Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:11

İran Natanz nüvə obyektinin ziyan görmədiyini deyir


Natanz nüvə obyekti
Natanz nüvə obyekti

İran BMT-nin atom enerjisinin nəzarətində olan nüvə obyektlərindən birində “insident” baş verdiyini, ancaq əraziyə ziyan dəymədiyini bildirir.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvandi insidentin iyulun 2-də səhər ölkənin mərkəzindəki Natanz nüvə zənginləşdirmə obyektində baş verdiyini bildirib. Həmin ərazidə tikilən “sənaye çətiri”nə ziyan dəydiyi, ancaq sentrifuqa obyektinin ziyan görmədiyi vurğulanır.

İndiyədək Natanzda hansısa tikintinin aparıldığı açıqlanmamışdı. İslam respublikasının əsas uran zənginləşdirmə mərkəzi olan bu obyekt Tehrandan 250 km cənubda yerləşir.

Obyekt raket zərbələrindən mühafizə məqsədilə 7,6 metrlik beton altında salınmış qurğulardan ibarətdir.

İtki baş verməyib

“İnsident hər hansı itkiyə səbəb olmayıb, kompleksin fəaliyyətinə ziyan vurmayıb”, – İranın bir sıra media orqanları, o cümlədən IRNA dövlət xəbər agentliyi Kamalvandi-yə istinadla yazır.

Ziyan dəymiş bina isə torpağın üstündədir, zənginləşdirmə obyektinə daxil deyil. Bunu deyən Kamalvandi əlavə edib ki, insidentdən “narahat olmağa dəyməz” və hazırda təşkilatın ekspertləri araşdırma aparırlar.

İran 2015-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə nüvə sazişi imzalayandan sonra Natanz monitorinq olunan obyektlər siyahısına salınıb.

ABŞ Prezidenti Donald Trump 2018-ci ilin mayında sazişdən çıxıb. Sonradan İran sazişin qoyduğu istehsal limitini aşmağa başlayıb. Ancaq BAEA müfəttişlərinin və kameraların nüvə obyektlərini yoxlamasına icazə verir.

BAEA-nın bildirməsinə görə, İran hazırda uranı 4,5 faiz səviyyəsində saflaşdırır. Bu, nüvə sazişində nəzərdə tutulandan yuxarı olsa da, nüvə silahı hazırlamaq üçün gərəkən 90 faizlik həddən aşağıdır.

Natanz ötən il mübahisə obyektinə çevrilmişdi, oktyabrda İran rəsmiləri BAEA müfəttişini obyektə buraxmadı. O zaman obyektdə partlayıcı nitratın şübhəli izlərinin tapıldığı iddia olunurdu.

XS
SM
MD
LG