etmədi!
Gül bağlaması
bir vaxtlar parklarda
əlində gül bağlamasıyla gəzən qızlar
çəhrayı, sarı, mavi bələklərdə
uşaq gəzdirərlər qucaqlarında
uzaqdan çiçək bağlamasına oxşayar bələklər
bellərindəki qırmızı lentlərlə
gül qoxulu uşaqlar doğular
gül qoxulu sevgilərdən...
Sarı inək
bıçaq sümüyə dayananda
Sarı inəyin kəsilməsinə razı oldu
Sara
üzünü çevirdi
gözünü yumdu
əri inəyi kəsəndə
kəsdilər, soydular, doğradılar...
ət oldu Sarı inək
sümüklü və çəkilməli deyə
iki hissəyə ayrılan ət
ət maşınını işə saldı Sara
ət maşınınından keçirim
uşaqlara dolma büküm
nə vaxtdı yemirlər dedi...
ətin hər sabah əlləriylə
tüklərini sığalladığı
sevdiyi, əzizlədiyi Sarı olduğunu unutmuşdu ki
sarı bir tük sataşdı gözünə
ət tikələrindən birinin üstündə
Sarı bir tük buraxmışdı sanki Sara
dara düşəndə yandırıb çağırsın onu
gözlərindən yanaqlarına iki damla yaş axdı
nəvəsi onu səsləyənədək
mətbəxin pəncərəsindən
Sarı inəyin otladığı çöllərə
baxdı, baxdı, baxdı....