Plastik qabların ətraf mühitə, insan orqanizminə ziyanı, bazarlarda meyvə bahalığı, alıcı qıtlığı, əkin sahələrində kombayn çatışmazlığı və başqa məsələlər medianın toxunduğu mövzulardandır...
«Meyvə bahalığı, alıcı qıtlığı»
«Yeni Müsavat» qəzetində «Mövsümi meyvələrin bazarda və mağazalardakı qiymətləri» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirildiyinə görə, bir neçə gündür ki, sosial şəbəkələrdə mövsümi meyvələrin bahalığından, qıtlığından danışılır. Qəzetin əməkdaşları da deyilənlərin nə qədər doğru olduğunu öyrənməkdən ötrü «8-ci kilometr bazarı»nda olub: «Müşahidə etdik ki, doğrudan da, bazarda mövsümü meyvələr qıtlıq təşkil edir. Qiymətlər baha olduğu üçün demək olar ki, alıcı qıtlığı da yaşanırdı. Hazırda bazarda göyçənin (alça növü-AR) 1 kiloqramı 3 manata satılır. İnsanlar elə ən çox bu meyvəni almağa üstünlük verirdilər. Gilas isə növündən asılı olaraq 2.5-5 manatadır».
Yazıda qeyd edildiyinə görə, bazarda əriyə rast gəlmək bir o qədər də mümkün deyil, üstəlik, qiymətlər də fərqlidir. Müəllifin bildirməsinə görə, nisbətən kal, xırda əriklər 3.5 manata, iri, yetişmiş əriklər isə 6 manata satılır.
Qəzetin əməkdaşları qiymət fərqini müəyyən etmək məqsədilə iri super marketlərə da baş çəkib. Yazıda bildirildiyinə görə, qiymətlər bazarlarla mağazalar arasında ciddi şəkildə fərqlənməyib: «Mağazada gilas 7 manata, çiyələk 2.5 manata, göycə 5 manata, armud 3 manat 50 qəpiyə, alma 2 manata və daha baha qiymətə satılır. Mağazada şaftalı 12 manata, ərik isə 6 manatadır».
Müəllif satıcılardan bahalığın səbəbini də soruşub. Onlar bahalığın əsas səbəblərindən biri kimi hava şəraitini göstəriblər: «Aprel ayında dolu düşdü, təsərrüfatları pis günə qoydu. Eləcə də may ayında da hava çox əlverişsiz oldu, nəticədə də indiki meyvə qıtlığı və bahalığı yarandı...».
«Kombayn tapılmır»
Marja.az saytında «Kombayn tapılmır, arpa sahələrdə məhv olur – fermerlər aldadılır» sərlövhəli yazı diqqət cəlb edir.
Sayt bildirilir ki, Biləsuvarın İsmətli kəndində 500 hektara yaxın taxıl əkilib, bu il məhsuldarlıq da yüksək olub. Lakin müəllifin qeyd etməsinə görə, kombayn çatışmazlığı səbəbindən fermerlər biçin apara bilmirlər. Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsul günü-gündən məhv olur. «Orta hesabla 30 sentner götürməli idim. Artıq vaxtında biçilmədiyinə görə 7-8 sentneri məhv olub. İki-üç gündən sonra məhsulun 50 faizi məhv olacaq. Bir həftə sonra isə sahəyə kombayn girsə, sünbüllər qırılıb töküləcək», - təsərrüfat sahiblərindən biri deyib.
Yazıda başqa bir fermerdən də belə bir sitat gətirilir: «3 hektar sahədə arpa əkmişəm. Orta hesabla 10 ton götürməli idim. Əgər 2-3 günə arpa biçilməsə, mən 3-4 ton məhsul götürəcəm».
Fermerlər deyirlər ki, aidiyyəti qurumlara müraciət edilib, amma heç bir nəticəsi olmayıb: «Hər dəfə deyirlər «gedin, sabah gələcək». Bir həftədir yollardayıq, kombayn göndərilmir. Arpa isə gözləmir, məhsul yetişdikcə, yerə tökülür».
Məsələ ilə bağlı Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, taxıl biçini növbəli sistem əsasında aparılır. Yaxın günlərdə İsmətli kəndinə də növbə çatacaq və oradakı arpa biçiləcək.
«Şüşə qablardan istifadəyə üstünlük verilməlidir»
«Azərbaycan» qəzetində «İnsan orqanizminə daxil olan zərərli maddələrin 80 faizi plastik materialların payına düşür» sərlövhəli yazı dərc edilib.
Müəllif başlığa çıxarılan mövzuda Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Billurə Həsənova ilə söhbətləşib.
B.Həsənova deyib ki, istifadəsinin asanlığı, ucuz olması səbəbilə polietilen paketlər, plastik butulkalar, qida konteynerləri cəlbedici görünür, amma ziyanı barədə düşünülmür: «Birdəfəlik istifadə üçün nəzərdə tutulan bu məhsullar tullandıqda belə bizdən çox da uzaqlaşmırlar. Belə ki, həmin məhsullar bizi əhatə edən ətraf mühitdə təbiət dövranına daxil olurlar. Plastik tullantılar havanı, suyu, torpağı çirkləndirir».
B.Həsənovanın deməsinə görə, vurulan ziyan bununla məhdudlaşmır: «İnsan orqanizminə daxil olan zərərli maddələrin 80 faizi plastik materialların payına düşür. Belə ki, plastik materialların tərkibinə daxil olan bisfenol-A maddəsi çox zərərlidir və kanserogen təsirə malikdir. Bisfenol-A suda həll olmayan maddədir. Lakin su uzun müddət plastik qabda saxlanıldıqda bisfenol-A suya diffuz edə bilir. Bu maddə qadınlarda süd vəzi, kişilərdə prostat vəzi xərçənginə səbəb olur».
B.Həsənova hesab edir ki, buna alternativ olaraq şüşə qablardan, parça və ya kağız torbalardan istifadəyə üstünlük verilməli, qida məhsulları, sular şüşə qablarda saxlanılmalıdır.