- Seyid Aynur
Yeməli görünür
Uff....
Barmaqlarının ucu
necə də tort üzərinə vurulmuş,
krem-şantiyə qarışdırılmış üzüm kimi
yeməli görünür.
Yavaş –yavaş uzat,
Tələsmədən,
İncə-incə
Salxım-salxım qollarını!
***
Mən, ala-bəzək qızılgül,
Evimin bacasından,
xəyanət girdi,
dəvətsiz, əl-qolunu sallayaraq.
Yuvamız yandı bir səhər,
Sən demə haralardasa,
Sənəd-sünədli həyat yoldaşın varmış...
Göydə tanrının yox,
yerdə məmurun kəsdiyi kəbinlə,
Yaşayırmış səninlə!.
Ha-ha! Nə cürətlisənmiş?!
Nə daş olub donubsan,
Kəndimizdəki dul Məryəm kimi
havalanmışam deyirəm, adam,
Adım da yavaş-yavaş çıxır yadımdan.
başımın üstə də qapqara,
Nəmişlik soxulcanı tək qarnı köpmüş
qara buludlar elə hey fır-fır fırlanır.
Mən, ala-bəzək qızılgül,
Yağışdan qorxan,
Sən yarpaqlarıma toxunandan bəri-
Hərə bir ad qoyur.....