Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:11

Xəstə səhv müalicədən ciyərinin deşildiyini iddia edir


Tibbi müayinə. Foto arxiv
Tibbi müayinə. Foto arxiv

58-yaşlı Xaləddin Kuhi yanlış müalicə nəticəsində sağlamlığını itirdiyini, hətta həyatını itirmək təhlükəsiylə üz-üzə qaldığını deyir. Onun sözlərinə görə, sol ağciyəri tam, sağ ciyərinin isə yarısı məhv olub. X.Kuhi xəstəliklə mübarizə aparmaqla yanaşı, həm də bu duruma düşməsində suçladığı qurumlar və adamlarla da çəkişib.

85 min manat təzminat tələb edir

O, Səhiyyə Nazirliyini, nazirliyin vərəm şöbəsinin müdiri və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi İman Rzayevi, Abşeron rayon Mərkəzi Poliklinikasını və 6 saylı İxtisaslaşdırılmış Vərəm Xəstəxanasını məhkəməyə verib. Səhv müalicə nəticəsində həm maddi, həm də mənəvi ziyan çəkdiyini deyən X.Kuhi 85 min manat təzminat tələb edib.

Məhkəmədə danışıb ki, səhhətindəki problemlə əlaqədar öncə Abşeron rayon Mərkəzi Poliklinikasına üz tutub. Orada ondan bəlğəm nümunəsini götürüb, mikrob tapıblar. Ancaq bu haqda heç kimə, hətta baş həkimə də heç nə deməyiblər:

«Üç il ərzində mənə lazımsız, xəstəliyimlə əlaqəsi olmayan dərmanlar yazıb, müalicə kursu təyin edirdilər. Mən də həkim deyiləm ki, biləm bu dərmanlar nə üçündür. Bundan sonra vəziyyətim daha da ağırlaşdı. Səhiyyə Nazirliyinin vərəm şöbəsinə müraciət etdim. Şöbənin müdiri məni 6 saylı xəstəxanaya göndərdi. Orada müayinə olunanda ciyərimin üç yerdən deşildiyi məlum oldu. Bundan sonra altı ay ağır müalicə aldım».

Ardından yenə Abşeron rayon Mərkəzi Poliklinikasına müraciət etdiyini, orada yazılan yeni müalicə əsasında daha üç il dərmanlar qəbul etdiyini deyən X.Kuhinin sözlərinə görə, vəziyyəti yenə ağırlaşıb. Deyir, xəstəxanaya gedəndə isə rentgendə sol ciyərinin tamamilə, sağ ciyərinin isə bir hissəsinin məhv olduğu üzə çıxıb.

Həkim səhvini «sübut edə bilməyib»

Bu işə öncə Abşeron Rayon Məhkəməsi, ardından Sumqayıt Apellyasiya Məhkəməsi, bugünlərdə də Ali Məhkəmə baxıb. Cavabdeh tərəf olan Səhiyyə Nazirliyi və onun tabeliyindəki xəstəxanaların nümayəndələri X.Kuhinin ittihamını qəbul etmirlər. Məhkəmədə də bildiriblər ki, 2017-ci ilin yayında ona vərəm xəstəsi kimi müalicəyə qoşulmaq tövsiyə olunub, ancaq özü müalicədən imtina edib. Məhkəməyə təqdim olunan sənədlərdən isə aydın olur ki, o, hələ 2014-cü ilin yayından bu xəstəlikdən əziyyət çəkir.

Məhkəmə ekspertiza təyin edib və həkim rəy verib ki, X.Kuhidə «sol ağciyərin fibroz-kavernoz vərəmi, sağ ağciyərə səpələnmə və ikincili dağılma mərhələsi XDR forma» xəstəliyi aşkarlanıb.

«Kuhi Xaləddin Əvəz oğlu düçar olduğu xəstəliklə əlaqədar Multi Rezistent formalı vərəm xəstələrinin müalicə proqramına qoşulub, 28 iyun 2014-cü ildən həmin ilin dekabrına qədər müalicəsini davam etdirib. Aparılmış müalicələrdən sonra xəstə öz xahişi ilə kafi vəziyyətdə evə yazılıb, müalicəsini sahə dispanserinin nəzarəti altında davam etdirməsi məsləhət görülüb. 4 iyul 2017-ci ildə ona vərəm xəstəsi kimi müalicəyə qoşulması tövsiyə edilsə də, müalicədən imtina edib. Aparılmış müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olub», – ekspertizanın rəyində belə yazılıb.

Məhkəmələr ekspertizanın rəyini əsas götürüb, belə nəticəyə gəliblər ki, X.Kuhi sağlamlığını həkim səhvi üzündən itirdiyini sübut edə bilməyib. Bu əsasla da məhkəmə instansiyalarının heç biri onun şikayətini təmin etməyib.

XS
SM
MD
LG