Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:30

«Meyvəni yollarda çürüdüb qayıdırıq»


Alma.
Alma.

-

«Bir sutka nəqliyyat departamentinin işçiləri ilə çənə-boğaza çıxdıq, gətirdiyimiz meyvələr də zay oldu. Ruzi dalınca gəlmişdik, zərərə düşüb geri qayıtdıq».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Xaçmazın Suxtakələ kəndindən Nurəddin Gülmuradov deyir. O, həyət-bacasında əkdiyi meyvəni Bakıya gətirib topdansatış yerlərinə satmaqla dolanır. Ancaq deməsinə görə, Nəqliyyat Departamentinin işçiləri rayonlardan gələn yüklə dolu maşın görəndə, sanki yağlı əppək tapırlar. Min bir bəhanə ilə sürücünü cərimələyib yola salırlar:

«Öz bağımızın meyvəsini Bakıdakı «Meyvəli» topdansatış yerinə təhvil verib dolanırıq. Ancaq hər dəfə Bakıya ayaq basanda, yol kənarında dayanan departament işçiləri bizə qənim kəsilir. Həm qazancımızdan oluruq, həm də cibimizdəki pulumuzdan. Elə bil, cərimə yazmaq həyat tərzlərinə çevrilib. Yeri düşdü-düşmədi, maşını saxlayıb cərimə yazırlar. Özləri də aydınlaşdırmadan, bir hərəkət etmədən eləcə tələm-tələsik birbaşa cərimə yazırlar. Sanki bu adamlar bir-birləri ilə cərimə yazmaq bəhsinə giriblər».

100 MANAT CƏRİMƏ YAZDILAR

Sentyabrın 29-da Nəqliyyat Departamentinin işçiləri Nurəddin Gülmuradovun meyvə yükü ilə dolu «Jiquli-04» markalı avtomobilini saxlayaraq cərimələyiblər. Ancaq sürücü cəriməylə razılaşmır:

«Gah dedilər «maşın köhnədir, havanı korlayırsınız», gah dedilər «çox yükləmisiniz»... Bir sözlə, min cür bəhanə gətirdilər ki, cərimələsinlər. Ancaq heç bir bəhanələri tutarlı deyildi. Sənədləri tələb edirdilər, vermirdim. Nəhayət, 100 manat cərimə yazdılar. Dedim, «ödəməyəcəyəm», dedilər, «canın da çıxacaq, ödəyəcəksən. Ödəməzsən, cərimənin üstünə cərimə gələr»».

Sürücü DİN «102» xidmətinə zəng vurub. Ona ərazi üzrə Qaradağ rayon Polis İdarəsinə gedib izahat yazmasını təklif ediblər. O, da gedib ərizə, izahat yazıb. Sabahı gün məlumatlandırılıb ki, ərizəsi üzrə toplanmış materiallar rayon prokurorluğuna göndərilib. Yəni iş polisdən çıxıb. Şikayətinin nəticəsini öyrənmək üçün Qaradağ rayon Prokurorluğuna yollananda isə, aldığı cavab onu qane etməyib:

«Prokurorluqda dedilər, «onlar səni döysəydilər, yerə yıxıb sürüsəydilər, nəhayət ki, öldürsəydilər, bu, başqa məsələ. Tutub cinayət işi açardıq. Ancaq indi bizə yalnız o qalır ki, rəhbərliklərinə məlumat verək, onlar da həmin işçilərini töhmətləsinlər»».

MEYVƏLƏR DƏ ZAY OLDU

Nurəddin Gülməmmədovun dediyinə görə, başı polis və prokurorluqda qarışdığı müddətdə satmaq üçün gətirdiyi meyvələr də zay olaraq tullantıya çevrilib.

«Avtomobil Yük Daşımalarının Təşkili» MMC-dən bildirilib ki, MMC-nin müfəttişləri sentyabrın 29-da Qaradağ rayonu ərazisində xidmətlərini yerinə yetirərkən Xaçmaz sakininin idarə etdiyi avtomobili saxlayıblar. Sürücünün tibbi müayinəsi olmayıb, daşıdığı qarışıq mallardan ibarət yük isə qanunla nəzərdə tutulandan çox olub. Buna görə də cərimələnib.

Xaçmaz sakini isə kəndinə kor-peşman, əliboş qayıtmasını MMC müfəttişlərinə bağışlamaq istəmir. O, müfəttişləri məhkəməyə verəcəyini deyir.

XS
SM
MD
LG