İlham Əliyev 6 saylı məntəqədə səs verib
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsinə gəliblər.
AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev səsvermə otağına daxil olub, seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Sonra xanımı M.Əliyeva və ailə üzvləri səs verdilər.
Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində 574 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 20 namizəd mübarizə aparır.
Üzüyola müşahidəçi
Seçkidə 'karusel' şikayəti
Müsavat Partiyasının Seçki Qərargahı 15 saylı Yasamal seçki dairəsində bir qrup seçicinin 12, 13 və 14 saylı seçki məntəqələrində səs verdiyi haqqında məlumat yayıb. Seçki Qərargahından bildirilib ki, müşahidəçilər bu barədə 12 saylı məntəqənin seçki komissiyasının sədrinə məlumat versələr də, şikayətə məhəl qoyulmayıb. «Məlum olub ki, Abşeron rayonunda qeydiyyatda olan seçici Yasamal rayonunda səs verməyə gəlib. Oxşar vəziyyət 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 7 saylı seçki məntəqəsində də təkrarlanıb», - Seçki Qərargahından iddia ediblər.
Partiyadan vurğulandığına görə, belə «karusel»lə bağlı şikayəti bir neçə dairənin məntəqələrindən alıblar.
Mərkəzi Seçki Komissiyasından ( MSK) bu deyilənlərə, hələlik, konkret münasibət almaq mümkün olmayıb. Qurumdan vurğulayıblar ki, deyilən məsələləri araşdırıb cavab verəcəklər.