Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:36

TV-dəki durum "sovet vaxtından da əcaib forma alıb"


Elçin Şıxlı
Elçin Şıxlı

-

AZƏRBAYCAN HAKİMİYYƏTİ ÖZÜNÜTƏCRİD YOLU TUTUB

«Azadlıq» qəzeti eyni sərlövhə altında fəaliyyəti dayandırılmış «Ayna»-«Zerkalo» nəşrinin baş redaktoru Elçin Şıxlıyla müsahibə yayımlayıb. Elçin Şıxlı deyir ki, telekanallarda rəsmi olmasa da, qeyri-rəsmi senzor işləyir:

«Onlar bütün məsələlərə baxırlar, hansı məqama toxunmağı, hansına isə toxunmamağı o müəyyən edir. Konkret çərçivələr var. Həmin çərçivələrə görə filankəsi göstərmək olar, amma filankəsi göstərmək olmaz. Televiziyadakı hazırkı durum sovet zamınından da əcaib forma alıb. Deyir, nə tökərsən aşına, o da çıxar qaşığına. Məsələ o qədər əcaibləşib ki, Prezident Administrasiyasından dövlət siyasətini həyata keçirən Milli Teleradio Şurasına göstəriş veriblər ki, bu biabırçılığı yığışdırın. Nuşirəvan Məhərrəmli ziyalılardan çox danışır. Cəmiyyətdə ziyalı qoyublar ki? Kim müstəqil fikir söyləyir, ya onu həbs edirlər, ya da ölkədən didərgin salırlar. Belə vəziyyətdə ziyalı ola bilər?».

Fazil Mustafa.
Fazil Mustafa.

TƏKCƏ TV MƏKANI DEYİL Kİ…

ANSPress deputat Fazil Mustafanın «Facebook» səhifəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) telekanallardakı şou xarakterli verilişlərə tətbiq etdiyi qadağalarla bağlı yazdığı status paylaşıb. «Mental qadağalar» başlıqlı yazıda deyilir:

«Milli dəyər, milli mentalitet sözünün arxasında nələrin anlaşılmasını təyin etməkdə hələ də acizəm. Ümumiyyətlə, modern dünyada hansı mentalın və ya dəyərin hansı millət üçün keçərli olmasını təyin etməyə çoxlu cəhdlər var və bu minvalla irlandlar üçün, şotlandlar üçün və ya Güney Afrikadakı Zulu tayfaları üçün spesifik mentallığın axtarışında xeyli tapıntıları ortaya qoymaq mümkündür».

Fazil Mustafa yazır ki, Azərbaycan tamaşaçısı televiziya məkanından «melanxolik vaxtöldürmə» gözləyir: «Vətəndaş müraciət etdiyi qapılarda problemini çözə bilməyəndə, hətta mədəni, yumşaq cavab almayanda Xoşqədəmi, Zauru, Mikayılı, Mətanəti son ümid yeri kimi axtarmağa başlayır. Əlbəttə, bu verilişləri qadağan etmək barədə qərara gələnlərlə razılaşmaq olar ki, teleməkandakı onlarla verilişdə bayağılıq, etik çərçivələrlə bağdaşmayan kifayət qədər məqamlar var. Ancaq bu məqamlar yalnız televiziya məkanında deyil ki?... Bu universitetdə də, metroda da, stadionda da var. İnsanlar ekran qarşısına cəmiyyətdəki çeşid-çeşid bayağılığın içindən keçərək gəlirlər».

Namiq Həsənov.
Namiq Həsənov.

NƏQLİYYAT NAZİRİNDƏN NƏ İSTƏYİRLƏR?

«Yeni Müsavat» qəzeti Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənovdan nəqliyyat naziri Ziya Məmmədovun harada olduğunu öyrənməyə çalışıb. Namiq Həsənov «Yeni Müsavat»a açıqlamasında son zamanlarda təmsilçisi olduğu qurum barəsində yazılan xəbərlərdən şikayətlənib:

«Münasibət bildirmişdim ki, cənab nazir oktyabrın 23-nə qədər məzuniyyətdədir. Belə məlumatlara mövqe sərgiləmirəm. Cənab nazirin son açılış tədbirində iştirak edib-etməməsi səlahiyyətimə aid məsələ deyil. Amma ümumi götürəndə heç bir problem yoxdur. Mən reallıqdan uzaq yazılara münasibət bildirməyi doğru saymıram. Nəqliyyat Nazirliyindən, yaxud nazirdən nə istəyirlər? Kimlərin sifarişini yerinə yetirirlər, bunu da bilmirəm. 13 ildir nazirlikdə işləyirəm. Bu illər ərzində cənab nazirin vəzifədən çıxarılması haqda çox yazılıb. Vəzifə əbədi deyil. Burada fikir bildirilməli bir şey yoxdur».

Namiq Həsənov deyir ki, nazirliyin səlahiyyətlərin bir hissəsinin «ASAN xidmət»ə verilməsi dərhal başqa istiqamətə yozulub: «Bundan əvvəl bir neçə nazirliyin bəzi səlahiyyətləri «ASAN xidmət»ə verildi, bundan heç yazan yoxdur».

İlham Əliyev.
İlham Əliyev.

QƏNAƏT İQTİSADİ TƏRƏQQİYƏ TƏKAN VERİR

«Azərbaycan» qəzetində «Qənaət iqtisadi tərəqqiyə təkan verən amildir» məqaləsində müəllif yazır ki, prezident İlham Əliyevin son çıxışları dövlət xərclərində qənaəti stimullaşdırmalıdır:

«Hazırda gələn ilin dövlət büdcəsi müzakirə edilir, müqayisələr aparılır, təkliflər verilir. Bununla bağlı dövlət başçısı bütün sosial infrastruktur layihələrinin icra olunacağını, məktəb, uşaq bağçalarının, xəstəxanaların tikintisinin davam etdiriləcəyini bildirib. Dərman preparatlarının qiymətinin orta hesabla 2-3 dəfə aşağı salınmasının təmin edilməsi hər birimizə ailə büdcəmizə nəzərə çarpacaq dərəcədə qənaət etməyə imkan verir. Bu o deməkdir ki, böhranlı illərdə belə dövlət meqaiqtisadiyyatı inkişaf etdirməklə yanaşı, hər bir ailənin də büdcəsinin izafi xərclərdən azad olması üçün tədbirlər görür».

XS
SM
MD
LG