Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:57

Bu il 'Oskar'ın ən yaxşı filmi hansı olacaq?


"Oskar" heykəlləri
"Oskar" heykəlləri

Görəsən, Hollivud tarixinin ən qeyri-adi sayılan bu ilində "ən yaxşı film" nominasiyasında "Oskar" mükafatını hansı film qazanacaq? Düzdür, "Nomadland" bu ada əsas namizəd kimi görülür. Ancaq bu mükafat mövsümü qeyri-tipik olduğundan hər şey gözləmək olar.

"Oskar" mükafatlarının təqdimetmə mərasimi hələ aprelin 25-də olacaq.

"The Father"

"The New York Times" qəzeti yazır ki, prodakşn-dizayn kateqoriyasında, adətən, parlaq, ekstravaqant setlərə üstünlük verilir. "The Father" filmi isə, əsasən, bir mənzilin içərisində çəkilib. Bununla yanaşı, baş qəhrəmanın (Entoni Hopkins) irəliləməkdə olan dementiyası haqda olan bu film "Oskar" seçicilərinin diqqətini cəlb etməsəydi, onu mükafatlandırmaq üçün yollar axtarmazdılar.

Görəsən, altı nominasiyada "Oskar"a namizəd olan bu film bu nominasiyalardan neçəsində qalib olacaq?

"Judas and the Black Messiah"

Bu filmdə rol alan bir yox, iki aktyor "ikinci dərəcəli aktyor" nominasiyasında namizəd göstərilib. "The New York Times" yazır ki, "Oskar" tarixində bundan böyük sürpriz olmamışdı. Söhbət Fred Hempton rolunun ifaçısı Deniel Kaluya və İuda obrazını canlandıran Lakit Stenfilddən gedir.

"Mank"

Devid Finçerin texniki baxımdan zəngin, Hollivudun tarixinə həsr edilmiş bu filmi düz 10 nominasiyada "Oskar" mükafatına namizəddir. Ancaq qəzetin təhlilində deyilir ki, böyük ehtimalla bu filmin ssenarisi onun "ən yaxşı film" nominasiyasında qalib olmasına imkan verməyəcək. "Özü də söhbət ssenarist haqda filmdən gedir!", – məqalədə deyilir.

Təhlildə daha sonra deyilir ki, "ən yaxşı film" nominasiyasında qələbə filmin ssenarisindən çox asılıdır. "Oskar" tarixində yalnız yeddi film "ən yaxşı ssenari" nominasiyasında namizəd olmadan "ən yaxşı film" nominasiyasının qalibi olub. Nisbətən yaxın dövrlərdə çəkilmiş filmlərdən "Titanic" və "The Sound of Music" filmlərini misal göstərmək olar.

"Minari"

Bu film düz altı nominasiyada, o cümlədən "ən yaxşı rejissor" və "ən yaxşı ssenari" nominasiyalarında namizəddir. Filmin iki "ən yaxşı aktyor" nominasiyasında namizəd olması da diqqətəlayiq faktdır. Çünki bundan əvvəl Asiya kollektivlərinin çəkdiyi, "Oskar" mükafatına layiq görülmüş filmlər ("Parasite" və "Crouching Tiger, Hidden Dragon") aktyorluq kateqoriyasında hər hansı nominasiyada namizəd olmamışdılar.

"Minari" artıq "ən yaxşı xarici film" nominasiyasında Qızıl Qlobus mükafatına layiq görülüb.

"Nomadland"

"Nomadland" də artıq bir neçə mükafata, o cümlədən Qızıl Qlobus mükafatına layiq görülüb. Bəs görəsən, Xloya Çjao "ən yaxşı rejissor" nominasiyasında qalib olan ilk rəngli dərili qadın olacaqmı? Təhlilin müəllifləri hesab edir ki, onun şansı çox böyükdür.

"Ən yaxşı film" nominasiyasına gəldikdə isə, burada məsələ bir qədər mürəkkəbdir. Bu qarışıq ildə seçicilər daha siyasi bir filmə üstünlük verə bilərlər. Ancaq büdcəsi 5 milyon dollardan az olan "Nomadland" qalib olarsa, bu nominasiyada "Oskar"a layiq görülmüş ən aşağı büdcəli filmlərdən biri olacaq. Onu da deyək ki, bu film bütün mükafat mövsümü ərzində əsas favorit olaraq qalıb və yerini heç kimə verməyib.

"Sound of Metal"

Toronto Beynəlxalq Film Festivalının "Oskar" mükafatına əsas namizədləri ortaya çıxarması nadir hadisə deyil. Riz Əhmədin 2019-cu ilin payızında ekranlara çıxmış bu dram filmi artıq bir neçə mükafata layiq görülüb. Karlıqdan əziyyət çəkən perkussiya ifaçısından söz açan bu film altı nominasiyada "Oskar" mükafatına namizəddir. Təhlilçilər onun ən yaxşı səs göstəricilərinə görə qalib olacağına çox inanırlar.

XS
SM
MD
LG