Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 23:26

'ABŞ Azərbaycandakı təsir vasitələrini itirə-itirə gəlib'


İ.Əliyev və C.Bayden
İ.Əliyev və C.Bayden

Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Tərəflərin açıqlamalarına görə, bu telefon söhbəti zamanı ikitərəfli əlaqələr, enerji layihələri, insan haqları, Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyət və bir sıra başqa məsələlər müzakirə edilib.

"Yaxşı fürsət"

K.Blinken Twitter-də Azərbaycan prezidenti ilə söhbəti "yaxşı fürsət" kimi dəyərləndirib. Bir sıra ekspertlər isə hesab edir ki, həmin telefon söhbətinin bəzi pərdəarxası məqamları da var.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə "Turan"a bildirib ki, diplomatik görüşlər və zənglər haqqında ənənəvi informasiyalardan fərqli, bu zənglə bağlı açıqlamalarda geniş məlumat yayılıb: "Faktiki toxunulan bütün məsələlər və tərəflərin mövqeləri işıqlandırıldı".

Deputat hesab edir ki, (Azərbaycana yardımı dayandıran) "907-ci düzəliş"in daha bir il müddətinə dayandırılması barədə məlumat diplomatik kanallarla da verilə bilərdi: "Amma birbaşa dövlət katibinin Azərbaycan prezidentinə zəngi Amerikanın Azərbaycanla münasibətlərə xüsusi diqqətindən irəli gəlir".

A.Mirzəzadə
A.Mirzəzadə

"Azərbaycan Türkiyəni müdafiə etdi"

A.Mirzəzadə sonra da deyib: "Aprelin 24-də ABŞ prezidentinin 1915-ci il hadisələrinə ermənilərin uydurduğu "genosid" qiymətini verməsi ABŞ ilə Türkiyə və onun müttəfiqləri arasında müəyyən soyuqluq yaradıb. Türkiyə bu ittihamı və saxta tarixi qəbul edə bilməz. Azərbaycan ilk olaraq Türkiyəni müdafiə etdi".

Onun vurğulamasına görə, prezident Əliyevin Ərdoğana zəngi, iki ölkənin parlament sədrləri, xarici işlər nazirləri səviyyəsində telefon danışıqları Azərbaycanın ABŞ-ın bu ittihamını qəbul etmədiyini və Türkiyə ilə birgə addımlar atılacağının mümkünlüyünü göstərdi.

Komitə üzvü deyib ki, ABŞ belə bir cavab gözləmirdi: "Ona görə də ABŞ rəsmiləri bir-birinin ardınca Türkiyə ilə dost, hərbi müttəfiq olduqlarını, Co Baydenin söylədiklərinin Türkiyəyə aid olmadığını bildiriblər".

"Azərbaycan sıradan bir ölkə deyil"

Deputat qeyd edib ki, ABŞ dövlət sistemində dövlət katibi faktiki üçüncü şəxsdir, onun prezident Əliyev ilə "907-ci düzəliş"i və digər məsələləri müzakirə etməsi Azərbaycanla münasibətlərdə hər hansı narahatlığın olmamasından irəli gəlir: "Çünki Azərbaycan sıradan bir ölkə deyil. O, Avropa dəyərlərini və dünya ilə sıx inteqrasiyanı reallıqda tətbiq edən, bir çox yeniliklərə imza atan və öz torpaqlarını işğaldan azad edən az sayda olan ölkələrdən biridir. Azərbaycanın Qoşulmama Hərəkatında, Şərqdə böyük nüfuzu var. Ona görə də Azərbaycanla münasibətlərin diqqətdə saxlandığını göstərmək lazım idi".

Ə.Oruclu
Ə.Oruclu

"Nikol Paşinyana zəngindən sonra..."

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, ABŞ Dövlət katibinin prezident İ.Əliyevə zəngi zaman baxımından təsadüfi seçilməyib: "Onun Nikol Paşinyana zəngindən sonra bu günlər ADA Universitetində keçirilən tədbirdə İlham Əliyev açıq şəkildə narazılığını ifadə etdi ki, ABŞ-ın yeni administrasiyası bir növ balansı qorumur, Ermənistanla əlaqə yaradır, amma Bakı ilə belə əlaqəyə can atmır. Düşünürəm ki, bunu Vaşinqtonda nəzərə aldılar".

Lakin ekspert düşünür ki, zəngin əsl səbəbi bu deyil: "Əslində Qarabağın dağlıq hissəsində yaranmış yeni geosiyasi və hərbi durumda Rusiya ilə Fransanın işbirliyinə girərək hansısa yeni bir planlar həyata keçirmək istəyi şübhəsiz ki, Vaşinqtonda narahatlıq, suallar doğurur".

Ə.Oruclu deyir ki, ABŞ bunu Ankara ilə də edə bilərdi: "Amma məlum qondarma erməni soyqırımının Co Bayden tərəfindən tanıması bu mənada Vaşinqtonun Ankaraya təsir imkanlarını xeyli məhdudlaşdırıb".

Politoloq qeyd edib ki, Vaşinqton, bir növ, Bakının könlünü almağa çalışıb: "Ona görə ki, mövcud vəziyyətdə bir tərəfdən Fransa-Rusiya cütlüyünün, o biri tərəfdən isə Ankara və İranın bölgəyə təsiri şəraitində Vaşinqton mövqeləri tam uduza bilər".

"Rusiyanın və Türkiyənin mövqeləri güclənib"

Ekspert vurğulayıb ki, "907-ci düzəliş" ilə bağlı olunan qeyd də əməkdaşlığın davam etdirilməsi istəyindən irəli gəlir. Ə.Oruclunun fikrincə, 2010-cu ildən başlayaraq ABŞ Azərbaycandakı təsir vasitələrini itirə-itirə gəlib: "Təbii ki, bunun qarşılığında da Rusiyanın və Türkiyənin mövqeləri güclənib. İndi Vaşinqton faktiki olaraq sıfıra yaxın bir nöqtədən başlamalıdır. Bunun üçün zaman, ciddi və düzgün konturları müəyyənləşmiş iş aparılması lazımdır".

O, sonda da deyib: "Fikrimcə, Azərbaycan-ABŞ əməkdaşlığı çox dərin inkişaf yolu tapmayacaq. Şübhəsiz ki, hərbi sahədə müəyyən mənada əməkdaşlıq olacaq, amma öz miqyasına görə bu əməkdaşlıq nə Ankara, nə də Rusiya ələ əməkdaşlıq qədər olacaq".

XS
SM
MD
LG