Yanvarın 8-də İranın hava məkanında Ukraynanın sərnişin təyyarəsinin vurulmasının bir ili tamam olur. “Human Rights Watch” (HRW) insan haqları təşkilatı faciənin “şəffaf və etibarlı” araşdırılması əvəzinə qurbanların ailələrinin “qorxudulduğunu, onlara təzyiq olunduğunu” deyir.
Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə 2020-ci il yanvarın 8-də Tehranın əsas aeroportundan havaya qalxandan az sonra partlayıb. Təyyarədə 176 nəfər olub. Sərnişinlər əsasən iranlılar, kanadalılar idi, ancaq onların arasında əfqan, britaniyalı, isveçli, alman da vardı.
İran sonradan silahlı qüvvələrinin təyyarəni təsadüfən vurduğunu etiraf elədi. Bundan öncə Birləşmiş Ştatlarla yaranan gərginlik səbəbindən havaya iki raket buraxılmışdı.
Qəzanın ildönümündə verdiyi bəyanatda HRW İran hakimiyyətini “həqiqətin üzə çıxarılmasından ötrü şəffaf istintaq aparmağa və beynəlxalq qurumlarla əməkdaşlığa, qurbanların ailələri üçün ədaləti təmin etməyə” çağırıb.
Etiraz edənlər saxlanıb
Hökumət “ailələrə adekvat kompensasiyanı ödəməli, şəffaf və qərəzsiz araşdırma apararaq vəzifəsindən asılı olmayaraq uyğun mühakimə həyata keçirməlidir”, – qurumun Yaxın Şərq üzrə direktoru müavini Maykl Peyc deyib.
Təşkilat qurbanların 12-dən artıq qohumundan müsahibə aldığını bildirir. Onlar deyiblər ki, hakimiyyət hələ də “onların yaxınlarına məxsus əşyaları qaytarmayıb”.
İran hakimiyyətinin həmçinin ədalət tələb edən ailələri qorxutduğu bildirilir.
HRW-nın bildirməsinə görə, qəzayla bağlı dinc etirazlarda iştirak edən azı 20 nəfər saxlanaraq mühakimə olunub.
Onlardan iki tanınmış fəal 4 il 8 ay və 5 il həbs cəzasına məhkum edilib. Onlar nümayişlərdə iştiraka və bu haqda sosial mediada bu haqda post yaymağa görə cəzalandırılıblar.
Təyyarədə vətəndaşları olmuş Kanada və başqa ölkələr İranın öz ordusuyla bağlı təhqiqatında şəffaflıq və hesabatlılığın olmamasından narahatlıq bildirib, ölkəni çoxtərəfli təhqiqatlarla əməkdaşlığa çağırıb.
İrana ittihamlar
Kanada hökuməti dekabrda açıqladığı müstəqil hesabatda İranı adekvat istintaq aparmamaqda suçlayıb, bir çox sualların açıq qaldığını bildirib.
“Duruma görə məsuliyyət daşıyan tərəf özüylə bağlı əsasən gizli istintaq aparır. Bu isə inam, yaxud etimad yaratmır”, – Kanadanın faciə üzrə xüsusi prokuroru hesabatında bildirib.
İran rəsmiləri isə indiyədək bildiriblər ki, hava qəzasının detallarını gizlətməyə, yaxud qurbanların ailələrinin hüquqlarını pozmağa cəhd etməyiblər.
Qəzayla bağlı İranın aparıcı rəsmilərinin işdən çıxarılması, yaxud istefa verməsiylə bağlı məlumatlar da gəlib.
Yanvarın 7-də Tehranın hərbi prokuroru Qulam Abbas Torki deyib ki, ekspertlər təhqiqatı yekunlaşdırıblar, insidentə “insan xətası” səbəb olub.
İran hökuməti dekabrda hər bir qurbanın ailəsinə 150 min dollar ayrıldığını bildirdi. Ancaq Ukrayna və Kanada hökumətləri, eləcə də bəzi ailələr bu təklifi rədd etdilər, bunu işi bağlamaq, məsuliyyətdən qaçmaq cəhdi adlandırdılar.
İran 8 yanvar gecəsi ABŞ-ın dron zərbəsinə cavab verirdi. Beş gün qabaq İranın general mayoru Qasım Süleymani Bağdad yaxınlığında öldürülmüşdü.