Ağzıyekə seçki qutusu
Xalid Bağırov seçkidən çəkilmək qərarına gəlib
76 saylı Lənkəran-Astara seçki dairəsindən namizəd Xalid Bağırov geri çəkilmək qərarına gəlib. Hüquqşünas AzadlıqRadiosuna bildirib ki, seçki məntəqələrində müşahidəçilərinə qarşı zorakılıqlara görə bu addımı atmaq məcburiyyətində qalıb. X.Bağırovun sözlərinə görə, bir neçə məntəqədə müşahidəçilərə fiziki təzyiq göstərilib: «Jalə Bayramovanı saçından tutub, məntəqə boyu (Şürik kəndində) sürüyüblər, bu dərəcədə biabırçılıqdır. Hazırda polis şöbəsindədir. Mən o gəncləri yem eləmək istəmirəm. Amma gənclər də geri çəkilmək istəmirlər».
76 saylı Lənkəran-Astara seçki dairəsində olanlar haqda ATƏT müşahidəçilərinə məlumat verdiyini deyən X.Bağırov başqa bir narazılığını da dilə gətirib: «Bütün Azərbaycan, beynəlxalq qurumlar bilirdi ki, burada ciddi savaş gedir. Bakıda bir məntəqəyə dörd müşahidəçi yığıldığı halda, burada bunu eləmədilər. Təəssüf ki, tərk edildik...».
Bundan öncə sözügedən dairənin 30 saylı məntəqəsində deputatlığa namizəd X.Bağırovun səs hüquqlu məşvərətçi və müşahidəçisi olan şəxsin döyülərək məntəqədən uzaqlaşdırıldığı xəbəri yayılmışdı. Dairə seçki komissiyasının sədri Məzahir Əliyev isə «Turan» agentliyinə bu deyilənləri təkzib etmişdi: «Mənə də bu barədə məlumat verdilər. Araşdırdım, məlumat yalan məlumatdır, şər və böhtandır».
Məşvərətçi: 'Saçlarımdan tutdu sürüdü, üzümü cırdı'
76 saylı Lənkəran-Astara seçki dairəsində səs hüquqlu məşvərətçi Jalə Bayramovaya fiziki təzyiq göstərildiyi bildirilir.
Bu barədə məlumatı AzadlıqRadiosuna Jalə Bayramova özü verib. Onun sözlərinə görə, seçki prosesi ilə bağlı çəkilişi apararkən döyülüb: «Çəkiliş edirdim, birdən-birə məntəqədə olan hansısa qadın gəldi üstümə, saçlarımdan tutdu sürüdü, üzümü cırdı. Axırda məcbur olub polisə zəng vurdum ki, məni burada öldürürlər. Polisdə hadisə ilə bağlı izahat yazdım».
76 saylı Lənkəran-Astara seçki dairəsi dairə seçki komissiyasından «Turan» agentliyinə bunları deyiblər: «Məşvərətçi icazə almadan seçicinin şəklini çəkib, bu da onun etirazına səbəb olub və onlar dalaşıblar. Bayramova məntəqədən uzaqlaşdırılıb».
Lənkəran rayon Polis Şöbəsindən sözügedən dairədə insident baş verdiyini təsdiqləyiblər.
Təcili yardım maşınları ilə 'seçici daşıyırlar'
57 saylı Kürdəmir seçki dairəsi üzrə Vahid Azərbaycan Partiyasının - indiki adı ilə Ağ Partiyanın namizədi Kamal Səlimov AzadlıqRadiosuna bildirib ki, seçkilərdə inzibati resurslardan istifadə olunur. Belə ki, o, təcili yardım maşınları ilə vətəndaşların məntəqələrə aparıldığını iddia edir. 10 və 12 saylı məntəqələrə təcili yardım maşınları ilə seçicilərin daşınması halını isə videoya alıb. Həmin dairə üzrə Müsavat Partiyasının namizədi Vilayət Abuşov da eyni halı müşahidə etdiyini bildirib.
57 saylı seçki dairəsinin dairə seçki komissiyasının (DSK) sədri Əbülfət Mikayılov isə AzadlıqRadiosuna belə bir halın olmasını təkzib edib. O bildirib ki, bununla bağlı DSK-ya hər hansı müraciət daxil olmayıb.