'JEK' arayışı ilə səs verənlər
9 saylı Binəqədi ikinci seçki dairəsinin 19 saylı məntəqəsində səhər saat 11:00-a qədər həmin ərazidə qeydiyyatda olmayan onlarla vətəndaşın arayışla səs verdiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna müşahidəçilər məlumat verib. Onların sözlərinə görə, məntəqə sədri müşahidəçilərə arayışlarla tanış olmağa imkan vermir və arayışla gələn şəxslərə seçkilərdə iştirak etməyə imkan yaradır.
9 saylı Binəqədi ikinci seçki dairəsi dairə seçki komissiyasından isə «Turan» agentliyinə bildirilib ki, ərazidə daimi qeydiyyatda olmayan, lakin orada 6 aydan çox yaşayan vətəndaşlar gəlib müvəqqəti yaşadığı bu ərazi üzrə seçki məntəqəsində səs verə bilər: «Bu, Seçki Məcəlləsində də göstərilib və burada heç bir pozuntu yoxdur».
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə isə AzadlıqRadiosuna vurğulayıb ki, Mənzil Kommunal İstismar Sahəsinin verdiyi arayışda vətəndaşın yalnız müvəqqəti yaşadığı ünvan göstərilə bilər: «Heç bir halda MKİS-in verdiyi arayışda seçki məntəqəsi göstərilə bilməz. Axı MKİS seçki orqanı deyil. Həmçinin, seçicinin adı seçki siyahısında olmalıdır, o yoxdursa, əlavə seçki siyahısına daxil edilməlidir. Bütün bu prosedurlara riayət olunmursa, bu, qanun pozuntusudur».
Saat 12-yə seçici fəallığı
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a qədər respublika üzrə 1 milyon 457 min 776 nəfər səs verib və seçici fəallığı 27.35 faiz olub.
Topa bülleten şikayəti
47 saylı Mingəçevir seçki dairəsinin 21 saylı məntəqəsində qutuya topa bülleten atılması halının baş verdiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna müşahidəçilər məlumat verib. Məlumata görə, səs verməyə gələn şəxs eyni zamanda qutuya bir neçə bülleten atıb.
47 saylı Mingəçevir dairə seçki komissiyasından (DSK) isə «Turan» agentliyinə deyiblər ki, həmin məlumat həqiqətəuyğun deyil və topa bülleten atılması qeyri-mümkündür.
Masallıdan gəlib Nərimanovda səs verib
Bəzi seçicilərin MKİS arayişları ilə səs verməsinə aid şikayət 19 saylı Nərimanov birinci seçki dairəsinin 16 saylı məntəqəsində də eşidilib. Həmin dairədən namizəd Vəli Quliyev AzadlıqRadiosuna bildirib ki, «Evrika» Liseyinin bir müəlliməsi dairə ərazisində qeydiyyatı olmadığı halda Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) arayışı ilə səs verməyə qatılıb: «Deyib, işdən göndəriblər. 6 saylı məntəqədə iki nəfər «JEK» (MKİS) arayışı ilə səs verməyə gəlib. Qadının Masallı rayonunda qeydiyyatda olduğuna baxmayaraq. Hələ Ağdam rayonunda qeydiyyatda olan adam da gəlib 19 saylı dairənin 16 saylı məntəqəsində səs verməyə. O da «JEK»dən verilmiş arayışla gəlib».
19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasından «Turan» agentliyinə deyilib ki, belə hal Seçki Məcəlləsinin 47.2-ci maddəsi ilə tənzimlənir: «Yəni, 6 aydan çox bir ərazidə yaşayan adam həmin ərazidə gəlib səs verə bilər. Həmçinin, bu məsələ ilə bağlı MSK sədri Məzahir Pənahov da öz münasibətini bildirib...».