İranın yanacaq daşıyan tankeri Venesuela limanına çatıb. İranın ingilisdilli Press TV-si mayın 25-də xəbər yayıb ki, bu Cənubi Amerika ölkəsinə yola salınmış beş tankerdən birincisi Venesuelanın PDVSA dövlət neft şirkəti tərəfindən idarə olunan El Palito limanına çatıb.
Gəmilərin hərəkətini izləyən MarineTraffic xidməti də tankerin çatmasını təsdiqləyib.
TankerTrackers.com-un məlumatına görə, 43 milyon litr benzin yüklənmiş tanker Venesuelanın paytaxtı Karakasdan 200 km qərbdə yerləşən El Palito limanındadır.
“Forest” adlı ikinci gəmi mayın 23-də Karib dənizinə daxil olub. Digər üç tanker Atlantik okeanında eyni istiqamətə üzürlər.
Venesuela bayram edir
Gəmilər ABŞ-ın elə bir müdaxiləsi ilə üzləşməyiblər. Vaşinqton mayın əvvəlində deyirdi ki, bu məsələylə bağlı “tədbirlər” nəzərdən keçirir. Bundan sonra İran ABŞ-a xəbərdarlıq elədi.
Venesuela mediası mayın 24-də “Fortuna” gəmisinin donanma gəmisi və vertolyotun müşayiətilə ölkənin ərazi sularına daxil olduğunu, rəsmilərin bunu bayram etdiyini göstərib.
Sosialist Prezident Nicolas Maduro ölkəsinin İranla həmrəylik və əməkdaşlığını alqışlayıb, Birləşmiş Ştatları öz iradəsini güc hesabına yeritdiyini deyib.
Üç tankerdə azı 1,53 milyon barrel benzin və 45,5 milyon dollar dəyərində kimyəvi əlavələr olduğu bildirilir. Məqsəd Venesueladakı qaz çatışmazlığı probleminin həllinə kömək etməkdir.
ABŞ-ın birtərəfli sanksiyaları İran və Venesuelanın neft sənayesi və digər sektorlarına zərbə vurub, Tehranın neft gəlirlərini kəskin azaldıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus deyib ki, venesuelalılara “Maduronun daha bir təklənmiş ölkəylə bahalı sövdələşmələrə deyil, demokratiya və iqtisadi dirçəlişə aparacaq azad və ədalətli seçkilər lazımdır”.
Birləşmiş Ştatlar bu yaxınlarda Karib dənizinə eskadra mina gəmisi, digər döyüş gəmiləri yerləşdirib, məqsədin narkotiklərlə mübarizə olduğunu deyir.
Maduro isə ABŞ missiyasını təhdid sayır.
Birləşmiş Ştatlar Maduro-nu, Neft naziri Tareck El Aissami-ni, digər aparıcı rəsmiləri narkotik maddə qaçaqçıları adlandırır.